Siyasət

OCCRP: Azərbaycan Belarusdan aldığı silahlarla erməni dronlarını məhv edib

28 Avqust, 2025
118

Foto: mod.gov.az

Azərbaycan Belarusdan aldığı havadan müdafiə sistemi ilə İkinci Qarabağ Müharibəsi zamanı erməni dronlarını məhv edib. 

Bu barədə Mütəşəkkil Cinayət və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) avqustun 26-da dərc etdiyi məlumatda bildirilir.

Xəbərə əsasən, Belarusun özəl silah istehsalçısı olan "Tetraedr" şirkəti Azərbaycanı zenit-raket sistemlərini modernləşdirməyə imkan verən avadanlıq və xidmətlərlə təmin edib. Bu məlumat OCCRP və tərəfdaşları – Ermənistanda "Hetq" saytı və mühacirətdə olan belaruslu jurnalistlərin yaratdığı "Buro Media" tərəfindən əldə edilən, şirkətə məxsus eksklüziv fayllarda öz əksini tapıb. 

"Tetraedr"in bir daxili hesabatında qeyd olunur ki, Azərbaycan tərəfindən alınan hava hücumundan müdafiə sistemi 44 günlük müharibə zamanı Ermənistan dronlarının məhv edilməsində “fəal şəkildə istifadə olunub”. Hesabatda şirkətin "Pechora-2TM" zenit-raket komplekslərinin 11 pilotsuz uçuş aparatını vurduğu göstərilir. 

Sızdırılmış sənədlər göstərir ki, "Tetraedr" ən az 16 müqavilə imzalayaraq Azərbaycanın ordusuna təchizat və dəstək göstərib. Bunlara 2017-ci ilin oktyabrında Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Belarusun paytaxtı Minskə səfəri zamanı imzalanmış, ümumi dəyəri 13 milyon dollardan artıq olan iki müqavilə daxildir. Bu müqavilələr "Pechora-2TM" sistemlərinin təmiri, texniki xidməti və dəstəyini əhatə edib. 

Bu müqavilələrin ən azı doqquzunda "Tetraedr"in birbaşa tərəfdaşı Azərbaycan Müdafiə Nazirliyi yox, Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş özəl vasitəçi şirkət — "N.P.O. Navigation Systems" olub.

OCCRP bildirir ki, vasitəçi şirkətlərdən istifadə beynəlxalq silah ticarətində adi hal sayılır və qanunsuz deyil. "Amma ekspertlər xəbərdarlıq edirlər ki, müqavilələrin ofşor şirkətlər üzərindən keçirilməsi korrupsiya riskini artırır", - xəbərdə deyilir. 

“Silah ticarətində nə qədər çox gizlilik və qeyri-şəffaflıq  mövcuddursa, korrupsiyalaşmış məmurların şəxsi qazanc əldə etmə imkanları da bir o qədər artır,” — Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun silah transferləri üzrə aparıcı tədqiqatçısı Piter Vezeman bildirib.

Britaniyanın Virgin adaları gizlilik yurisdiksiyası kimi tanınır və orada şirkətlərin sahibləri açıq şəkildə qeyd edilmir. Lakin OCCRP-nin daha əvvəl aşkar etdiyi "Pandora Papers" ofşor sənədləri "N.P.O. Navigation Systems" şirkətinin mülkiyyət tarixini qismən üzə çıxarır.

Məlumatlara görə, 2006–2020-ci illər arasında şirkətin sahibi başqa bir Britaniya Virgin adaları şirkəti — "Sotel Alliance Ltd." olub. Sənədlərdə yalnız 2016-cı ilin dekabrına aid benefisiar sahiblər göstərilir: azərbaycanlı iş adamları Fuad Seyidəliyev və Arif Rəhimov.

Seyidəliyev və Rəhimov hər ikisi Azərbaycan ordusu ilə işləyən, o cümlədən "Tetraedr" ilə birgə müəssisə yaradan "Azairtechservice" şirkətinin hüquqi nümayəndələri və yüksək vəzifəli rəhbərləri kimi fəaliyyət göstəriblər. (Şirkətin adı sonradan "Esis Technologies" olaraq dəyişdirilib.)

2020-ci ilin əvvəlində "N.P.O. Navigation Systems" üzərinə nəzarət, sənədlərdə Seyidəliyev və Rəhimovun etibarlı nümayəndəsi kimi təsvir edilən başqa bir şəxsə keçib. İki ay sonra isə şirkətin direktoru olmuş İsrail vətəndaşı David Sutovskiyə ötürülüb.

"N.P.O. Navigation Systems" OCCRP-nin şərh sorğusuna cavab verməyib. Rəhimov və Sutovski də eyni qaydada cavablandırmayıblar.

Ermənistan və Azərbaycan müdafiə nazirlikləri də OCCRP-nin suallarına cavab verməyib. 

İndiyədək Azərbaycanın 2020-ci ilin payızında baş tutan müharibədə Türkiyənin "Bayraktar" və İsrailin "Harop" dronlarından istifadə etdiyi məlum idi. 

Belarus prezidenti Aleksandr Lukaşenko daha öncə Azərbaycanın apardığı 44 günlük müharibəni "azadlıq müharibəsi" kimi qiymətləndirib, İlham Əliyevi tərifləyib. 

Buna cavab olaraq, Ermənistan baş naziri Nikol Paşinyan Lukaşenkonun hakimiyyətdə olduğu müddətdə Belarusa səfər etməyəcəyini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Mirzoyan: "Tramp marşrutu"na ABŞ nəzarət etməyəcək 

28 Avqust 2025

Foto: mfa.am

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirəcək "Tramp marşrutu"na ABŞ-nin nəzarət etməyəcəyini deyib.  Ermənistanın İctimai Televiziyasına danışan nazir Azərbaycanın "Zəngəzur dəhlizi" adlandırdığı yola məhz ölkəsinin nəzarət edəcəyini bildirib.  “Üçüncü tərəf bu hissəyə nəzarət etməyəcək. Bu, Ermənistan Respublikasının funksiyalarına aiddir. Bu məsələ mübahisələndirilmir və başqa heç bir razılaşma olmayıb", – Mirzoyan qeyd edib.   O, həmçinin, yolun keçəcəyi ərazinin 99 il müddətinə ABŞ-yə icarəyə verilməsi barədə deyilənlərin “hələlik reallıqla heç bir əlaqəsi" olmadığını deyib.  Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur. ...
Siyasət

Gürcüstan hökuməti 7 QHT-nin bank hesablarını dondurub 

28 Avqust 2025

Foto: açıq mənbə

Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun yeddi vətəndaş cəmiyyəti təşkilatının bank hesablarının dondurulması ilə bağlı vəsatətini təmin edib.  Baş Prokurorluq həmin təşkilatların hökumət əleyhinə davam edən etiraz aksiyalarının ilkin mərhələsində zorakılığın təşviqinə şərait yaratdıqlarını iddia edib. Hədəf alınanlar arasında Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED), Vətəndaş Cəmiyyəti Fondu, İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI), Sosial Ədalət Mərkəzi (SJC), Sapari, Gürcüstan Demokratik Təşəbbüsü (GDI) və Demokratiya Müdafiəçiləri qeyri-hökumət təşkilatları (QHT) var. Baş Prokurorluq bu cəza tədbirinin "təxribat, təxribat cəhdi və düşmən fəaliyyətinə kömək"  ittihamlarını əhatə edən daha geniş cinayət işinin tərkib hissəsi kimi tətbiq edilməsini tələb edib. İstintaq fevral ayında hökumətyönlü...

Seçilmiş Videolar

Toplum TV loqo