Siyasət

Məhbuslar niyə hüquqlarını bilmirlər?

27 Avqust, 2026
26

sosial media

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Umbakı Penitensiar Kompleksindən təqsirləndirilən şəxslərin və məhkumların hüquqi müdafiə imkanları ilə bağlı yazır.

Ramil Babayevin yazısını olduğu kimi təqdim edirik.

“Təqsirləndirilən şəxslər və məhkumlar hüquqi cəhətdən tam müdafiəsiz vəziyyətdədirlər. Bu şəxslər üçün dövlət hesabına təyin olunmuş vəkillər heç vaxt təcridxanaya gələrək bu şəxslərlə görüşmürlər. Səbəb budur ki, Vəkillər Kollegiyasının dövlət hesabına təyin etdiyi vəkillərə ödədiyi ödəniş yalnız məhkəməyə getmək üçün vəkilin taksi xərcini ödəməyə kifayət edir. Vəkil təcridxanaya da getmək istəsə, gərək nəqliyyat xərclərini öz hesabına ödəsin.

Digər tərəfdən, təqsirləndirilən şəxslər təcridxanalara daxil olarkən onlara nə hüquqları şifahi formada izah olunur, nə də hüquqlarını izah edən yazılı mətnlər verilir. Penitensiar müəssisələrin hüquqşünasları isə vəzifələrini yalnız şəxsi dinləyib vəziyyətlə bağlı bir-iki cümləlik səthi şərh verməkdə görür. Bakı İstintaq Təcridxanasında mən yalnız 10 günlük aclıq nəticəsində divarlara ombudsmanın və Penitensiar Xidmətin çağrı mərkəzlərinin nömrələrini asdırmağa nail oldum.

İbtidai istintaq orqanları və məhkəmələrlə bağlı vəziyyət də eynidir. Bu orqanlar effektiv hüquqi müdafiəni təmin etmək üçün təqsirləndirilən şəxslərə Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsindən və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarışları təqdim etməli olduğu halda, kiçik istisnalar çıxmaqla, demək olar ki, heç biri bu öhdəliyini icra etmir.

Nəticədə, əgər onunla eyni korpusda hansısa siyasi məhbus və yaxud da hüquqi təhsili olan başqa bir təqsirləndirilən şəxs yoxdursa, təqsirləndirilən şəxs məhkəməyə vəsatətlə müraciət edə bilmir, müvafiq qurumlara göndərmək üçün şikayət ərizələri yaza bilmir.

Nəticədə, məhbus ailələri yalan vədlərlə onları aldadan dələduzların qurbanı olur. Nəticədə, təqsirləndirilən şəxs polisin onun evinə daxil olmaq üçün məhkəmə qərarı təqdim etməli olduğundan, ifadə verməmək hüququndan, ifadə verərkən vəkilin iştirakını tələb etmək hüququndan və s. xəbərsiz olur. Əgər təqsirləndirilən şəxs əcnəbi vətəndaşdırsa, onun hüquq müdafiəsi ilə bağlı vəziyyət daha da acınacaqlı olacaq. Hüquq-mühafizə, məhkəmə və ədliyyə sistemləri özləri çoxsaylı hüquq pozuntularına yol verdikləri üçün vətəndaşların öz hüquqlarını bilməsində və bu hüquqlardan həmin qurumlara qarşı istifadə etməsində maraqlı deyillər”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ülviyyə Əli: “Mənə psixoloji və mənəvi işgəncə yaşatmaq niyyəti güdürlər”

27 Avqust 2026

sosial media

"Meydan TV işi" üzrə həbs olunan və Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Ülviyyə Əli (Quliyeva) təhlükəsizliyinin risk altında olduğunu bildirib. Yaxınlarının avqustun 27-də jurnalistə istinadən yaydığı məlumata görə, avqustun 22-dən Ü.Əli adam öldürməkdə ittiham olunan qadınla eyni kamerada saxlanılır. Yaxınları həmin qadının cinayəti affekt vəziyyətində törətdiyini dediyini, təcridxanada isə psixiatrik və ya psixoloji müayinədən keçirilib-keçirilmədiyi barədə onlara məlumat verilmədiyini bildirir. Ü.Əlinin anası məsələ ilə bağlı Ombudsman Aparatına müraciət etdiyini deyir. Onun sözlərinə görə, Penitensiar Xidmətlə də dəfələrlə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verilməyib. Anası Ü.Əlinin başqa kameraya köçürülməsi üçün təcridxana rəhbərliyinə müraciət etdiyini, lakin rəhbər şəxslərin məzuniyyətdə olduğu əsas...
Siyasət

Bəşir Süleymanlı: “Məhkəmə proseslərinin qərəzli şəkildə uzadıldığını düşünürəm”

26 Avqust 2026

sosial media

Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan direktoru Bəşir Süleymanlı ittiham olunduğu iş üzrə məhkəmə proseslərinin ləng aparılmasından və yaxınları ilə açıq görüş icazəsi verilməməsindən şikayət edir.  B.Süleymanlının yaxınlarının verdiyi məlumata görə, o, məhkəmə proseslərinin məqsədyönlü şəkildə uzadıldığını düşünür.  “Məhkəmə prosesini uzatmaqla məni faktiki qapalı həbsdə saxlamağa davam edirlər. Bir il yarımdır ki, qapalı şəraitdə qalmışam. Hesab edirəm ki, bunu qərəzli şəkildə edirlər. Odur ki, məhkəmə proseslərinin uzadılmasına etiraz edirəm və proseslərin tez keçirilməsini istəyirəm”, - o bildirib. B.Süleymanlının sonuncu məhkəmə prosesi iyulun 30-da keçirilib və növbəti proses oktyabrın 1-ə təyin olunub. Hüquq müdafiəçisi yaxınları ilə açıq görüş verilməməsindən də şikayətçidir. “Həbs...

Seçilmiş Videolar

Toplum TV loqo