Foto: sosial media
Həbsdə olan jurnalist Ülviyyə Əli saxlandığı Bakı İstintaq Təcridxanasından növbəti məktubunu göndərib.
“JAMnews” saytının ictimailəşdirdiyi məktubda Ü.Əli bildirir ki, saxlanmağından və polis tərəfindən zorakılığa məruz qalmasından 20 gün keçsə də, onun müayinə olunması üçün hələ də tibbi ekspertiza təyin olunmayıb.
“Hərçənd, zorakılıqdan artıq 20 gün keçib, vaxtı uzatmaqla zorakılığın izini silmək olar, amma mənim sağlamlığıma dəyən zərəri silmək olmur. Çünki özünü başqa formalarda büruzə verir”, - o yazıb.
Jurnalist qeyd edir ki, saxlanılandan bəri hər gün başağrısı, ürəkbulanma, başgicəllənməsi, göz qaralması hiss edir.
“Bu səbəbdən günə 2-3 ədəd ağrıkəsici içirəm, amma bu, səmərəli müalicə üçün kifayət deyil. Daha ciddi zərərlərdən şübhələnirəm, çünki saxlanılandan bəri ürəkbulanmalarla yanaşı, müxtəlif vaxtlarda qusmuşam, 2 dəfə burnumdan qan açılıb. Şübhələnirəm ki, zorakılıqdan sonra səhhətimə daha ciddi zərər dəyib”, - o qeyd edib.
Ü.Əli əlavə edir ki, 2017-ci ildə başında hipofiz vəzinin yanında 4 millimetrlik mikroadenoma şişi aşkar edilib və o vaxtdan hər il buna görə müayinə və müalicə olunub.
Jurnalist bir daha bildirib ki, polisin onun evindən tapdığını iddia etdiyi 6,700 avro pul vəsaiti ona aid deyil:
“Ələlxüsus, 30-dan çox jurnalistin eyni motivlərlə həbs olunduğu bir ölkədə hətta pul özümə məxsus olsa belə, evdə saxlamaq axmaqlıqdır”.
“Meydan TV işi” üzrə həbs olunmasına toxunan Ü.Əli yazıb ki, o, 2019-cu ildən bəri “Amerikanın Səsi” ilə əməkdaşlıq edib və bu media qurumu fəaliyyətini dayandırandan sonra çəkdiyi reportajları öz sosial media profilində ödənişsiz paylaşıb.
“Pula həris olanlar heç vaxt bunun mənasını dərk edə bilməz. Çünki jurnalistika mənim üçün pul deyil, vicdan məsələsidir. “Meydan TV” ilə işgüzar əlaqəm yoxdur. Jurnalist fəaliyyətimi məhdudlaşdırmaq üçün məni işgüzar əlaqəm olmayan medianın cinayət işinə calamağa çalışırlar”, - o qeyd edir.
Ülviyyə Əli mayın 7-də “Meydan TV” işi ilə əlaqədar saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
O, saxlanılarkən telefonunun şifrəsini almaqdan ötrü polis tərəfindən başından zərbələr və zorlama təhdidi aldığını deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Sosial media
Foto: BBC News Azərbaycanca
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib