Sosial

Qeyri-rəsmi çalışanlar və işsiz statusu ala bilməyənlər tibbi sığortanı özləri ödəyəcək

25 Oktyabr, 2025
903

Foto: açıq mənbədən götürülüb

Neft-qaz gəlirlərinin azalması fonunda Azərbaycan hökuməti əhalini “kəmərsıxma” siyasətinə alışdırmaq üçün sosial sahələrdə yeni məhdudiyyətlərə hazırlaşır. 

Yeni plan tibbi sığorta ilə bağlı imtiyazların azaldılmasını nəzərdə tutur.

Mediada yayılan məlumatlara görə, “Tibbi sığorta haqqında” Qanuna təklif edilən və yaxın zamanda qəbul ediləcəyi gözlənilən dəyişikliklərə əsasən, iki kateqoriyadan olan vətəndaşlar tibbi sığorta haqlarını artıq özləri ödəməli olacaqlar.

Bura həm əmək müqaviləsi olmadan qeyri-rəsmi çalışan, həm də işsiz statusu ala bilməyən, lakin faktiki olaraq gəlirsiz yaşayan şəxslər daxildir. 

Ekspertlərin fikrincə, bu qrupa həm də “evdar qadın” kimi statistikada göstərilən, amma əslində işsiz olan minlərlə insan əlavə ediləcək.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, rəsmi işi olmayan şəxslərin tibbi sığortası üçün dövlət büdcəsindən adambaşına illik 90 manat ayrılır. 

Son illərdə İcbari Tibbi Sığorta Agentliyinə ayrılan təxminən 1,5 milyard manatlıq transfertin mühüm hissəsi məhz bu məqsədə yönəldilib.

Yeni dəyişikliklər qüvvəyə minərsə, 2026-cı ildən etibarən sığorta üçün tələb olunan illik məbləğ 192 manat olacaq, vətəndaşlar isə bu məbləği öz ciblərindən ödəməli olacaqlar.

Müstəqil iqtisadçılar hesab edirlər ki, bu təklif sosial baxımdan yolverilməzdir. 

Onların fikrincə, Azərbaycanda qeyri-rəsmi məşğulluğun miqyası 2,2-2,5 milyon nəfər civarındadır. Əlavə olaraq, işsiz, lakin “evdar qadın” kimi qeydə alınan təxminən 700 min nəfər də nəzərə alındıqda, 3 milyona yaxın insanın sığortasız qalması real görünür.

Qanunvericiliyə görə, əmək və mülki müqavilə bağlamadan çalışan, fərdi sahibkar kimi qeydiyyata alınmayan və bələdiyyədə uçota düşməyən ailə təsərrüfatı üzvləri qeyri-formal məşğul əhali hesab olunur.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, ürək cərrahı Rəşad Mahmudov hesab edir ki, İcbari Tibbi Sığorta Fondunun maliyyə müstəqilliyinə keçidi vacibdir. Onun sözlərinə görə, sığortanın maliyyələşdirilməsində dövlətlə yanaşı, işəgötürənlər və iqtisadi fəal vətəndaşlar da iştirak etməlidir. 

Deputat düşünür ki, bu mexanizm qeyri-formal məşğulluğun azaldılmasına kömək edəcək.

Lakin ekspertlər bu yanaşma ilə razılaşmır. Onların fikrincə, qeyri-rəsmi işləmək əksər hallarda işçilərin yox, işəgötürənlərin seçimidir. İş tapmağın çətin olduğu şəraitdə ailəsini güclə dolandıran vətəndaş sahibkara şərt qoya bilmir.

Bundan başqa, ekspertlər bildirirlər ki, “qeyri-formal məşğul” kimi təqdim edilən insanların böyük hissəsi əslində işsizdir. Hökumət işsizliyin real miqyasını gizlətmək və müavinət öhdəliklərindən yayınmaq üçün onları bu kateqoriyaya daxil edir.

 

Nəticədə, işsizlik müavinətindən məhrum edilən on minlərlə insan indi də tibbi sığorta haqqını ödəməyə məcbur olacaq - bu isə sosial bərabərsizliyi daha da dərinləşdirəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo