Dünya

Macarıstan parlamenti LGBTQ+ “təbliğatı”na dair qadağanı ləğv edib

14 Oktyabr, 2026
3

Christo

Macarıstan parlamenti LGBTQ+ şəxslərin hüquqlarını məhdudlaşdıran müddəaların 2021-ci ildə qəbul olunmuş “uşaqların müdafiəsi haqqında” qanundan çıxarılmasına səs verib.

Oktyabrın 13-də keçirilən səsvermədə hakim “Tisa” partiyasından olan 139 deputat dəyişikliklərin lehinə, 51 deputat isə əleyhinə çıxış edib.

Viktor Orban hökuməti dövründə qəbul edilən əvvəlki qanun 18 yaşdan kiçik şəxslər üçün homoseksuallığın və transgenderliyin “təbliğini” qadağan edirdi. Bu müddəalar LGBTQ+ mövzularının məktəblərdə, mediada və reklamlarda təqdimatını məhdudlaşdırmaq üçün istifadə olunurdu. Qanun həmçinin “Pride” yürüşlərinin qadağan edilməsinə hüquqi əsas yaratmışdı.

Yeni redaktədə LGBTQ+ şəxslərə və ya gender kimliyinə dair birbaşa qeyd yoxdur. Sənəddə yalnız uşaqların fiziki, intellektual, emosional və mənəvi inkişafına ciddi zərər vura biləcək materiallardan qorunmasının vacibliyi vurğulanır.

Baş nazir Peter Madyar bildirib ki, yeni formulasiya uşaqları seksual oriyentasiyasından asılı olmayaraq daha yaxşı qoruyur.

Avropa İttifaqı Macarıstan parlamentinin qərarını alqışlayıb. Apreldə Aİ Məhkəməsi Macarıstanın LGBTQ+ məzmununa qoyduğu məhdudiyyətlərin Avropa hüququna və birliyin əsas dəyərlərinə zidd olduğunu müəyyən etmişdi.

Bununla belə, hüquq müdafiəçiləri ölkədə LGBTQ+ şəxslərə qarşı digər məhdudiyyətlərin qüvvədə qaldığını bildirirlər. Onların sırasına eynicinsli cütlüklərin uşaq övladlığa götürməsinə məhdudiyyətlər, transgender şəxslərin hüquqi tanınması ilə bağlı qadağalar və “Pride” yürüşlərinə tətbiq olunan məhdudiyyətlər daxildir.

LGBTQ+ mövzularının “təbliğatı” ilə bağlı məhdudiyyətlər Rusiyada da qüvvədədir. Orada qadağa əvvəlcə uşaqlara yönəlmiş məzmunu əhatə edib, daha sonra böyüklər üçün də genişləndirilib. 

Gürcüstanda isə 2024-cü ildə qəbul olunan qanun LGBTQ+ münasibətlərinin mediada və təhsil müəssisələrində “təbliğini” məhdudlaşdıran müddəaları da əhatə edir. Bolqarıstanda məktəblərdə “qeyri-ənənəvi seksual oriyentasiyanın təbliği”ni qadağan edən norma tətbiq olunur.

Azərbaycanda LGBTQ+ “təbliğatı”nı qadağan edən ayrıca qanun yoxdur. Lakin bu ilin fevralında deputat Cavanşir Paşazadə LGBTQ+ mövzularının media və televiziyada müzakirəsini “təbliğat” adlandıraraq qanunvericiliyin sərtləşdirilməsinə çağırmışdı. Bu çağırışdan sonra Rusiyadakı modelə bənzər qadağanın Azərbaycanda da tətbiq oluna biləcəyi ilə bağlı müzakirələr yaranıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp: “Gözəl Qrenlandiyamızda neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”

14 Oktyabr 2026

whitehouse

“Yeni və gözəl Qrenlandiyamızda genişmiqyaslı neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”. ABŞ prezidenti Donald Tramp bunu oktyabrın 14-də özünün “Truth Social” hesabında yazıb. ABŞ lideri Qrenlandiyanın təbii sərvətlər baxımından böyük potensiala malik olduğunu vurğulayıb. Adanın Arktikada strateji mövqeyə sahib olduğunu qeyd edən Tramp bölgənin həm iqtisadi, həm də təhlükəsizlik baxımından ABŞ üçün əhəmiyyətini ön plana çəkib. “Ekspertlər bildirirlər ki, asanlıqla çıxarıla bilən neft ehtiyatlarının həcmi dünyanın demək olar ki, istənilən digər ərazisindəkindən xeyli çoxdur. Daha da vacibi, Qrenlandiya həm Amerika Birləşmiş Ştatlarının, həm də Avropanın müdafiəsi və hücum imkanları baxımından misilsiz təhlükəsizlik əhəmiyyətinə malikdir. ABŞ-yə gələcəkdə baş...
Dünya

“SpaceX”in Ukrayna ordusunun “Starlink”ə girişini məhdudlaşdırdığı deyilir

14 Oktyabr 2026

sosial media

Oktyabrın 14-nə keçən gecə “Starlink” peyk rabitəsi sistemində yaranan məhdudiyyətlər Ukraynada bir sıra mühüm hərbi əməliyyatların icrasına mane olub. Məhdudiyyətlərin amerikalı milyarder Elon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti tərəfindən tətbiq edildiyi bildirilir. Bu barədə Ukraynanın müdafiə nazirinin sabiq müşaviri Serqiy Sternenko “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, saatda 160 kilometrdən çox sürətlə hərəkət edən terminallar rabitə bağlantısını itirməyə başlayıb. Sternenko yaranmış problemə görə bir sıra vacib hərbi missiyaların icrasının mümkün olmadığını bildirib. Sabiq müşavir məhdudiyyətlərin ABŞ prezidenti Donald Tramp administrasiyasının müraciəti əsasında tətbiq edilmiş ola biləcəyini də istisna etməyib. Bu ehtimal hələlik rəsmilər tərəfindən təsdiqlənməyib.

Seçilmiş Videolar

Toplum TV loqo