Sosial

Azərbaycan romalları pandemiya dövründə

4 Mart, 2021
2045

Toplum TV

“Özüm xəstəyəm, yoldaşım ölüb, uşaqlarımız da xəstə, iş yox, güc yox. Bir qarın yeyirik, bir qarın yemirik, çətindir. Bu il daha çətindir koronavirusa görə. Bir gün tapırıq, bir gün tapmırıq” – romal tayfasından olan, Yevlaxda yerli əhalinin “romallar məhəlləsi” dediyi ərazidə yaşayan yaşlı qadın belə söyləyir. 

O, nəvələri ilə səhər yeməyi yeyir, süfrədə bibər şorabası, pendir, çay, çörək var.

Toplum TV

Şəklinin və adının çəkilməsini istəmir deyə, arxasını kameraya çevirən müsahibim “Pandemiya dövründə hökumət sizə hər hansı yardım edirmi” sualına “Hökumətə qurban olum, edir, niyə etmir” deyir və çəkindiyi hiss olunur. 

Məhəllədə olduğumuz müddətdə öyrənirik ki, koronavirusla bağlı sərt karantin dövründə onlara burdan kənara çıxmağa, işləməyə icazə verilməyib. Məhəllənin girişində polis postu qurulub, hətta sakinlərlə polislər arasında toqquşma da olub - bəziləri polisə aparıldığını, zorakılıqla üzləşdiyini bildirir. Buna görə də indi çoxu susmağa üstünlük verir. 

Səhər saat 10 olsa da, heç yerə tələsməyən, əli cibində ağac kölgəsində, divar dibində dayanan gənclər  deyirlər ki, iş üçün çox yerə müraciət etsələr də, onlara müsbət cavab verilməyib. Bəziləri bunu təhsil almamaları, ixtisaslarının olmaması ilə izah edir.

Toplum TV

Media və İctimai Təşəbbüslər Mərkəzinin ekspertləri Bərdədə sosial qruplara zəruri dövlət dəstəyinin təminolunma durumunun diaqnostikası haqda hesabat hazırlayıblar. Bu zaman romallara dövlət dəstəyinin göstərilib-göstərilməməsi də öyrənilib. Araşdırmada iştirak edən Namaz Kərimov da onların çoxunun polis haqda suallardan yayındıqlarını bildirir: “Bir nəfər dedi ki, polisin bizimlə işi olmayıb. Amma “İşləməyimizə polis mane olurdu” deyənlər də vardı. Nədənsə bu haqda danışmaq istəmirdilər. Onlar ayrı-seçkilikdən narazıdırlar. Mən etibarlarını qazanmaq üçün bir qədər əziyyət çəkdim”. 

N.Kərimov onların dolanışıqlarının ağır olduğunu, çoxunun oxuyub-yaza bilmədiyini, hüquqlarından xəbərsiz olduğunu, bəzilərinin sənədinin olmadığını söyləyir.

“Araşdırma vaxtı çoxu deyirdi ki, 190 manat üçün müraciətlərinə “Sizə yardım düşmür” cavabı verilib, ancaq səbəbi izah edilməyib. Bu adamlar çox ağır şəraitdə yaşayırlar. Kişilərdən sadəcə 3-ü “qul bazarı”nda iş tapıbmış. Adi vaxtlarda bazarın, kafe-restoranların qabağında sədəqə toplayan qadınlarsa pandemiya dövründə qazancsız qalıblar - bu yerlər qapalı olduğu üçün”.

Namaz Kərimov hökumətin onlara hansı dəstəyi göstərməsilə maraqlandığını, ancaq mənfi cavab aldığını bildirir.

“Hökumət də bilir ki, Yevlaxda, Bərdədə romal məhəllələri var. Mən Bərdədə dövlətin onlara maddi yardım göstərib-göstərmədiyini, məhəlləyə həkim gəlib-göndərilmədiyini soruşurdum, “yox” deyirdilər”.

MİTM-in araşdırması zamanı rəyi öyrənilən 33 nəfərin 9-u romal olub. Məlum olub ki, 190 manatlıq müavinət üçün 23 nəfər müraciət edib, onlardan ancaq 10-na müsbət cavab verilib və bu şəxslərə 4 ay müavinət ödənib. 

“Müavinət alanların hamısı prosedurun şəffaf olduğunu qeyd edib, ala bilməyənlərin 7-si – yəni əksəriyyəti əksini deyib. 1 nəfər prosesin şəffaflığına inandığını bildirib, 4 nəfərsə “bilmirəm” cavabını seçib” – MTİM-in araşdırmasında belə deyilir. Həmçinin qeyd olunur ki, müavinət ala bilməyənlər “Müraciətlər onlayn formada olsa da, kompüterə müdaxilə edilir, özlərinə sərf edən adamların sənədlərini qaydaya salıb, onlara müavinət təyin edirlər” cavabını veriblər. 

Müavinət üçün müraciət etməyənlərdən (əksəriyyəti romallar olub) 3-ü “inamsızlıq”, 2-si “məlumatsızlıq”, 3-ü isə “bizə düşmür” yazaraq “digər” variantını seçiblər. 

Rəyi öyrənilən 33 nəfərdən 12-si işsiz kimi qeydiyyata düşdüyünü, 21-i isə buna cəhd etmədiyini bildirib. Bəziləri bunu inamsızlıqla əlaqələndirib. 

“Rəyi soruşulanlardan 21 nəfəri - hətta 190 manat müavinət alan ailələr də, - maliyyə qıtlığından gileylənib. 9 nəfər çətinlik çəkmədiyini deyib, onlardan 2-si həmişə kasıb yaşadığını və karantin faktının onlar üçün heç bir fərq yaratmadığını vurğulayıb, 2 nəfər sərbəst hərəkətin məhdudlaşdırıldığını, 1 nəfər isə hər şeyin çətinləşdiyini qeyd edib” – araşdırmada belə deyilir və qeyd olunurki, respondentlərdən 7-si  polisin sərbəst hərəkətə icazə vermədiyini qeyd edib. 

Yevlax rayon İcra Hakimiyyəti: “Romalların işləməsinə heç bir məhdudiyyət yoxdur”

Yevlax rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova romalların hərəkətinin məhdudlaşdırılmasını pandemiya ilə əlaqələndirir.


“Bilirsiniz ki, romallar dilənçiliklə məşğuldurlar. Sərt karantin dövründə heç kimi çölə buraxmırdılar, bütün əhalinin hərəkəti məhdudlaşdırılmışdı, yəqin yadınızdadır. Onların yaşadığı ərazidə infeksiya daha çox yayılmışdı, koronavirus xəstələri daha çox idi. O ailələrin hərəkəti məhdudlaşdırılmışdı, ayrı məhdudiyyət  olmayıb. Koronavirusa yoluxan bir ailəni ərzaq, çörək, hətta suyla da təmin edirdik”.

Elnarə Əzizovanın sözlərinə görə, pandemiya dövründə aztəminatlı ailələrə də yardım göstəriblər, bəzilərini işlə təmin ediblər: “Yevlaxın Kommunal Təsərrüfatı İdarəsində, Yaşıllaşdırma İdarəsində xeyli sayda romal işləyir. Onların başqa yerlərdə də işləmələrinə məhdudiyyət yoxdur”.

Nazirlik: “Kifayət qədər iş görülüb” 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbovsa Yevlax və Bərdədə yaşayan romallara konkret hansı yardımın göstərilməsi, işlə təmin edilib-edilməməsi haqda danışmır: “Mən həmin qrupla bağlı nəsə deyə bilməyəcəm. Konkret ad-soyad desəniz ki, bu vətəndaşımızın belə bir problemi var,   şikayət edib, ona rədd cavabı verilib və yaxud baxılmayıb, bunun üzrindən araşdırıb cavab verə bilərəm. Amma təxmini sözlərlə bağlı fikir bildirmək düz çıxmaz. 190 manat almaq və ya işsiz kimi qeydiyyatdan keçmək üçün məşğulluq orqanına müraciət edibsə, cavabı araşdıra bilərik”.

Fazil Talıbov - banker.az

Sualı başqa formada səsləndiririk - ekspertlərin təbirincə, “təhsilsiz, hüququnu bilməyən” bu kəsimə hökumət pandemiya dövründə öz təşəbbüsü ilə, yəni vətəndaş müraciət etmədən nə kimi dəstək göstərib? Fazil Talıbov ümumi cavab verir: “Aztəminatlı şəxslərlə bağlı kifayət qədər iş görülüb. Hətta məlumatsızların məlumatlandırılması üçün də mediada, sosial mediada kifayət qədər iş görülüb, yerli bölmələrdə nümayəndələrimiz ünvanlara gedib məlumatlandırıblar. Burda problem yoxdur”.

Nazirlik rəsmisi bildirir ki, işsizlərə və ya qeyri-rəsmi çalışanlara pandemiya dövründə 6 dəfə 190 manat pul ödənib, bu da ümumilikdə 450 milyon manat vəsait deməkdir.

Azərbaycanda sərt karantin dövründə işsiz qalan yalnız romallar deyil. MİTM-in eksperti Rövşən Ağayev “İşsziz əhalinin sosial müdafiəsi sahəsində siyasətin təşkilinin hüquqi-normativ və institusional bazasının analizi”ni edib. 

Rövşən Aöayev - Sosial Media

Araşdırmanın nəticəsinə görə, pandemiya Azərbaycanda işsizilərin sosial müdafiəsilə bağlı ciddi hüquqi və institusional problemlərin olduğunu üzə çıxarıb. 

“Ən ciddi problem sığortasız məşğulluğun miqyasının potensial işsizlərin sayından çox olmasıdır”. 

Ekspert deyir ki, nəinki Azərbaycanda, bütün dünyada qeyri-formal məşğulluq işsizlik üçün ən ciddi problemdir, çünki bu təbəqə müqaviləsiz və sığortasız çalışdığı üçün istənilən riskli və böhranlı şəraitdə sosial müdafiəsiz qalır.

“Qeyri-rəsmi məşğulluğun əhəmiyyətli bir hissəsi küçə ticarəti, evdə yaşlılara və uşaqlara baxım, mənzillərə xidmət (ustaların fəaliyyəti) və sairə kimi işləri əhatə edir. Pandemiya və sərt karantin rejiminin tətbiqi, izolyasiya tədbirləri insanların böyük əksəriyyətini bu tip xidmətlərdən imtina etməyə, küçə xidmətlərini məcburi qaydada təxirə salmağa məcbur edir. Belə şəraitdə gündəlik və təsadüfi qazanclarla özünün və ailəsinin fizoloji ehtiyaclarını qarşılayan qeyri-rəsmi çalışanların və özünəməşğul insanların dövlətin sosial dəstəyi olmadan keçinməsi imkansızdır”.

R.Ağayevin qənaətincə, Covid-19 pandemiyası hökumətlərin istənilən fövqəladə və gözlənilməz dövr üçün riskə həssas sosial müdafiə sistemi, eləcə də işsizlikdən müdafiə mexanizmləri qurmalı olduqlarını göstərdi. 

“İşsizlərin sosial müdafiəsinə yalnız sosial rifah siyasəti kimi deyil, bütövlükdə makroiqtisadi sabitləşdirici kimi yanaşmaq lazımdır. İnsanların çox az hissəsi işsizlik müavinətindən - bu sosial siyasət alətindən asılı olmaq istəyər. Əksinə, insanların çoxu layiqli əməkhaqqıyla münasib işdə çalışmağa üstünlük verir”. 

Rövşən Ağayev Dünya Bankının pandemiya dövründə müxtəlif ölkələrdə həyata keçirilən məşğulluq tədbirlərinə dair hazırladığı İcmalı xatırladır; deyir ki, 131 ölkədə qeydə alınmış 286 sosial müdafiə tədbirinin 82-si bilavasitə məşğulluqla bağlı olub. Ekspert ən geniş yayılan tədbirlərə

- işsizlik müavinətinin ödənmə müddətinin uzadılması; 

- qeyri-rəsmi çalışan, yaxud özünəməşğulluqla əhatə olunan və işsizlik sığortası ilə əhatə edilməyən isşzilərə maddi yardımlarına təyin edilməsi;

- isşziliklə üzləşən insanlara ərzaq yardımlarının göstərilməsi; 

- Covid-19 virusuna yoluxaraq işləmək imkanını itirən insanların bütün zəruri tibbi dəstəklə təmin edilməsi; 

- iş yerlərinin bağlanmaması üçün işəgötürənlərə subsidiyaların verilməsi;

- pensiyaya çıxmasına 6 ayadək qalan və pandemiya ilə əlaqədar işini itiən şəxslərin erkən pensiya hüququ qazanması;

- işsizlik sığortası ilə əhatə olunan əmək qabiliyyətli şəxslər üçün sığorta stajı tələbinin müvəqqəti olaraq təxirə salınması və s. daxil olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Yağış sığorta şirkətlərinə 1 milyon manata başa gəlir

18 Aprel 2025

açıq mənbədən götürülüb

Aprelin 15 və 16-da baş verən kəskin yağıntıya görə 800-ə yaxın sığorta hadisəsi qeydə alınıb. Onların ümumi zərər məbləğinin 1 milyon manatı ötəcəyi ehtimal edilir. Bu barədə "Azərbaycan Sığortaçılar Assosasiyası" (ASA) İctimai Birliyi Report.az-a məlumat verib. Qurum bildirib ki, yağıntıya görə sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib. Baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 512-si avtomobil, 157-si daşınmaz əmlak sahiblərinə aiddir. Bundan başqa 77 nəfər “Kasko” sığorta növü, 21 nəfər isə yanğın və və digər risklərdən sığorta növünə görə şirkətlərə müraciət edib. 294 hadisə üzrə ehtimal olunan zərər...
Sosial

İmişlidə etiraza görə saxlanılan 14 nəfərin həbs müddəti artırılıb

7 Aprel 2025

sosial media

Bu il yanvarın 18-də İmişlidə Dövlət Yol Polis əməkdaşının törətdiyi və 3 məktəblinin ölümünə səbəb olan qəzadan sonra barəsində  saxlanılan 14 nəfərin həbs müddəti uzadılıb. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb. İmişli rayon Məhkəməsinin qərarı ilə həmin şəxslərin həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılıb. Yanvarın 18-də İmişlidə baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu.  Yüksək sürətlə hərəkət edən Dövlət Yol Polisi avtomobili yolun səkisində olan üç azyaşlının ölümünə, daha bir neçə nəfərin ağır yaralanmasına səbəb olmuşdu. Rayon sakinləri etirazlara görə saxlanılanların sayının 100-dən çox olduğunu, onların bəzilərinin ağır işgəncələrə məruz qaldıqlarını, bəzilərinin...

Seçilmiş Videolar

Toplum TV loqo