Sosial

Azərbaycan məzunlarının əmək bazarı böhranı: Ali təhsilli işsizlər niyə artır?

15 May, 2026
256

Açıq mənbə

Son illərdə Azərbaycanda ali təhsilli gənclərin sayı artsa da, onların əmək bazarında iş tapmaq imkanları hələ də məhdud olaraq qalır. Universiteti bitirən məzunlar müxtəlif çətinliklərlə qarşılaşır, aylarla, bəzən isə illərlə uyğun iş axtarmalı olurlar. İşə qəbul prosesində ya iş təcrübəsi tələb edilir, ya da təklif olunan maaş yaşayış xərclərini qarşılamır. Nəticədə seçim daralır: ya ixtisasdan kənar işləmək, ya da ölkəni tərk etmək.

Adının açıqlanmasını istəməyən müsahib “Toplum TV”-yə bildirir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsini bitirib və hazırda xəstəxanalardan birində qeydiyyatçı vəzifəsində çalışır.

O, 400 manat məvacib aldığını və  əslində su idarəsində işləməli olduğunu deyir: “Azərsu”ya müraciət etdikdə hazırda vakansiyanın olmadığını bildirdilər. Həmçinin qeyd etdilər ki, əgər nazirlikdə qohumun və ya tanışın varsa, yaxud müəyyən məbləğdə ödəniş edə bilərsənsə, problem yoxdur, həll edə bilərik. Necə olursa, onda vakansiya açılır”.

Digər müsahib isə bildirir ki, ixtisası üzrə dövlət müəssisəsində işləmək üçün “tanış” və ya külli miqdarda pul tələb olunması əsas çətinlikdir:

“Hər ikisi olmadığı üçün öz ixtisasım üzrə işləyə bilmirəm. Digər çətinlik isə Bakıda deyil, Sumqayıtda yaşamağımdır. Yaşadığım şəhərdə əmək istismarı çoxdur, maaşlar isə minimum əməkhaqqından da aşağıdır. Buna görə bir müddət Bakıda işləyib hər gün Bakı-Sumqayıt arasında gedib-gəlməli olmuşam”.

Müsahibimiz bildirir ki, ödənişli və ödənişsiz təcrübə proqramları olsa da, işsiz gənc və məzunların sayı çox olduğundan bu imkanlar məhdud qalır. Onun sözlərinə görə, tanıdığı bir çox gənc marketlərdə kassir və satıcı kimi işləməyə məcbur olur. Dövlət qulluğuna hazırlaşmaq istəsə də, ikinci mərhələdə şəxsi əlaqələrin rol oynadığını, əks halda namizədlərin ehtiyatda saxlanıldığını deyir.

O əlavə edir ki, qiymətlər artsa da, maaşlarda eyni artım müşahidə olunmur: “600-700 manat maaş alsam da, bunu rəsmi olaraq 350-400 manat göstərirlər ki, əlavə vergi ödəməsinlər. Nəticədə pensiya fonduna yığılan vəsaitim də azalır.”

Universiteti yeni bitirmiş və adının açıqlanmasını istəməyən gənclərdən biri isə bildirir ki, iş tapmaq imkanı olsa da, təklif olunan maaş onu qane etmədiyi üçün hələ də işsizdir. O, hazırda alternativ olaraq xaricdə təhsil almaq və işləmək imkanlarını nəzərdən keçirdiyini, ölkə daxilində gənclər üçün kifayət qədər alternativ olmadığını düşünür.

2018-ci ildən etibarən yayımlanan “Məzunların məşğulluq reytinqi”nə əsasən, ali məktəb məzunları daha çox mağaza satıcısı, kassir və ofisiant kimi xidmət sahələrində çalışırlar. 2018–2022-ci illəri əhatə edən məlumatların təhlili də bu fikri təsdiqləyir:

Bakı Dövlət Universitetinin keçmiş müəllimi və tədqiqatçı Araz Əliyev “Toplum TV”-yə bildirir ki, Azərbaycanda çox danışılmayan problemlərdən biri akademik inflyasiyadır. Onun sözlərinə görə, ali təhsil alanların sayı artdıqca diplomların əmək bazarındakı dəyəri azalır və universitet diplomu artıq işə qəbul üçün kifayət etmir.

Onun fikrincə, ali təhsilin əlçatan olması müsbət haldır, lakin xidmət sektorundakı bir çox işi peşə məktəbi və ya orta təhsil məzunları da rahatlıqla icra edə bilərlər.

“Ali məktəb məzunlarının sayı artdıqca həmin şəxslər iş tapa bilməyəndə marketlərdə satıcı, kassir, nəzarətçi, kuryer kimi işlərə yönəlirlər. Məsələn, marketdə satıcı işi üçün iki nəfər müraciət edir: biri orta məktəb məzunu, digəri ali təhsilli. Təbii ki, işəgötürən ali təhsilli şəxsi seçir. Bu isə nəticədə ali təhsilli şəxslərin satıcı, kuryer və digər sahələrə yönəlməsinə, eyni zamanda orta təhsilli insanların əmək bazarından kənarda qalmasına səbəb olur. Çünki ali təhsilli şəxslər bu işləri götürdükdə həmin sahələrdə işləməli olan orta təhsilli şəxslər işsiz qalır”, - deyə o bildirib.

A.Əliyevə görə, digər problem əmək bazarının bu qədər ali təhsilli məzunu işlə təmin edəcək səviyyədə inkişaf etməməsidir.

“Son 5 ildə yeni açılan iş yerlərinin sayı təxminən 9-12 min arasında dəyişir. Amma həmin iş yerlərinin nə qədəri ali təhsilli məzunlar üçündür? Baxanda görürük ki, xüsusilə 2020-ci ildən sonra Qarabağdakı tikinti işləri ilə əlaqədar yaradılan ümumi iş yerlərinin 50 faizdən çoxu tikinti sektoruna aiddir. Son illərin statistikasına görə, ali məktəbi bitirən məzunların təxminən 50 faizi humanitar sahələr üzrə təhsil alıb. Yəni məzunların yarısı humanitar sahələri bitirir, amma yaradılan iş yerlərinin böyük hissəsi tikinti sektorundadır. Bu isə o deməkdir ki, tarix və ya digər humanitar ixtisası bitirən bir tələbə gedib tikintidə işləməlidir”, - deyə o bildirib.

Onun sözlərinə görə, əsas problemlərdən biri yeni iş yerlərinin kifayət qədər yaradılmaması və təhsil alanların sayı əmək bazarının tələbatından daha yüksək olmasıdır:

“Ali təhsilli şəxslərin sayı həddindən artıq çoxdur, amma bazardakı tələb azdır. Nəticədə çox sayda məzun ya işsiz qalır, ya ölkəni tərk edir, ya da öz ixtisasına uyğun olmayan işlərdə çalışır. Eyni zamanda ali təhsilli, hətta bir neçə diplomu olan fəhlələr ortaya çıxır. Halbuki fəhlə işləmək üçün ali təhsil diplomuna ehtiyac yoxdur”, - deyə ekspert bildirib.

Mövzu ilə bağlı “Toplum TV”-yə danışan iqtisadçı Rövşən Ağayev bildirib ki, gənclərin işsizlik problemi uzun müddətdir hökumət daxilində də müzakirə olunur və məsələyə ilk növbədə iqtisadiyyatın tələbləri prizmasından baxmaq lazımdır.

“Universitetin hazırladığı kadra tələbatı iqtisadiyyat formalaşdırır. Yəni iqtisadiyyat nə sifariş verirsə, universitet də onu hazırlayır. Universitetlərin keyfiyyətinin aşağı olması ilə razıyam. Amma bütün problemləri universitetlərin üzərinə yıxmaq olmaz. İqtisadiyyat nə gündədirsə, universitetlərin səviyyəsi də odur”, - deyə o qeyd edib.

İqtisadçının sözlərinə görə, universitet təhsilinin keyfiyyəti də birbaşa iqtisadiyyatın vəziyyəti ilə bağlıdır:

“Məsələn, yüksək texnologiyalı, yüksək ixtisas tələb edən rəqabətli iş yerləri varsa, universitetlər də həmin tələbə cavab vermək üçün çalışacaq. İşçi qüvvəsi də bazardır, əmək bazarında tələb-təklif prinsipi işləyir. Necə ki insanlar may ayında göy alça və ya ərik istəyirlər, istehsalçılar da onu yetişdirib bazara çıxarırlar. Çünki bazar bunu tələb edir. Universitetlər də iqtisadiyyatın yüksək ixtisaslı və texnoloji biliklərə malik işçi qüvvəsinə ehtiyac duyduğunu görsələr, həmin istiqamətdə inkişaf etməyə çalışacaq. Məsələn müəllim kadrlara ehtiyacları olsa, bu halda universitetlər xaricdən müəllim dəvət edə, müəllimlərini xaricdə təhsil almağa göndərə və yeni imkanlar yarada bilər ”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo