Sosial media
Məhkəmələr ölkədə hüquq və ədalətin işləməsini təmin etməyə məsul mötəbər hakimiyyət qoludur. Amma qanun pozuntularının qarşısını almalı olan qurumun özü ilə bağlı səsləndirilən iddialar hüququn tətbiqi ilə bağlı suallar doğurur.
Bu baxımdan Hesablama Palatasının Naxçıvan Ali Məhkəməsində yaxın zamanda başa çatdırdığı və nəticələrini açıqladığı audit diqqət çəkir. Yoxlamanın nəticələri göstərir ki, hüququn aliliyini təmin etməli olan bir strukturun fəaliyyətində qanunvericiliyin tələbləri ilə bağlı müəyyən uyğunsuzluqlar mövcuddur.
Palata 2023-2025-ci illərdə Naxçıvan Ali Məhkəməsinin xərclədiyi 10,7 milyon manatı təftiş edib. Yoxlamanın aşkarladığı bir sıra qanun pozuntularına diqqət yetirməyə dəyər: Ali Məhkəmədə üç şöbənin hər biri ən azı 8 ştat vahidi əsasında formalaşdırılmalı olduğu halda, bəzi şöbələrdə bu rəqəm 3, bəzilərində isə 4 olub.
Əvəzində qənaət olunan maaş fondu şöbə müdirlərinə 139,5 min manat əlavə vəsait əldə etməyə imkan yaradıb. Yaxud hakimlərin müalicəsi üçün nəzərdə tutulan 80,6 min manat vəsaitin təyinatı dəyişdirilərək qurumda çalışan dövlət qulluqçularının mükafatlandırmasına yönəldilib.
Ali Məhkəmənin sədr müavini məzuniyyətdə olduğu dövrdə ona təhkim edilmiş avtomobil üzrə yanacaq xərclərinin ayrılması davam etdirilib, həmçinin təxminən bir il ərzində həmin avtomobil üçün normadan artıq 2,2 min manatlıq yanacaq xərci silinib.
Yoxlamanın nəticələrinə görə, dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair bir sıra faktlar qeydə alınıb.
Belə ki, növbəti il üzrə satınalma planları nəzərdə tutulan müddətdə (cari ilin 25 oktyabr tarixinədək) elektron satınalma portalında yerləşdirilməyib, gecikmə ilə yerləşdirildikdən sonra isə zəruri əsaslandırma verilmədən və müəyyən olunmuş müddətə (maksimum 5 iş günü ərzində) riayət edilmədən planlara dəfələrlə dəyişiklik edilib.
Başqa bir qanun pozuntusu tikinti-təmir işlər üçün büdcədə nəzərdə tutulmuş 142,7 min manat vəsaiti hüquqi tələblərə ziddi olaraq 2 fərqli müqaviləyə bölərək satınalma keçirməklə bağlı olub. Eləcə də, qurumun ehtiyacı olan mal və xidmətlərin alınması üçün 31,1 min manat məbləğində vəsait hər hansı satınalma keçirmədən və razılıq alınmadan birbaşa müqavilələrlə həyata keçirilmişdir. Nəhayət, 106,7 min manat məbləğində satınalmanın portal vasitəsi ilə həyata keçirilmədiyi, 220,1 min manat məbləğində satınalmanın ehtimal olunan qiymət, 108,6 min manat məbləğində satınalmanın isə uyğunluq göstəriciləri müəyyən edilmədən alınmadan keçirilmədiyi aşkarlanmışdır.
Daha bir diqqətçəkən fakt Ali Məhkəmənin istifadə etdiyi xidməti avtomobillərlə bağlıdır. Əvvəla məlum olur ki, qurum üçün 2 ədəd xidməti avtomobil nəzərdə tutulduğu halda, onun sərəncamında 3 minik avtomobili var. Digər tərəfdən, 2024-cü ildə alınmış “Toyota Avalon” markalı minik avtomobili 83 min manat məbləğində rəsmiləşdirildiyi halda, bu qiymət internet resurslarında təqdim olunan analoji avtomobillərin qiymətlərindən təxminən 13,6 min manat (təxminən 17 faiz) yüksəkdir.
Üstəlik, həmin minik avtomobilinin satınalınması zamanı hesablanmalı olan 14,9 min manat ƏDV büdcəyə ödənilməyib.
Hesabat göstərir ki, məhkəmə kimi hüququn aliliyini təmin etməli olan bir qurumda bu cür pozuntuların qeydə alınması digər dövlət orqanlarında da vəziyyətlə bağlı suallar doğurur.
Müstəqil ekspertlər hesab edirlər ki, belə vəziyyətin yaranması yalnız dövlət maliyyə nəzarət orqanlarının effektiv fəaliyyət göstərə bilməməsi və ya qanun pozuntularına görə sanksiya mexanizmlərinin yetərincə işləməməsi ilə izah olunmur. Onların fikrincə, əsas səbəblərdən biri də ictimai nəzarət institutlarının - müstəqil media və vətəndaş cəmiyyətinin sıradan çıxarılmasıdır.
Təcrübə göstərir ki, rəsmi şəxslər qanunsuz fəaliyyətlərinin, xüsusilə korrupsiya ilə bağlı faktların ictimailəşdirilməsindən daha çox çəkinirlər, nəinki onların qapalı otaqlarda sorğu-sual edilməsindən.
İnkişaf etmiş ölkələrdə nazirlər, dövlət və hökumət başçıları nəinki böyük miqyasda korrupsiya əməlləri, hətta xidməti maşınlardan şəxsi istifadə etməsi faktı üzə çıxdığı halda istefaya gedirlər. Bu məhz media və vətəndaş cəmiyyətinin yaratdığı ictimai təzyiq sayəsində mümkün olur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
açıq mənbə
Azərbaycan Rusiyadan AZAL qəzasına məsul şəxslərin cəzalanmasını tələb etməyəcək?
Toplum TV
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
41 milyonluq tenderin qalibi prezidentin xüsusi nümayəndəsinin müavininin şirkətidir