Siyasət

Ülviyyə Əli: “Mənə psixoloji və mənəvi işgəncə yaşatmaq niyyəti güdürlər”

27 Avqust, 2026
7

sosial media

"Meydan TV işi" üzrə həbs olunan və Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Ülviyyə Əli (Quliyeva) təhlükəsizliyinin risk altında olduğunu bildirib.

Yaxınlarının avqustun 27-də jurnalistə istinadən yaydığı məlumata görə, avqustun 22-dən Ü.Əli adam öldürməkdə ittiham olunan qadınla eyni kamerada saxlanılır. Yaxınları həmin qadının cinayəti affekt vəziyyətində törətdiyini dediyini, təcridxanada isə psixiatrik və ya psixoloji müayinədən keçirilib-keçirilmədiyi barədə onlara məlumat verilmədiyini bildirir.

Ü.Əlinin anası məsələ ilə bağlı Ombudsman Aparatına müraciət etdiyini deyir. Onun sözlərinə görə, Penitensiar Xidmətlə də dəfələrlə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verilməyib.

Anası Ü.Əlinin başqa kameraya köçürülməsi üçün təcridxana rəhbərliyinə müraciət etdiyini, lakin rəhbər şəxslərin məzuniyyətdə olduğu əsas gətirilərək kameranın dəyişdirilmədiyini bildirir.

Ü.Əli isə ailəsi ilə telefon danışığı zamanı baş verənləri jurnalist fəaliyyəti və təcridxanadakı şəraitlə bağlı etirazları ilə əlaqələndirib.

“Mən bunu İqbal Əbilovla etdiyim müsahibəyə və Bakı İstintaq Təcridxanasında havalandırma sisteminin işləməməsi ilə bağlı etdiyim etiraza görə cəzalandırılmağımla əlaqələndirirəm. Ümumiyyətlə, həbsxanada yazdığım məqalələrə və etdiyim etirazlara görə qərəzli davranışlarla qarşılaşıram”, - o bildirib.

Ü.Əlinin sözlərinə görə, bir neçə ay əvvəl də onun kamerasına özünə xəsarət yetirən şəxs yerləşdirilib:
“Mənə psixoloji və mənəvi işgəncə yaşatmaq niyyəti güdürlər. Hazırda təhlükəsizliyim sual altındadır. Başıma gələcək hər şeyə görə hakimiyyət məsuliyyət daşıyır”.

Ü.Əlinin ailəsi onun təhlükəsizliyinin təmin edilməsini, mövcud risklərin qiymətləndirilməsini və təhlükəsiz şəraitdə saxlanılması üçün zəruri tədbirlərin görülməsini tələb edir.
Penitensiar Xidmət Ü.Quliyevanın ailəsinin səsləndirdiyi iddialara hələ münasibət bildirməyib.

Ülviyyə Əli barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

O, jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. 

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı, vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonrada “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Məhbuslar niyə hüquqlarını bilmirlər?

27 Avqust 2026

sosial media

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Umbakı Penitensiar Kompleksindən təqsirləndirilən şəxslərin və məhkumların hüquqi müdafiə imkanları ilə bağlı yazır. Ramil Babayevin yazısını olduğu kimi təqdim edirik. “Təqsirləndirilən şəxslər və məhkumlar hüquqi cəhətdən tam müdafiəsiz vəziyyətdədirlər. Bu şəxslər üçün dövlət hesabına təyin olunmuş vəkillər heç vaxt təcridxanaya gələrək bu şəxslərlə görüşmürlər. Səbəb budur ki, Vəkillər Kollegiyasının dövlət hesabına təyin etdiyi vəkillərə ödədiyi ödəniş yalnız məhkəməyə getmək üçün vəkilin taksi xərcini ödəməyə kifayət edir. Vəkil təcridxanaya da getmək istəsə, gərək nəqliyyat xərclərini öz hesabına ödəsin. Digər tərəfdən, təqsirləndirilən şəxslər...
Siyasət

Bəşir Süleymanlı: “Məhkəmə proseslərinin qərəzli şəkildə uzadıldığını düşünürəm”

26 Avqust 2026

sosial media

Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan direktoru Bəşir Süleymanlı ittiham olunduğu iş üzrə məhkəmə proseslərinin ləng aparılmasından və yaxınları ilə açıq görüş icazəsi verilməməsindən şikayət edir.  B.Süleymanlının yaxınlarının verdiyi məlumata görə, o, məhkəmə proseslərinin məqsədyönlü şəkildə uzadıldığını düşünür.  “Məhkəmə prosesini uzatmaqla məni faktiki qapalı həbsdə saxlamağa davam edirlər. Bir il yarımdır ki, qapalı şəraitdə qalmışam. Hesab edirəm ki, bunu qərəzli şəkildə edirlər. Odur ki, məhkəmə proseslərinin uzadılmasına etiraz edirəm və proseslərin tez keçirilməsini istəyirəm”, - o bildirib. B.Süleymanlının sonuncu məhkəmə prosesi iyulun 30-da keçirilib və növbəti proses oktyabrın 1-ə təyin olunub. Hüquq müdafiəçisi yaxınları ilə açıq görüş verilməməsindən də şikayətçidir. “Həbs...

Seçilmiş Videolar

Toplum TV loqo