Sosial

“Bu, onun sonuncu etirazı idi”

10 May, 2022
3513

açıq mənbədən götürülüb

“Yasda anası danışırdı ki, bir gün əvvəl köynək üstündə mübahisə düşüb. Fərqli köynək geymək istəyən uşaq valideynlərinə itaətsizlik göstərib, atası da onu döymüşdü. Sonrakı gün kimsə evdə olmayanda o da intihar etmişdi”.

İlknur Bağırova (ad şərti) illər əvvəl qonşuluqda intihar etmiş 7-ci sinif şagirdi haqqında danışarkən belə deyir: “Dərslərini yaxşı oxuyurdu, idmana gedirdi, danışanda bilirdin ki, gələcəyi parlaqdır. Daha əvvəl də ailəsi onu paltar üstündə cəzalandırır, qapını kilidləyib harasa gedirdi. Biz düşünməzdik ki, o acığa düşüb özünə nəsə edər. Görünür, bu onun sonuncu etirazı idi”.

Son günlər sosial mediada uşaq intiharları ilə bağlı xəbərlər gündəmdədir. Hətta onlar arasında yaşı 8 olanlar da var.

“Ən son həddində polis orqanlarına məlumat verilir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci ildə verdiyi açıqlamaya görə, yetkinlik yaşına çatmayan şəxslər arasında 37 özünü öldürmə, 28 özünü öldürməyə cəhd qeydə alınıb. Son iki ilin statistikası hələlik məlum deyil.

Komitənin Mətbuat Xidmətinin rəhbəri Teymur Əliyevin sözlərinə görə, uşaqlara qarşı zorakılıq faktlarının aşkar edilməsində hələ də müəyyən çətinliklər mövcuddur: “Əfsus ki, heç də hər zaman faktla əlaqədar aidiyyəti orqanlara müraciət edilmir və hadisə bu səbəbdən qeydə alınmır, sosial, hüquqi, psixoloji tədbirlər görülmür. Bir çox hallarda məişət zorakılığı halları ilə bağlı müraciət etmə mexanizmi barədə vətəndaşlarda məlumatsızlığın olması bu halların gizli qalmasına və həll edilməməsinə səbəb olur”.

Onun sözlərinə görə, ailədə baş verən zorakılıq haqqında polis orqanlarına ən son həddə məlumat verilir.

“Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir. Bu isə öz növbəsində intihar hallarının, ailə-məişət zorakılığının qurbanlarının sayının artması ilə nəticələnir”, - Teymur Əliyev belə deyir.

4 aya 1700 zəng

“Azərbaycan Uşaq Qaynar Xətti”-nə 2022-ci ildə aprel ayı da daxil olmaqla 1700 zəng daxil olub. Ümumilikdə isə indiyə qədər onların xidmətindən təxminən 58 min uşaq yararlanıb.

Xidmətin Koordinatoru Aynur Məmmədova “Toplum TV”yə açıqlmasında belə deyir.

Onun sözlərinə görə, daha çox Bakı olmaqla, bütün bölgələrdən uşaqlar qaynar xəttə zəng vururlar: “İndi imtahan ərəfəsidir, 9-11-ci siniflər buraxılış və qəbul imtahanlarına hazırlaşırlar. Bu dönəmdə uşaqlar həyəcanlı, stresli olurlar. Bəzən bizə müraciət edəndə “Nə deyirimsə anam, atam qarşı çıxır, məni eşitmək istəmir” deyirlər. Bu da onu göstərir ki, onlar ailədaxili ünsiyyətdə çətinlik yaşayırlar. Bizə dostu, ailə üzvləri ilə problemlərini bölüşə bilməyən uşaqlar müraciət edirlər”.

Uşaqlar niyə intihar edirlər?

Psixoloq Xanım Quliyevanın sözlərinə görə, problemləri həll edə bilməyəcəyimizə dair inam formalaşdıqda yaxud da bundan sonra ola biləcək hadisələrin dözülməzliyi düşüncəsi intiharı qaçılmaz edir: “Uşaqlar dünyanı qarışıq, anlaşılmaz yer olaraq dərk etdikdə yaşamaq onlar üçün çətinləşir. Bəzən də özünü öldürmək fikiri uşaqlar üçün öyrənilmiş davranış biçiminə çevrilir. Yəni onlar bunu kütləvi informasiya vasitələrindən, yaxud da kiminsə təzyiqindən öyrənmiş ola bilər”.

Psixoloq uşaq intiharlarının daha çox qorxudan baş verdiyini qeyd edir: “Uşaq etdiyi hərəkətin, davranışın cəzasından qorxur. Uşaqlar dünyanı daha düz məntiqlə dərk etdiyi üçün öhdəsindən gələ bilməyəcəyi bir şey olduqda onlara çətin olur, anlaşılmazlıq yaşayanda ölərinə qəsdə meyl edirlər”.

Psixoloq deyir ki, problemin nə qədər böyük olmasından daha çox, həmin şəxsin bunu nə qədər ağır qəbul etməsi situasiyanı çıxılmaz edir: “Hər yaşda intihar nümunələrini görə bilirik. Şəxs yaş dövrünün, həyat tərzinin çətinliklərinin öhdəsindən gələ bilmədikdə belə qərara gəlir. 8 yaşlı uşaqla 50 yaşlı birinin çəkdiyi iztirablar bərabər ola bilər. Çünki uşaq da öz yaşındakı problemləri həll edə bilmir, 50 yaşlı biri də”.

“Azərbaycan Uşaq Qaynar Xətti”ndən verilən məlumata görə, intiharın azyaşlılar arasında yayılmasının səbəbi onların vaxtından əvvəl internetdəki zərərli oyunlardan istifadə etməsidir: “Uşaqlar erkən yaşlardan oyuncaqları kənara atıb, daha çox telefonla vaxt keçirirlər. Bəzən də valideynlər öz işlərini rahat görmək üçün telefonu uşağa verir ki, başı qarışsın, səsi çıxmasın. Bu da onların zərərli informasiya və internet oyunları ilə qarşılaşmasına gətirib çıxarır. Əgər bir valideyn gün ərzində 10 dəqiqə belə uşağa vaxt ayırıb “Günün necə keçdi, özünü necə hiss edirsən?”,- deyə soruşmursa o zaman ailə bağları zəifləməyə başlayacaq və uşaq müxtəlif oyunlar və zərərli vasitələrlə özü də bilmədən öz ehtiyaclarını qarşılayacaq”.

Onun sözlərinə görə, ata-ana zorakı üsullarla deyil, birbaşa ünsiyyət və xaricdən nəzarətlə valideyn-övlad münasibətlərini düzgün istiqamətdə bərpa edə bilər.

Əgər bir uşaq özünü çox səssiz, gərgin, narahat aparırsa...

X.Quliyeva deyir ki, bəzən də valideyn laqeydliyi, zorakılığı azyaşlının özünə qapanmasına səbəb olur: “Əgər bir uşaq özünü çox səssiz, gərgin, narahat aparırsa, insanlarla ünsiyyətdən qaçırsa yaxud da tam əksinə problemlə qarşılaşanda emosional vəziyyəti dəyişmirsə, bu, siqnaldır”.

Psixoloqun qənaətincə, uşaq adətən valideynini səhvlərini tutan və buna görə onu tənqid edib, cəzalandıran biri kimi görür.

“Belə insanlara etdiyi səhvi demək, yaxud öz düşüncə və duyğunlarını paylaşmaq mənasız gəlir. Bu halda çarəsiz qalan uşaq intihar düşüncəsinə qapılır. Əslində, biz onlara “sənə bir şey olsa mən neyniyərəm” kimi sözlər deməməliyik. Belə sözlər zərərli ola bilər”.

Xanım Quliyeva hesab edir ki, uşaq həyatının özünə aid olduğunu, böyüyərək, kəşf edərək nələrsə qazana biləcəyini dərk etdikdə, valideynlərinin onlara dəstək ola biləcəyini hiss etdikdə intihardan kənar olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo