Siyasət

Qərb Minsk Qrupunu aktivləşdirmək cəhdlərini artırır: Rusiya geri çəkiləcəkmi?  

8 İyun, 2021
1325

Açıq mənbələrdən götürülüb

“Putin Qarabağdakı dominant statusundan digər həmsədrlərin xeyrinə imtina etməyə hazırlaşmır və üzdə nə deməsindən asılı olmayaraq onları prosesdən bacardıqca uzaq saxlamağa çalışacaq”.  

Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı “Toplum TV”-yə açıqlamasında belə deyib.  

İyunun 8-də Fransa, Almaniya və Rusiya xarici işlər nazirləri telefonla Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət, 10 noyabr sazişinin müddəalarının icrası məsələlərini müzakirə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin bununla bağlı məlumatında bildirilir ki, müzakirədə Qarabağdakı atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və fikir ayrılıqlarının siyasi-diplomatik həllinə ehtiyac olduğu vurğulanıb. Sergey Lavrov beynəlxalq təşkilatların məsələyə istənilən formada qoşulmasının yalnız rəsmi Bakı və Yerevanın icazəsi ilə mümkün ola biləcəyini bildirib. 

İyunun 7-də isə Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsini Avropa Şurasının rəhbəri Şarl Mişellə müzakirə edib. Onlar Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020, 11 yanvar 2021-ci il tarixli bəyanatları və Qarabağdakı mövcud vəziyyət barədə danışıblar, “Şarl Mişel görülən işlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) xətti ilə aparılan fəaliyyətə dəstəyini ifadə edib” (“Report”).  

Qərb ölkələrinin prosesi Minsk Qrupu çərçivəsinə qaytarmaq cəhdləri uğurla nəticələnə bilərmi?  

Yadigar Sadıqlı deyir ki, bu, onların nə qədər israrlı olacaqlarından asılıdır: "Hələ ki Ukrayna, Krım məsələsi həm ABŞ, həm də Avropa üçün daha prioritet məsələ kimi görünür, əsas səylərini o istiqamətə yönəldirlər. Düşünürəm ki, prosesin Rusiyanın inhisarından çıxması Azərbaycanın da xeyrinədir və rəsmi Bakı buna çalışmalıdır”.  

Yadigar Sadıqlı - Sosial Media

Qarabağ məsələsində Rusiyanın dominant mövqedə olduğunu vurğulayan Y.Sadıqlı hesab edir ki, Putin bu statusdan digər həmsədrlərin xeyrinə imtina etməyə hazırlaşmır və üzdə nə deməsindən asılı olmayaraq onları prosesdən bacardıqca uzaq saxlamağa çalışacaq: “Bu isə o deməkdir ki, problem hələ bir müddət həll olmamış qalacaq, çünki onun həlli Rusiyanın maraqlarına uyğun deyil. Qarabağ Rusiya üçün hər iki Cənubi Qafqaz dövlətinə qarşı ən güclü silahdır, problemin həlli isə bu rıçağın itirilməsi deməkdir”.  

“Rusiya Türkiyəni bölgədən sıxışdırmaq istəyir”  

Politoloq Elxan Şahinoğlu Minsk Qrupunun prosesə qoşulmasını həm ABŞ-ın, həm Avropanın, həm də Rusiyanın istədiyini bildirir. Onun qənaətincə, həmsədrlər yenə də regiona gəlib-getmək istəyirlər, amma bunun artıq Azərbaycan üçün heç bir əhəmiyyəti qalmayıb. “Əgər status məzəsələsi müzakirə olunacaqsa, bu bizim maraqlarımıza uyğun deyil. Çünki Minsk Qrupu BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsini 30 il təmin etmədi. İndi bizə nə təklif edəcəklər? Bu istiqamətdə Azərbaycana müəyyən təzyiqlər ola bilər, amma bu bizi status məsələsini müzakirə etməyə vadar edə bilməz. Ümumiyyətlə, ara-sıra telefon danışıqları, görüşlər keçiriləcək, amma elə də böyük təsiri olacağını düşünmürəm”.

Elxan Şahinoğlu - Sosial Media


  
E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın Minsk Qrupunu prosesə qatmaq istəyi Putinin Türkiyəni bölgədə sıxışdırmaq arzusundan qaynaqlanır. Ancaq o həm də bu fikirdədir ki, Rusiya prezidenti Fransa və ABŞ-ın fəallaşmasının əleyhinədir. 
 
“Putin həmsədr institutunun Rusiyanın təsiri altında fəaliyyət göstərməsini istəyir. Fransa və ABŞ-ın buna razılıq verib-verməyəcəyi isə sual altındadır. Amma həmsədrlik məsələsi  arxada qaldı. Əlbəttə, biz Minsk Qrupundan tamamilə imtina etməyəcəyik, əks halda təzyiqlərlə üzləşə bilərik. Amma bu səfərlərin və açıqlamaların heç bir faydası olmayacaq”. Milli Məclisin deputatı Zahid Oruc belə deyir.  

O düşünür ki, Rusiya Qərbin Qafqazda aktiv mövqeyini heç vaxt həzm etməsə də, 1990-cı illərdəki zəif mövqeyi səbəbindən faktla barışmalı olub: “O vaxt Moskvanın gücü çatsaydı,  Fransa və ABŞ-ın burada mandat əldə etməsinə, proseslərdə iştirakına razı olmazdı. İndi isə Putin 1990-cı illərdən daha fərqli bir mövqe ortaya qoyub. O, tamamilə Ermənistanın mövqeyindən çıxış etmədiyini və Qafqazda balanslı siyasət seçdiyini göstərməyə çalışır. Yəni bölgə dövlətlərinə elə münasibət sərgiləyir ki, onlar Gürcüstan kimi NATO üzvlüyünə üstünlük verməsin, eyni zamanda, Ermənistandakı kimi xarici siyasət xaosu da yaşanmasın”.  

Zahid Oruc - Sosial Media

Deputat hesab edir ki, Rusiya regiona nə yeni sülhməramlıların gəlişini, nə də Minsk Qrupunun dirçəlişini məqbul sayır: 

“Bakı-Ankara-İrəvan-Moskva arasında aparılacaq danışıqlar regionun dizaynının formalaşmasında aparıcı rol oynayacaq. Türkiyə və Rusiya arasında anlaşmazlıqlar olduğu təqdirdə isə Qərb qüvvələri ustalıqla bundan faydalanmağa çalışacaqlar”.  
 
“Nəticədən danışmaq sadəlövhlükdür”  
 
Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq və yerli təşəbbüsləri yalançı cəhdlər hesab edir:  

Seymur Həzi - Sosial Media

“Konkret hadisələrə reaksiya vermək lazımdır. Azərbaycan ərazisində minalar basdırılır, partladılır və jurnalistər dinc fəaliyyətlərini həyata keçirərkən həlak olurlar. Azərbaycan hökumətinin bu məsələdəki mövqeyi və beynəlxalq birliklərlə işi adekvat deyil. Eyni zamanda, beynəlxalq aləmin də proseslərə reaksiyası ədalətli deyil. Bütün hallarda problemin qəti həllindən söhbət gedə bilməz və indiki məqamda hansısa nəticədən danışmaq sadəlövhlük olar”.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həyat yoldaşı: "Azər Qasımlının qaldığı 4 nəfərlik kamerada 6 nəfər saxlanılır, biri Hepatit C xəstəsidir"

11 May 2026

Sosial media

Həbsdə olan müxalif siyasətçi Azər Qasımlının saxlanıldığı Umbakı Pentensiar Kompleksində məhbusların saxlanma qaydalarının pozulduğu bildirilir.  Bu barədə onun həyat yoldaşı Samirə Qasımlı sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, A.Qasımlının saxlanıldığı kamera 4 nəfər üçün nəzərdə tutulsa da, kamerada 6 nəfər saxlanılır, onların biri isə "Hepatit C" xəstəliyindən əziyyət çəkir.  "Azər şəxsən müraciət etmişdi ki, bu adamın ayaqları şiş vəziyyətində (qanqrena əlamətləri) olduğu üçün təcili xəstəxanaya yerləşdirilməlidir və müalicə olunmalıdır. Bundan sonra xəstə məhbus Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldü. Lakin bir həftədən sonra, məhbusun dediyinə görə, baş həkimin xəbəri olmadan müalicəsi yarımçıq saxlanılaraq rəisin göstərişi ilə o, yenidən Umbakıya...
Siyasət

AP-də Azərbaycanla bağlı dinləmə: “Avropa Şurasına üzvlük Azərbaycana mətbuat azadlığını qoruma öhdəliyi yaradır”

8 May 2026

açıq mənbə

Mayın 7-də Avropa Parlamentinin İnsan hüquqları altkomitəsində Azərbaycanda insan hüquqlarına dair vəziyyətlə bağlı dinləmə keçirilib.  Dinləmədə çıxış edən hüquq müdafiəçisi Səməd Rəhimli Azərbaycanda siyasi müxalifətə qarşı yeni cinayət işlərinə nümunə olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin dövlət çevrilişinə cəhd ittihamı ilə həbsini və mühacirlərə qarşı hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə açılan cinayət işlərini göstərib.  "Azərbaycan hakimiyyəti Cinayət Məcəlləsini müxtəlif cür şərh etməklə qanunları siyasi müxalifətə qarşı öz əlində silaha çevirir. Jurnalistlərə qarşı isə maliyyə ilə bağlı cinayətlərlə əlaqəli ittihamlar irəli sürülür", - o qeyd edib.  Daha sonra çıxış edən "Qəzetçi" nəşrinin baş redaktoru Leyla Mustafayeva isə...

Seçilmiş Videolar

Toplum TV loqo