Sosial

Agentlik: "İşləməyənlər tibbi sığorta haqqı ödəməyəcək"

1 Aprel, 2021
4716

Açıq mənbələrdən götürülüb

Aprelin 1-dən Azərbaycanda icbari tibbi sığortanın üçüncü - sonuncu mərhələsinin tətbiqinə başlanılır. 

Bildirilir ki, Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa da daxil olmaqla, bütövlükdə ölkə ərazisi tibbi sığorta ilə əhatə olunacaq. 

“Tibbi sığorta haqqında” Qanuna əsasən, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1 yanvar 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır.

İcbari tibbi sığorta haqqı ödəməklə sığorta olunan "Xidmətlər zərfi" çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə istifadə edə bilir. 

Qanuna əsasən, digər şəxslər; heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər  2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. 

Hazırda bu şəxslər üzrə icbari tibbi sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət  Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov “Qafqazinfo”ya deyib ki, artıq ölkənin bir çox ərazilərində vətəndaşlar tibb müəssisələrinə müraciət etməklə, ödəniş etmədən bu xidmətlərdən istifadə edə bilirlər: “İcbari tibbi sığortanın tətbiq olunduğu keçən il ərzində xidmətlər zərfinə 2550-yə yaxın tibbi xidmət daxil idi. Bura stasionar şəraitdə aparılan bütün tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, stasionar şəraitdə dərman təminatı, təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti və bundan başqa, açıq və qapalı ürək əməliyyatları, kardioinvaziv müdaxilələr və sair kimi bahalı və qiyməti yüksək olan əməliyyatlar daxil idi. Bu ildən isə agentliyin hədəfi odur ki, bu tibbi xidmətlərin sayını və çeşidini artırsın. Bununla bağlı Nazirlər Kabinetinə öz təkliflərimizi təqdim etmişik. İcbari tibbi sığorta ölkə üzrə tam əhatə olunanda 3550-dən çox xidməti əhatə edəcək. Bu xidmətlər də dəyərindən asılı olmayaraq həyat üçün vacib olan, sağlam həyat sürmək üçün lazım olan tibbi xidmətlərdir”.

Vüqar Qurbanov - Sputnik

İTSDA-nın məlumatına görə, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. 

Eyni zamanda, "Xidmətlər zərfi"nə 1100-dən çox cərrahi əməliyyat salınıb. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları var. 

Vüqar Qurbanov bildirib ki, kompüter tomoqrafiyası xidmətləri də sığortaya daxildir: "Bilirsiniz ki, KT insan sağlamlığı üçün zərərlidir. Bu, ancaq həkim təyinatı əsasında həyata keçirilməlidir”. 

Onun sözlərinə görə, bəzi xidmətlər isə İTSDA tərəfindən təminata alınmır: "Bura polinklinik şəkildə dərman təminatı, stomatoloji xidmətlər, estetik-kosmetik əməliyyatlar daxildir". 

Qurumun rəsmi açıqlamasında isə deyilir ki, icbari tibbi sığorta təkcə dövlət deyil, agentliyin müqavilə bağladığı özəl klinikalara da aiddir: "Elə xidmətlər var ki, onları dövlət xəstəxanası verə bilmədiyi üçün özəl tibb müəssisələriylə müqavilələr imzalanır". 

Aynurə Əhmədova - Açıq mənbələrdən götürülüb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti Aynurə Əhmədova “Toplum TV”-yə açıqlamasında özəl klinikaların tam siyahısının təqdim olunmamasının səbəblərinə aydınlıq gətirib: “Siyahının tam şəkildə verilməməsinin səbəbi ehtiyaclara uyğun olaraq özəl klinikalarla müqavilələrin tez-tez yenilənməsidir. Şəxsə göndərilişin verildiyi dövlət tibb müəssisəsində klinikaların siyahısı təqdim olunur. Bunlardan bir neçəsinin adını qeyd edə bilərəm - Mərkəzi Klinika, Bakı Sağlamlıq Mərkəzi, Respublika Diaqnostika Mərkəzi, Azərbaycan Tibb Univeristeti Tədris Cərrahiyyə Klinikası və sairə. Onu da əlavə edim ki, xidmətlər zərfində olan, amma dövlət tibb müəssisəsində mövcud olmayan xidmətlər özəl tibb müəssisələrində verilir”.

Fərhad Mehdiyev - Sosial Media

Hüquqşünas Fərhad Mehdiyev isə deyir ki, qeyd olunan xidmətlərin necə tətbiq edilməsi önəmlidir: “Əslində, qərarın necə icra olunacağını gözləmək lazımdır, çünki kağızda yazılanlardan başqa təcrübədə bəzi sıxıntılar ortaya çıxa bilər. Daha əvvəllər pilot bölgələrdə tətbiq olunan tibbi xidmətlər zamanı həkimlər aldıqları məvacibdən narazılıq edirdilər. Digər tərəfdən, "Xidmətlər zərfi"ndə 2500-ə yaxın tibbi xidmət qeyd olunub ki, orada bəzi yayğın xəstəliklər yer almayıb. Məsələn, xərçəng xəstəliyinin müalicəsi, apendisit kimi geniş yayılmış bir sıra əməliyyat xidmətlərə daxil edilməyib. Amma qeyd olunan xidmətlər keyfiyyətli şəkildə göstərilsə, yenə də yaxşıdır. Ümid edək ki, bu sistem normal şəkildə işləyər və gələcəkdə digər xəstəliklər də hissə-hissə orada yer alar”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo