Sosial

Təhsil nazirinin repetitorlarla bağlı açıqlaması birmənalı qarşılanmır

4 İyun, 2022
2495

Açıq mənbələrdən götürülüb

Nazirin açıqlamasına valideynlərin, müəllimlərin reaksiyası

“Mən atasız üç uşaq böyüdürəm, oğlum balacadı, amma qızlarımı nə olur, olsun oxutmaq istəyirəm. Birini yar-yarımçıq 3 fəndən hazırlığa qoydum, kollecə girdi. İndi ikinci qızımın da oxumağa həvəsi var, qəşəng şəkillər çəkir, deyir ki, rəssam olacam. Amma mənim onu hazırlığa qoymağa imkanım çatmır”.

Məcburiyyət, yoxsa seçim?

Təhsil naziri Emin Əmrullayev mayın 31-də "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib ki, valideynlərin övladlarını repetitor yanına qoyması təhsilin keyfiyyəti ilə bağlı deyil.

“Aparılan təhlillər onu göstərir ki, bu, bir çox hallarda işləyən valideynlərin günortadan sonra övladlarını harada saxlaması ilə bağlı olan ciddi tələbdən irəli gəlir. Dünyanın hər yerində məktəbdən sonrakı saatların hansı formada tənzimlənməsi ilə bağlı mənfəətli biznes sahələri qurulur",- deyə nazir bildirib.

Nazirliyin ötən il yaydığı açıqlamada da valideynlərin övladlarını repetitor yanına qoymalarının məcburiyyət yox, seçim olduğu deyilirdi. Eləcə də hər bir təhsil müəssisəsində dövlət tərəfindən təsdiqlənən standartlar əsasında tədrisin təşkilinin təmin edildiyi vurğulanırdı.

“Məktəbdə yaxşı dərs keçsələr, uşaqları niyə hazırlığa qoyum ki?”

“Mən atasız üç uşaq böyüdürəm, oğlum balacadı, amma qızlarımı nə olur, olsun oxutmaq istəyirəm. Birini yar-yarımçıq 3 fəndən hazırlığa qoydum, kollecə girdi. İndi ikinci qızımın da oxumağa həvəsi var, qəşəng şəkillər çəkir, deyir ki, rəssam olacam. Amma mənim onu hazırlığa qoymağa imkanım çatmır”, - Göygöl sakini Tünzalə Hüseynova belə söyləyir.

Nazirliyin yanaşması ilə razılaşmayan ana deyir ki, məktəbdə yaxşı dərs keçirilmədiyi üçün uşaqlarını repetitor yanına göndərməyə məcburdur.

“Məktəbdə yaxşı dərs keçsələr, uşaqları niyə hazırlığa qoyum ki? 400 manat sosial yardım alıram, yeməyə xərcləyərəm də o pulu. Amma mən istəmirəm ki, uşaqlarım da özüm kimi savadsız olub, əziyyət çəksinlər”.

Tünzalə Hüseynova müəllimlərin məktəbə davamlı gəlmədiklərini, gələndə də uşaqların hazırlığa getdiyinə arxayın olub dərs keçmədiklərini söyləyir.  

“Böyük qızın ingilis dili müəllimi həm məktəbdə, həm də evdə dərs keçir. Amma evdə öyrətdiyi şeyləri məktəbdə öyrətmir. Niyə? Həm də hazırlıq kursuna getmək elə bil dəbə minib. Müəllimlər uşaqları dərsdən tez buraxırlar ki, hazırlığa getsinlər. Sinifdə hazırlığa getməyənlərə də imkansız ailələrin uşağı kimi baxırlar”.

Buna da bax: Valideynlər övladlarını niyə repetitor yanına göndərir? - Sorğu 

Repetitor: “Məktəblərdə çatışmazlıq çoxdur”

4 ildir repetitorluq fəaliyyəti göstərən Sitarə Müzəffər hesab edir ki, problemin kökündə  maddi səbəblər dayanır, maaşı az olan müəllimlər uşaqları hazırlığa cəlb etməklə daha çox qazanmaq istəyirlər.

O, eyni zamanda məktəblərdə çatışmazlıqların çoxluğuna diqqət çəkir.

“Azərbaycan məktəblərinin 80 faizində ingilis dilində dinləmə aparatları yoxdur. Amma şagird 9-cu sinifdə buraxılış imtahanından “listening” etməlidir, bunu təcrübə etməmiş bir uşaq imtahandan necə keçsin? Vaxt sistemi də düzgün qurulmayıb. Sinifdə uşaq sayı çox olur, dərs müddəti 45 dəqiqədir. 45 dəqiqədə müəllim həm jurnal yazmalı, həm yeni dərsi izah etməli, həm də dərsi soruşmalıdır”.

S. Müzəffər tarix fənnindən hazırlıq keçir. Dediyinə görə, hələ 8-ci sinifdən yanına hazırlığa gələnlər var.

“10-11-ci sinifdən uşaqlar tarixdən hazırlığa gəlirlər, baxıram ki, baza yoxdur, heç nə bilmirlər. Çünki uşaqların hamısı rahatdır, ilboyu oxumurlar, düşünürlər ki, hazırlıqda öyrənəcəm də”.

Ekspert: “Repetitorlar uşaqları hazırlaşdırırlar, onlar yüksək bal toplayırlar, bu da məktəblərin uğuru kimi təqdim olunur”

Təhsil eksperti Elşən Qafarov da abituriyentlərin repetitor yanına getmədən universitetə daxil ola bilmədiklərini deyir.

“Heç kəs pulundan və övladının sağlamlığından bezməyib ki, aya 200 manat verib, dərsdən sonra 7-8 saat uşaqları repetitor yanına göndərsin. Təhsil Nazirliyinin nümayəndələri həmişə bu tip açıqlamalar veriblər. Təhsili idarə edənlər həmişə kölgə təhsilin arxasında gizləniblər, repetitorlar, kurslar uşaqları hazırlaşdırırlar, onlar yüksək bal toplayırlar, bu da məktəblərin uğuru kimi təqdim olunub”.

Elşən Qafarov - axar.az

Ekspertin fikrincə, təhsil islahatlarına ölkə rəhbəri nəzarət etməli, təhsilə ayrılan xərclər artırılmalıdır.

Yeri gəlmişkən, 2022-ci  ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb.

Həmin xərclərin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə, 2 milyard 90 milyon 153 min  867 manatı ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatı orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatı ali təhsilə, 3  milyon 937 min 523 manatı əlavə təhsilə, 7 milyon 15 min  701 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195  milyon 256  min 291 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

E. Qafarov hesab edir ki, Təhsil Nazirliyi 3 qrupa bölünməli, ali təhsil üzrə dövlət agentliyi yaradılmalı, peşə təhsili agentliyinə müstəqillik veriməlidir. Onun qənaətincə, məktəbəqədər və ümumi təhsillə bağlı ayrıca Maarif Nazirliyi yaradılmalıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo