Sosial

Vərəm pandemiya dövründə də iş başındadır

24 Mart, 2021
3590

Verywell Health

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə hər il martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. 

Vərəm xəstəliyinin törədiciləri ilk dəfə 1882-ci ildə alman mikrobioloqu Robert Kok tərəfindən aşkarlanıb. Xəstəliyin özünü 1895-ci ildə alman alimi Vilhelm Rentgen öz kəşfi olan, sonralar onun şərəfinə rentgen şüaları adlandırılmış iks-şüalar vasitəsilə müəyyən edib. 

1906-cı ildə Andrey Popov insanları kütləvi şəkildə müayinə etməyə imkan verən rentgen aparatı yaradıb. Vərəmə qarşı ilk peyvənd 1921-ci ildə, ilk dərman preparatı isə 1944-cü ildə kəşf edilib. “Streptomitsin” vərəmin müalicəsində istifadə edilə biləcək ilk aminoqlikosid antibiotiki olub. Bu kəşfinə görə Zelman Vaksman Nobel mükafatı ilə təltif edilib. 

ÜST-ün statistikasına görə, hər il 10 milyon insan vərəmə yoluxur. Müalicə edilə bilən xəstəlik olmasına baxmayaraq ildə 1,5 milyon insan vərəmdən ölür. ÜST vərəmi "Dünyanın ən yaxşı yoluxucu qatili" adlandırır. 

Qurum bildirir ki, vərəm xəstələrinin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşasalar da, xəstəlik bütün dünyada mövcuddur. 

Vərəmli insanların təxminən yarısı 8 ölkənin - Banqladeş, Çin, Hindistan, İndoneziya, Nigeriya, Pakistan, Filippin və Cənubi Afrikanın vətəndaşlarıdır. 

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı “2030-cu ilə qədər Davamlı İnkişaf üzrə Məqsədlər” müəyyənləşdirib. Həmin məqsədlərdən biri vərəmin qlobal epidemiyasının ləğv edilməsidir. 

ÜST isə 2014-cü ildə Ümumdünya Səhiyyə Asambleyası tərəfindən dəstəklənən “2016-2035-ci illər üzrə Vərəmin ləğvi Strategiyasını” qəbul edib. 

Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 8 minə yaxın vərəmli xəstə var. 

2000-ci il mayın 2-də “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanun qəbul edilib. Qanun əhalinin vərəmdən mühafizəsinin təşkilati-hüquqi əsaslarını, vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquq və vəzifələrini müəyyən edir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin -2003-cü ildə qəbul olunmuş 133 nömrəli qərarı ilə “Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası”; 

- 157 nömrəli qərarı ilə “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı”; 

- 2010-cu ildə isə 226 nömrəli qərarı ilə “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” təsdiq edilib. 

Pandemiya vərəmlə mübarizəyə necə təsir göstərib? 

ÜST-ün builki hesabatına görə, ötən il 2019-cu ilə nisbətən 1.4 milyon az xəstə vərəmdən müalicə olunub, yəni xəstəlikdən müalicə olunanların sayı 21 faiz azalıb. 

Daha böyük azalma isə İndoneziyada (42%), Cənubi Afrikada (41%), Filippində (37%) və Hindistanda (25%) qeydə alınıb. 

"Bəzi ölkələr pandemiyanın təsirini azaltmaqdan ötrü addımlar atdılar – infeksiyaya nəzarəti gücləndirdilər, rəqəmsal texnologiyadan istifadəni genişləndirərək məsafədən dəstək təmin etdilər, evdə vərəmin profilaktikası və müalicəsini həyata keçirdilər. Amma bir çox vərəmli şəxslər onlara gərəkən qayğını ala bilmirlər" - qurumun hesabatında belə deyilir. 

ÜST 2020-ci ildə yarım milyondan çox insanın vərəmdən öldüyünü ehtimal edir, amma dəqiq diaqnoz qoya bilmir. 

ÜST bunun yeni problem olmadığını bildiri: “Hələ pandemiya başlanmazdan əvvəl də hər il vərəmə yoluxanlarla diaqnoz qoyulanlar arasında 3 milyonadək fərq olurdu. COVİD-19 bu vəziyyəti xeyli kəskinləşdirdi”. 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Polad Muradovun "Toplum TV"-yə dediyinə görə, Azərbaycanda vərəmlə mübarizə qənaətbəxşdir. 

Həkim müalicə etdiyi vərəm xəstələrinin bir çoxunun artıq koronavirus əleyhinə peyvəndləndiyini, bunun pasientlərə əks təsir göstərmədiyini söyləyir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo