Siyasət

Ülvi Həsənli: “Rəis həbsxanaya yeni gətirilən bəzi məhbusların lüt şəkillərini çəkdirib telefonunda saxlayır”

5 Noyabr, 2024
72

pravda

“Məhbuslar gecə yata bilmirlər ki, böcəklər ağızlarına, qulaqlarına girər”

Abzas Medianın Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan direktoru Ülvi Həsənli məhbusların məruz qaldıqları təzyiq və həbsxanadakı problemlərdən yazıb.

O, bir ilə yaxındır saxlanıldığı Bakı İstintaq Təcridxanasında bir sıra məhdudiyyətlər, təzyiq və hədələrin səbəblərini izah edir:

“Onlardan biri həbsxanada baş verən işgəncələri, qanunsuzluqları ictimailəşdirməyimizdir. Bakı İstintaq Təcridxanası (BİT) və Penitensiar Xidmət (PX) rəhbərliyi fikirləşir ki, həbsxanada gözümüzün qabağında sistemli işgəncə, qeyri-insani rəftar, korrupsiya, özbaşınalıq, seçki saxtakarlığı həyata keçirəcəklər, biz də hansısa səbəbdən bu cinayət əməllərindən danışmayacağıq. Problemləri işıqlandırdığımıza görə PX rəhbərliyi bizə qarşı növbəti ucuz təzyiq metodlarına əl atmağa başlayıb. Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və mənim ailə üzvlərimizlə görüşlərə maneələr yaradılır“.

 

“Hansı mənəvi keyfiyyətdə olmalısan ki, belə "mübarizə” üsullarına əl atasan?!”

Ülvi Həsənli həbs edildikləri ilk üç ay hamısına telefon və görüş qadağası qoyulmasından yazır: “Üç ay keçəndən sonra da qızlara 9-10 ay ərzində ailə üzvləri ilə açıq görüş verilmədi. Mənə isə 6 ay ərzində 1 yaşlı qızımla görüş imkanı verilmədi. Son 2-3 ay qızlara bir-iki açıq görüş verdilər. Sonra yenidən qadağan olundu. İndi isə şüşə maneə olan zalda telefonla görüşlərimizə xüsusi nəzarətçilər ayırırlar ki, yanımızda bizi izləsinlər. Qızımla 6 aydan sonra ayda bir dəfə görüşə icazə verdilər. Bu, 3-4 ay davam etdi. Suadın artıq 2 yaşı var və son bir il ərzində onu 4-5 dəfə görə bilmişəm. Sentyabr ayından görüşlərimizi yenidən qadağan ediblər. Qızımın böyüməyini, hərəkətlərini, emosiyalarını yalnız şəkillərdən görə bilirəm. Hansı mənəvi keyfiyyətdə olmalısan ki, belə "mübarizə” üsullarına əl atasan?! Bu, nə hüquqa, nə mənəviyyata, nə də əxlaqa sığır”.

“Penitensiar Xidmətin elə müəssisəsi yoxdur ki, məhbuslar oradakı işgəncələrdən fəryad etməsinlər”

O, ailə üzvləri ilə görüşdə isə Təranə Quliyeva adlı psixoloqun iştirak etdiyini bildirir. 

“Guya bu şəxs psixoloqdur. Həmin görüşə qədər 10 ay idi həbsdəydim, amma bir dəfə də psixoloq konsultasiyası görməmişdim. BİT-də yüzlərlə məhbus psixoloji problemlərdən əziyyət çəkir, amma heç kim psixoloq tapmır. Əvəzində bu “psixoloq” qadınların korpusunda onlara edilən işgəncələrin təlimatlarını verir. Biabırçılıq odur ki, işgəncələrdə adı keçən, canında psixoloqluqdan qram əlamət olmayan bu qadın qızımla görüşdə otuzdurulmuşdu. Təbii olaraq, 2 yaşlı uşaq da üzündə heç bir müsbət emosiya olmayan bu şəxsi görəndə ağlamağa başladı. Bu mayor məhbuslarla maraqlanmaq əvəzinə, psixoloji gərginlik yaradan bir mexanizmin vinti olub. Belə psixoloq olar?“.

Ülvi Həsənlinin yazdığına görə, xidmət rəisi Mirsaleh Seyidovla BİT rəisi Elnur İsmayılov işlərini kənara atıb jurnalistlərə, siyasi məhbuslara təzyiq göstərməyin, onları susdura bilməyin yeni üsullarını tapmaq üstündə baş sındırırlar: “Penitensiar Xidmətin, demək olar, elə müəssisəsi, həbsxanası yoxdur ki, məhbuslar oradakı işgəncələrdən fəryad etməsinlər. Bundan əvvəlki yazımda danışdığımız işgəncələr saxlanıldığım 8-ci korpusun 1-ci mərtəbəsində dayandırılıb, amma bu proses yanımızdakı 7-ci korpusun 1-ci mərtəbəsində əvvəlki templə davam edir”.

O, qadın korpusunda da işgəncələrin davam etdiyini, haqqını tələb edən məhbuslara mayor Təranə Quliyevanın işgəncələr üçün təqdimat verdiyini, əməliyyatçı, mayor Ədalət Qurbanovun isə icra etdiyini bildirir. 

 

“Məhbuslar gecə yata bilmirlər ki, böcəklər ağızlarına, qulaqlarına girər”

Jurnalist həbsxanalarda ikinci vacib problem kimi korrupsiya və rüşvətdən də yazaraq həbsxanaya gələr-gəlməz məhbuslardan pul alındığını iddia edir: “Dustağın üstü yoxlanan zaman onun nə qədər pulu olduğu bilinir və əhəmiyyətli hissəsi ondan məcburi şəkildə alınır. Sonra məhbus karantinə göndərilir. Qalan pul da orada “üstündə pul gəzdirmək olmaz” bəhanəsilə ələ keçirilir. Növbəti korrupsiya mənbəyi müəssisələrdəki karantinlərdir. Dustaqlar karantində günlərlə, həftələrlə qanunsuz olaraq saxlanılır. Oradakı şərait isə çətin, ağır və bərbaddır. Məhbusları anti-sanitariya və ağır şəraitdə saxlayırlar ki, onlar karantindən ya pul verib, ya da "yuxarıdan” kimlərəsə zəng etdirib çıxsınlar. BİT karantini o qədər pis gündədir ki, sağlam insan orada xəstəlik tapar. Natəmizlik, şəraitsizlik, havasızlıq. Məhbuslar gecə yata bilmirlər ki, böcəklər ağızlarına, qulaqlarına girər”.

 

“Hər gün onlarla məhbus ürək tutması ilə tibb məntəqəsinə aparılır”

Həsənlinin yazdığına görə, korrupsiyaya yol açan əsas səbəb xüsusilə orta və aşağı vəzifəli əməkdaşların 500-600 manat maaş alması, bunun müqabilində həftədə 50-60 saat işləmələridir.

Üçüncü problemin saxlanma şəraiti ilə bağlı olduğunu bildirən Ü.Həsənli  2500 nəfər üçün nəzərdə tutulan Bakı İstintaq Təcridxanasında təxminən 4 min məhbusun saxlanıldığını yazır.

Onun fikrincə, çox sayda şərlənən məhbusun olması həbsxanada sıxlıq yaradıb. Jurnalist dövlət büdcəsindən illik 140 milyon manat ayrılan təcridxanada havalandırma, isitmə-soyutma sistemlərinin, soyuducuların, su təchizatının vəziyyətinin pis olduğunu vurğulayır: “Su gündə iki dəfə bir saat verilir. İsti su isə həftədə yalnız bir dəfə 2-3 saat. Soyuducuların sayı az olduğuna görə, yayda məhbuslar çox əziyyət çəkirlər. Əlbəttə, kondisioneri olan “elit” məhbuslar istisnadır. Təcridxana yayda o qədər isti olur ki, gecələr yatmaq, gündüzlər nəfəs almaq mümkün olmur. Hər gün onlarla məhbus ürək tutması ilə tibb məntəqəsinə aparılır”.

Məhbus jurnalist dəfələrlə bununla bağlı Elnur İsmayılova müraciət etdiyini yazır: “Günün isti vaxtlarında kameranın nəfəsliyini açmasını istədim. O isə imkan vermədi. Bu, əlbəttə tək onun qərarı deyildi. Martın 13-də xidmət rəisi general Seyidovun tapşırığı ilə görüşə gələn Rövşən adlı polkovnik məni hədələməklə təcridxanadakı dözülməz istidən belə bizə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklərinin anonsunu vermişdi. Mənə dedi ki, xidmət rəisi barədə tərifnamə yazmasan, fəaliyyətini dayandırmasan filan təzyiqlərlə üz-üzə qalacaqsınız. Bunlara öyrədilmiş dustaq tərəfindən kəsici-deşici alətlə hədələnmək, yayda dəhşətli istilərlə üz-üzə qoyulmaq, kameranın nəfəsliyinin bağlı saxlanılması (əksər kamera) daxildir”.

 

“Rəis həbsxanaya yeni gətirilən bəzi məhbusların lüt şəkillərini çəkdirib telefonunda saxlayır”

Ü.Həsənli daha bir problemin üzərində dayanır: “Rəis Elnur İsmayılov həbsxanaya yeni gətirilən bəzi məhbusların lüt şəkillərini çəkdirib telefonunda saxlayır. Xüsusilə transgenderlərin. Bu, hansı fantaziyanın, hüququn, əxlaqın məhsuludur? Bu adam dövlət məmurudur. Aşağı vəzifədə də deyil. Polkovnikdir. 8 ildir ölkənin ən böyük həbsxanasını idarə edir. Həmin çılpaq şəkillərdən dustaqlara qarşı şantaj vasitəsi kimi də istifadə edir”.

Ü. Həsənli deyir ki, adətən bu şəxslər danışanda milli-mənəvi dəyərlərdən, məhbuslara müstəsna hörmətdən, kişi kimi mübarizə aparmaqdan danışırlar. O sual edir ki, qadın jurnalistlərə – Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımovanın ailələri ilə görüşünə məhdudiyyət qoymaq hansı milli dəyərə, hansı qanuna uyğundur? 

“2 yaşlı övladım üzərindən mənimlə mübarizə isə kişilik yox, nakişilikdir. Həqiqətən bu qərarları verən və icra edənlərin yerinə utanıram. Çünki onlar öz vəzifələrini yox, qanunsuz əmrləri, qərarları icra edir. Onlar bizə təzyiq göstərməklə susdura biləcəklərini düşünürlər. Təzyiq və hədələr davam etdikcə, əksinə, bizim şərə və pisliklərə nifrətimiz daha da artır”, Ülvi Həsənli həbsxanadan yazır.

Onun yazdıqlarına hələlik Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. 

“AbzasMedia işi” üzrə 7 nəfər həbs edilib: nəşrin direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və Fərid Mehralızadə. 

Onlar öncə qaçaqmalçılıq maddəsilə ittiham olunsalar da, sonradan ittihamlar ağırlaşdırılıb.

Bu iş üzrə saxlanılanlar ittihamları rədd edirlər, həbslərini hakim ailənin və məmurların biznesini araşdırmaları ilə izah edirlər.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Siyasi məhbus ailələri Tarix Əliyevin üzrünü tələb edirlər

16 İyun 2025

Foto: Sosial media

“Tarix Əliyevin siyasi məhbus ailələrini təhqir etməsi hakimiyyətin direktividir”  Siyasi məhbus kimi tanınan bir sıra jurnalist anaları ictimaiyyətə müraciət ünvanlayıb.  Müraciətdə televiziya aparıcısı, “Tolik” ləqəbi ilə tanınan Tarix Əliyevin bu yaxınlarda siyasi məhbus kimi tanınan şəxslərin ailə üzvlərini təhqir etməsinə toxunulub.  Bəyanatda bildirilir ki, “Tolik” Azərbaycan cəmiyyətində hakimiyyətin qeyri-rəsmi təbliğat simalarından biri kimi çıxış edir və iqtidarın mesajını televiziya üzərindən cəmiyyətə ötürür.  “Biz, cəmiyyətə bu qədər geniş çıxış imtiyazı ilə təmin olunan bu şəxsin siyasi məhbus ailələrinin ünvanına təhqirlər işlətməsini təsadüfi saymamaqla birlikdə, bu davranışı siyasi hakimiyyətin ona verdiyi direktivlərin tərkib hissəsi olaraq həyata keçirilmiş hücum kimi dəyərləndiririk. Bu səbəbdən,...
Siyasət

AXCP Daşkəsən şöbəsinin sədri həbs olunub

14 İyun 2025

Foto: Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Ruzi Bağırov iyunun 13-də 30 sutkalıq inzibati qaydada həbs olunub.  Bu barədə AXCP sədri Əli Kərimli "Facebook" səhifəsində xəbər verib.  Məlumata görə, Bağırov İnzibati Xətalar Məcəlləsinin polisə müqavimət göstərmək maddəsilə həbs olunub. AXCP Daşkəsən şöbəsinin keçmiş sədri Sahib Məmməzadənin ötən il narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilməsini xatırladan Kərimli bunu "ölkədə repressiyaların miqyasının genişlənməsi kimi" qiymətləndirib.  "Ölkəmizdə siyasi məhbusların sayının 375 nəfəri keçdiyi bir şəraitdə repressiyaları dayandırmağın tək bir yolu var. Rejimin rəqib siyasi düşərgədən hər bir qanunsuz həbsi ümumxalq qınağına məruz qalmalıdır. Xalqımız hər fürsətdə öz iradəsini ortaya...

Seçilmiş Videolar

Toplum TV loqo