Sosial

“Mətbuat intiharı epidemiya kimi yayır”

12 May, 2022
2965

açıq mənbədən götürülüb

Son günlər mediada intihar xəbərləri gündəmdədir.

Bir çox ekspertlər fikirləşir ki, mediada yayılan intihar xəbərləri yoluxdurucu effekt yaradır. Hətta Deputat Jalə Əhmədova ötən il intiharların baş vermə səbəbləri içində mətbuatın da rol oynadığını bildirmişdi.

"Gənc Verterin iztirabları” – intihar dalğası

Psixoloq Fuad Əsədovun sözlərinə görə, media insanların psixologiyasına aktiv şəkildə təsir göstərir. Bu tendensiya intihar mövzusunda daha aydın görünür.

“Psixologiyada bunun adı var – “Verter fenomeni”. Alman yazıçısı Hötenin "Gənc Verterin iztirabları" kitabında baş obraz Verter əsərin sonunda intihar edir. Bu kitab çıxdıqdan sonra ölkədə intiharların sayında nəzərə çarpacaq artım müşahidə olunmuşdu. Eyni vəziyyət Türkiyədə "Bu akşam ölürüm" mahnısından sonra da yaranmışdır. Bu baxımdan, bəli, medianın təsiri ilə intiharların sayı arta bilir”.

Haşiyə: "Verter fenomeni"nin izahını amerikalı sosioloq Devid Filips verib. Onun tədqiqatlarına görə, intihar hallarının epidemiya kimi yayılmasında mətbuat əlahiddə rol oynayır.  

Fuad Əsədov - açıq mənbədən götürülüb

“İntihar xəbərlərini oxuyandan sonra insanlarda elə fikir yaranır ki…”

Fuad Əsədov deyir ki, bu gün sosial şəbəkələrdə intihar videoları və xəbərləri trend kimi tirajlanır. Bu tip paylaşımlar da yeniyetmələr və erkən gənclik dövrü keçirən insanlara xüsusilə təsir edə bilir. Psixoloqun dediyinə görə, insanların beynində intihar çıxış yolu, onu incidənlərdən qisas üsulu, bəzən də qəhrəmanca bir hərəkət kimi görünür.

“İntihar xəbərlərini paylaşarkən özünəqəsdin yanlış bir seçim olduğunu vurğulamaq lazımdır. Hətta televiziyalarda, saytlarda və internet portallarında peşəkar psixoloji proqramlar, ya da köşələr olsa çox yaxşı olar. Cəmiyyətin psixoloji maariflənməyə ehtiyacı var”.

Psixoloq Fərqanə Mehmanqızı da "Toplumsal" verilişindəki çıxışı zamanı mediada intihar xəbərlərinin yayılmasına qarşı olduğunu bildirib. Onun dediyinə görə, mediada intihar xəbərləri şüuraltına təlqindir və unudulmuş fikirləri təzədən oyadır:

“İntihar xəbərlərini oxuyandan sonra insanlarda elə fikir yaranır ki, ölüm can qurtarandır, ölənin canı qurtulur. İntihar xəbərləri psixohəssas və təlqinə meyilli insanlara mütləq mənfi təsir göstərir. Onsuz da biz Şərq cəmiyyətiyik, emosionalıq və təlqinə meyilliliyimiz var”.

Fərqanə Mehmanqızı - Toplum Tv

ÜST məsləhət verir: intihar xəbərlərində nələr olmaz?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "İntiharların qarşısının alınması: media mütəxəssisləri üçün resurs" (“Preventing suicide: a resource for media professionals”) adlı məqaləsində mediada intihar xəbərlərinin dərc olunması ilə bağlı məsləhətlər var.

1. İntihar mövzuları manşetə qoyulmamalıdır. Bu tip mövzular davamlı təkrarlanmamalıdır.

2. İntiharın detalları barədə xəbərdə danışılmamalıdır. Əgər intihar üsulu təfərrüatıyla izah edilərsə, həm insanları istiqamətləndirmiş olar, həm də oxşar hadisələrdə yaxınlarını itirənlər üçün travma yarada bilər.

3. İntihar xəbərlərini sensassiyaya çevirmək və ya əksinə, onu normallaşdırmaq olmaz.

4. Jurnalist intihara görə məsuliyyət daşıyan cinayətkar yaratmamalıdır.

5. Şəxsin harda intihar etməsilə bağlı detallı məlumat verməkdən çəkinmək lazımdır

6. İntiharla əlaqəli foto və videolardan, sosial media linklərindən istifadə etmək olmaz və s.

Bəs Azərbaycan mediası bu tələblərə nə qədər riayət edir?

“Bakıda ŞOK OLAY: özünü polis bölməsindən yerə atdı”, “Azərbaycanda dəhşətli İNTİHAR: kişi boğazını kəsdi”, “Rayon sakini ailəsinə ŞOK YAŞATDI: Özünü asdı” ,- bunlar “Lent.az”da dərc olunan intihar xəbərlərinin başlıqlarıdır.

“Lənkəranda 21 yaşlı oğlan özünü tövlədə asdı”, Azərbaycanda intihar etmiş 8 yaşlı şagirdə gələn QORXUNC MESAJ: “Bu axşam səni öldürəcəyəm”, “45 yaşlı kişi qazı açıq qoyub yatdı - Dəhşətli intihar” - bu xəbər başlıqları isə digər tanınmış media orqanına məxsusdur.

"Lent.az" saytının kriminalistika şöbəsinin müxbiri Mehman Nəbiyev belə izah verir ki, rəsmi qurumlar da intihar vasitələrini açıq şəkildə yayır. Yəni saytda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin açıqlamalarından kənar heç nə yazılmır.

"Hər dəfə danışılır ki, mediada intihar xəbələri tez-tez getməməlidir, bulaşıcılıq effekti yaradır. Lakin yaşlı nəsil jurnalistlər hesab edirlər ki, intihar xəbərlərinin mediada azaldılması o qədər də effektiv deyil. Bizim xəbərləri bu başlıqlarla verməyimiz xüsusi məqsəd daşımır", - M. Nəbiyev belə açıqlama verir.

“İntihar hadisəsi çox ciddi sosial səbəbdən baş verməyibsə, onu xəbərə çevirməyə ehtiyac yoxdur”

Media eksperti Ələsgər Məmmədli bildirir ki, media xəbər dəyəri olan hər şeyi işıqlandıra bilər. Lakin intihar hadisələrinin yoluxucu effekti olduğu üçün özünəqəsdin təsvirini yox, onun neqativ effektlərini önə çəkmək lazımdır.

"2003-cü il Mətbuat Şurasının qəbul etdiyi etik davranış qaydaları da var. Bu qaydalarda bildirilir ki, intihar hadisələri yoluxucu olduğu üçün buna dair informasiyalarda hadisənin özünü yox, onun mənfi təsirlərini qabartmaq lazımdır. Bütün araşdırmalar göstərir ki, intihar xəbərlərinin təsvirini verdikdən sonra ona bənzər hadisələr artır".

Ələsgər Məmmədli - açıq mənbədən götürülüb

Ekspertin fikrincə, intihar hadisəsi çox ciddi sosial səbəbdən baş verməyibsə, onu xəbərə çevirməyə ehtiyac yoxdur.

"Ötən il ölkədə 60 minə yaxın ölüm qeydə alınıb, günə ortalama hesabla 170 ölüm düşür. Amma 169 ölüm hadisəsi qıraqda qalır, 1 intihar hadisəsi önə çıxır. Başqa bir misal, hər il avtomobil qəzasında ölənlərin sayı intihar edərək ölənlərdən azı 20 dəfə çoxdur. Amma qəza adi, intihar müzakirə olunan məsələdir. Əgər intihar hadisəsi çox ciddi sosial səbəbdən baş veribsə, onu xəbərə çevirmək lazımdır. Bizim bəzi saytlar xəbərləri çox oxunsun deyə intiharın çılpaq təsvirlərini verirlər. O gün 17 yaşlı qız intihar etdi, 2 gün sonra başqa intihar xəbəri gəldi. Niyə? Çünki o xəbər çox tirajlandı. Bundan sonra da azı 10 dənə intihar xəbəri gələcək".

“"Şok", "Dəhşətli" kimi ifadələr etik baxımdan yolverilməzdir”

Ekspert məsələnin hüquqi tərəfindən də bəhs edir. O bildirir ki, Yeni media haqqında qanunun 14-cü maddəsinə görə, mediada məzmuna, kontentə verilən tələblər baxımından, hadisələrin təsvirində təşviqedici metodlardan istifadə etmək olmaz.

"Lent.az" redaktorunun açıqlamasına gəlincə, Ələsgər Məmmədli söyləyir ki, hər redaksiyanın öz siyasəti olmalıdır. Ekspert bildirir ki, redaksiyaların məlumatın məzmununu saxlamaq öhdəliyi olmalıdır, onu olduğu kimi təqdim etmək yox.

"Jurnalistlərin daxil olan məlumatı dəyişmədən dərc etmək kimi bir öhdəlikləri yoxdur, xüsusilə, o məlumatlar peşə etikası baxımından mübahisəlidirsə. "Şok", "Dəhşətli" kimi dərəcələndirən, şirnikləndirən ifadələr isə etik baxımdan yolverilməzdir. Saytların bu tip xəbər başlıqlarından istifadə etməsi intihara təşviqdir".

Baş Prokurorluğun məlumatına görə, bu ilin 15 martınadək ölkədə 102 intihar faktı qeydə alınıb. Ötən ildə bu rəqəm 612 olub.

 

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

“Naxçıvan TV” əməkdaşları: “Bu qədər laqeyd münasibət görməmişik, etiraz aksiyasına hazırlaşırıq”

17 İyun 2026

Azərtac

Naxçıvan Dövlət Televiziyasının bir qrup əməkdaşı maaşların azaldılması, əmək hüquqlarının pozulması və idarədəki vəziyyətlə bağlı narazılıqlarını ifadə edərək, Naxçıvan Ali Məclisinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını bildiriblər. Əməkdaşlar bununla bağlı “Gündəlik Naxçıvan” vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, işçilər əmək haqqları aşağıdır və bu, müntəzəm narazılığa səbəb olur. “Naxçıvan Televiziyasının tarixində bəlkə də heç bir dövrdə əməkdaşlara qarşı bu qədər laqeyd münasibət müşahidə olunmayıb. Hazırda bir çox əməkdaş 450-500 manat əməkhaqqı ilə fəaliyyət göstərir. Onsuz da ağır olan sosial vəziyyət fonunda əməkdaşların qanuni hüquqlarının məhdudlaşdırılması kollektivdə narazılığı daha da artırır”, - müraciətdə bildirilir. Əməkdaşlar əsas problemlərdən biri kimi...
Sosial

Azərbaycan məhbus sayında Avropanın ikincisidir: alternativ cəzalar niyə işləmir?

15 İyun 2026

Açıq mənbə

Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropa ölkələri sırasında ikincidir.  Bu, Avropa Şurasının 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatında öz əksini tapıb.  Hesabatda bildirilir ki, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan yalnız hər yüz min nəfərə 458 məhbusun düşdüyü Türkiyədən geri qalır. Azərbaycan həbsxanalarında hər 100 yerə isə 98 məhbus düşür. Azərbaycan bu göstərici ilə Avropa ölkələri sırasında 17-ci yerdədir. Vəkil Fariz Namazlı “Toplum TV” - yə deyir ki, bunun birinci səbəbi həbs cəzasına üstünlük verən cəza siyasətidir. “2025-ci ilin əvvəlində Azərbaycanda 27,673 məhbus olub. Bu, hər...

Seçilmiş Videolar

Toplum TV loqo