Rüfət Səfərov: “Milli sərvətlər hakim sinfin arasında bölüşdürülməli deyil”
şəxsi arxivi
Avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun apellyasiya şikayətinə baxılıb.
Müdafiə tərəfi prosesin qismən məhkəmə istintaqı ilə aparılması, həmçinin üç polis əməkdaşının şahid qismində məhkəməyə çağırılması barədə vəsatətlər qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin Rüfət Səfərov barəsində çıxardığı 8 il müddətinə azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.
Rüfət Səfərov külli miqdarda ziyan vurmaqla dələduzluq, qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda ittiham edilir. Hüquq müdafiəçisi ittihamları rədd edir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Rüfət Səfərovun Apellyasiya Məhkəməsindəki çıxışını təqdim edirik:
Azərbaycan hökumətinin siyasi əsiri olaraq inanıram ki, məruz qaldığım ittihamların saxtalığına şübhəniz yoxdur. Həm ibtidai, həm də məhkəmə istintaqı dövründə vəkillərim Elçin Sadıqov və Rövşanə Rəhimli yüksək peşəkarlıqla ittiham aktında göstərilən xüsusatları darmadağın etdilər. Son sözüm azad mediada, sosial şəbəkələrdə yayıldı. Mən 12 iyun 2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində söylədiyim son sözdə həbsimin gerçək səbəblərini detallarınadək bildirdim. Yüksək səslə nitq irad edib önə çəkdim: Müstəqil insan haqları fəalı qismində repressiv idarəçiliyə, bolşevik hüquq sistemi ilə səsləşən YAP hüquq sisteminə itaət etmədiyimə görə son 10 ildə 3 dəfə həbs edilib, işgəncələrə, qeyri-insani rəftarlara layiq görülmüşəm.
Mən əminəm ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Bakı Ağır Cinayətlər Məhkəməsinin hərəkətlərini təkrarlayacaq - Prezident Administrasiyasının direktivini icra edib, Cinayət və Cinayət-Prosessual məcəllələrinin tələblərini görməzdən gəlib, yüksək şövqlə totalitar Azərbaycan idarəçiliyinə qulluq edəcək.
Lakin mən cavab verdim ki, atamın-anamın tək oğluyam, ev, avtomobil, iş, karyera, geyim-keçim, pul, yeyib-içmək problemlərim olmayıb. Əksinə, kifayət qədər gənc yaşlarımda dövlət qulluğunda olmuşam, karyera pillələrində irəliləmişəm, əksər həmyaşıdlarımın sinov getdiyi prokurorluq orqanlarında çalışmışam. Fəqət günün birində qərar vermişəm ki, komfort həyat tərzinə “yox” deyib istefa verməliyəm, son dərəcə sərt idarəçiliyin tapdağı altında əzilən cəmiyyətin maraqlarına xidmət etməliyəm.
Mənim canımın dərdi aşağıdakılardan ibarətdir:
Milli sərvətlər hakim sinfin arasında bölüşdürülməli deyil. Tam əksinə, bütün vətəndaşlar bərabər şəkildə faydalanmalı, ictimai rifaha səy göstərilməlidir;
Qanunların ruhu məmurların siyasi iradələrinin şövqündə olmalıdır;
Korrupsiya, rüşvətxorluq hakimiyyət orqanlarının məşğuliyyəti olmalı deyil;
Azərbaycanlılar başqa cür düşündüyünə görə zülm altında inləməli deyil;
Dövlət idarəçiliyində dərəbəylik, özbaşınalıq öz yerini hüquq qaydasına verməlidir;
Normativ hüquqi aktlar eyni cür və dürüst icra olunmalıdır;
Ulu Tanrının vətənimizə, xalqımıza bəxş etdiyi təbii imkanların zəminində azərbaycanlıların sosial vəziyyəti bərbad yox, xoşbəxt olmalıdır;
Azərbaycanlılar hüquq dövlətində yaşamalı, hökumətdən, məmurlardan, polisdən, prokurordan, hakimdən, nazirdən, rəisdən qorxmamalıdır, etimad mühiti yaradılmalıdır;
Nəhayət, bizim diyarda insanın, hüququn dəyəri, ədalət, ədalət, yenə də ədalət olmalıdır.
Bax, mənim bir hüquqçu, insan haqları fəalı, ən əsası, ictimai məsuliyyətini dərk edən bir vətəndaş kimi canımın dərdləri bunlardır.
Belə müdhiş bir zəmanədə nə etməli?
Əksəriyyət ümidsizliyə qapılıb. Vəziyyət dözülməz, şərait dəhşətli, həyat məşəqqətli olsa da, tam ümidsizliyə əsas yoxdur.
Niyə?
Baxın, 21 il bundan əvvəl azad və tənqidi jurnalistikanın keşiyində olan “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu ağzından atıb susdurdular ki, başqalarına dərs olsun. Amma bu illər ərzində əsl qələm sahiblərini susdura bilmədilər. Yeni nəsil media mənsubları yetişdi. Cəsur və gənc jurnalistlərə baxıb deyə bilərik ki, bir Elmar öldürüldü, əvəzində onlarla Elmar doğuldu. Məcbur qalıb “Abzas Media”nın, “Toplum TV”nin, “Meydan TV”nin bütün heyətini həbsə salıb, uzun illərə məhkum etdilər. Lakin bu ağır şərtlər altında belə, hər üç media fəaliyyətini davam etdirir. Dayanmırlar!
7 il əvvəl hüquq müdafiəçisi Oqtay Gülalıyevi şikəst etdilər. O, yataq xəstəsidir, yarımcandır. Oqtay bəy əsrin cinayəti olan “Tərtər işi” üzrə cəsarətli araşdırmaların içində olduğuna görə qəsdə məruz qaldı.
Bununla həm də hakimiyyətin nəzarətindən kənar olan vətəndaş cəmiyyəti təmsilçilərinin, hüquq müdafiəçilərinin gözünün odunu almağa çalışdılar. Lakin Oqtay bəyin sağlamlığına qəsd edildikdən qısa müddət sonra dostlarımızla birlikdə repressiv hərəkatın önünə “Müdafiə Xətti” çəkdik. Qanuni iş və fəaliyyətimizə dözmədilər. Növbəti dəfə şərləyib həbs etdilər. Hakimiyyətin nəzarətində olan media təsisatları “Müdafiə Xətti” İnsan Haqları Təşkilatını az qala hakimiyyət çevrilişinə cəhddə ittiham etdilər. Hər nə qədər absurd və gülünc səslənsə də, yazdılar ki, “ABŞ prezidenti Bayden ‘Müdafiə Xətti’ni hakimiyyətə gətirmək istəyirmiş, Azərbaycan hökuməti bunu ifşa edib”. Belə ağır mühitdə istər ölkənin daxilində, istərsə də ölkənin xaricində fəaliyyət göstərən hüquq müdafiəçiləri davam edirlər. Vətəndaş cəmiyyətini tamamilə bitirmək Azərbaycan hökumətinə müyəssər olmayıb.
Hər zaman ümidvar olmuşam ki, buralarda Türkmənistan, ya da Şimali Koreya modelini tam şəkildə bərqərar etmək mümkün olmayacaq. Bəzən azadlıqları, bəzənsə həyatları bahasına mücadilə verən demokratiya tərəfdarları dünən də olub, bu gün də var, sabah da olacaq. Tez və ya gec, bu diyarda hüquq dövləti qurulacaq. Buna inanıram.
Nə isə ki, fikirlərimi ümumiləşdirib sizə qısa, lakin real bir hekayə nəql etmək istəyirəm. Hörmətli hakim Habil Məmmədov, demək, 9 il bundan əvvəl 9 saylı cəzaçəkmə müəssisəsinə yenicə etap olunmuşdum. Dustaqların arasında Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyev də vardı. Sabiq hakim qanunsuz və ədalətsiz hökmlər çıxarıb, təqsiri olmayan siyasi məhbusları uzun illərə məhkum etdikdən sonra hesab etmişdi ki, toxunulmazlıq qazanıb, nə hoqqa çıxarsa, cəzasız qalacaq. Lakin günün birində dələduzluqda ittiham edilib, 4 divar arasına salındı.
İxtisasca hüquqşünas olan dustağı digər dustaqlar sual yağışına tutur, öz işləri barədə məsləhət alırdılar. Günün birində dustaqlardan biri keçmiş hakimə yaxınlaşır, öz işi ilə bağlı danışır, ard-arda suallar verir. Keçmiş hakim dustaq yoldaşını uzun-uzadı dinlədikdən sonra deyir: “Bura bax, sənin işinə hansı məhkəmə, hansı hakim baxıb? Allah o hakimin evini yıxsın! Belə işə görə adam tutarlar?! Vicdansız!”
Dustaq sakit şəkildə cavablandırır: “Ay Həsən müəllim, yadınızdan çıxmışam deyəsən. Mənim işimə elə özünüz baxmısınız da...”
Keçmiş hakimin üzü qıpqırmızı olur. Əlavə heç nə demədən uzaqlaşır.
Habil müəllim, əlbəttə, mən sizə belə acı aqibət arzulamıram. Sizə və həmkarlarınıza müstəqil məhkəmə sisteminin hakimi olmağı diləyirəm. Ümid edirəm ki, müstəqil zəmində icraatınızda olan işlərə tam, obyektiv və hərtərəfli baxacaqsınız. Hələliksə gedin müşavirə otağına, Prezident Administrasiyasının sədrinizə verdiyi təlimata uyğun qərarı elan edin. Lakin biləsiniz, qeyd olunan subyektiv amillər sizi məsuliyyətdən, özü də hüquqi məsuliyyətdən azad etmir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib