Dünya

Ukrayna müqavimətinin simvolu: Severski Donets çayı

20 Oktyabr, 2022
2442

Meduza.io

Bir çox müharibələrdə xüsusi rol oynayan, yaddaşlara həkk olan çaylar olur. Napoleonun Rusiyaya yürüşü zamanı Berezina, Birinci dünya müharibəsində Somma, Türkiyənin Qurtuluş savaşında Sakarya, İkinci dünya müharibəsində Volqa və başqaları. Rusiyanın Ukraynaya təcavüzü zamanı Severski Donets çayı Ukrayna müqavimətinin simvoluna çevrilib.

Severski Donets Rusiyanın Belqorod və Rostov vilayətlərindən, sonra da Ukraynanın Xarkov, Donetsk və Luqansk vilayətlərindən axır. Sahillərində bir çox şəhər və kəndlər var, onların əksəri məhz çaya görə salınıblar. Rusiya təcavüzünün ilk günlərindən Severski Donets hərbi əməliyyatların mərkəzinə çevrildi. Onun məcrası boyu şiddətli döyüşlər getdi; körpülər və bəndlər partladıldı; hər iki tərəfin orduları onu dəfələrlə keçdilər. Çay insanları xilas edirdi və savaşın gedişinə təsir göstərirdi. “Meduza” mətbu orqanının xahişi ilə xarkovlu fotoqraf Pavel Doroqoy Severski Donetsə gedib və bu çayın sahillərində - İzyum və Starıy Saltovada – yaşayan ukraynalılarla danışıb. Bu insanlar üçün çay daha heç vaxt əvvəlki kimi olmayacaq.

Toplum TV materialı azərbaycan dilində oxuculara təqdim edir:

Müharibəyə qədər Severski Donets mənim üçün həmişə istirahət yeri idi: orada, demək olar, hər yay dostlarımızla baydarkada, Starıy Saltovadan sonrakı su anbarında isə yelkənli yaxtada gəzirdik. Bu çay haqqında hərbi əməliyyatlar zamanı təbii maneə, ya da içməli su və qida mənbəyi kimi düşünmürdüm. Bu, orta əsrlərə aid  səhərsalma şərtləridir.

https://toplum.tv/siyaset/esrden-esre-ozunu-dagitmaq-enenesi-rusiyanin-ukrayna-avanturasi-niye-ugursuzluga-mehkumdur

Amma müharibənin ilk günlərindən forposta, şiddətli döyüşlərin və çoxsaylı ölümlərin məkanına, eyni zamanda nicat yerinə çevrildi, ukraynalılar onun köməyi ilə öz şəhərlərini qoruyurdular. Bu çayın sahillərində yerləşən Starıy Saltov qəsəbəsində də və İzyum şəhərində də belə olub.

Starıy Saltov

Starıy Saltov qəsəbəsi Xarkovdan 45 km aralıda, Severski Donets çayının Peçeneq su anbarını yaratdığı yerdə yerləşir. Buradan Rusiya sərhədinə cəmi 20 km-dir. Rus qoşunları qəsəbəni fevralda, müharibənin ilk günlərində işğal ediblər.  Rusiyalıların Xarkov istiqamətinə hərəkətini dayandırmaq üçün Ukrayna Silahlı Qüvvələri martın 5-də qəsəbənin yaxınlığında çay üzərindəki bəndi partlatdılar.

Meduza.io

Döyüşlər üzündən Starıy Saltov xeyli dağılıb. Təxminən dörd min sakindən qəsəbədə qalanlar yüzdən azdır. İndi insanlar azad olunan ərazilərə tədricən qayıdırlar. Severski Donets üzərindəki körpü hələ bərpa olunmayıb, çayı qayıqlarla keçirlər. Çünki dolanbac yola 6 saat vaxt sərf olunacaq.

 Starıy Saltovda insanların daşınması ilə İqor, Denis və Anton adlı könüllülər məşğul olurlar. Anton əvvəlcə tək idi. Erkən baharda adamları kirşə ilə daşıyırdı, buz əriyəndən sonra qayıqla daşımağa başladı. Sonra ikinci qayıq gəldi. Hər ikisində mühərrik var, amma avarla hərəkət etmək lazım gəlir, çünki keyfiyyətli benzin yoxdur. Onlar bunu pulsuz edirlər. Səhər saat səkkizdən axşam beşə qədər.

Müharibə başlayandan ilk dəfə buraya gəlmişəm və çayın necə dəyişdiyini gördüm: su sahildən çəkilib, su anbarı dayazlaşıb. Çay da müharibəni yaşayır, o da zərər görür – partlayan mərmilərdən, dağılan bəndlərdən, batan texnikadan, axan yanacaqdan.

İzyum

Severski Donets İzyumu iki hissəyə bölür. Martın 7-də rus qoşunları çayın sol sahilində yerləşən şimal hissəsinə daxil oldular. Ukrayna ordusu sağ sahilə çəkildi, rusların hərbi texnikası dayandırmaq və düşməni şəhərin içərilərinə (İzyumun mərkəzi və inzibati hissəsi sağ sahildə yerləşir) buraxmamaq üçün körpüləri partlatdı.

Meduza.io

İki sahildə döyüşlər bir neçə həftə davam etdi. Rusiya texnikası Severski Donetsin sol sahilində yerləşən, Kremenets dağına baxan evlərin həyətlərinə sözün həqiqi mənasında daxil oldu. “O biri tərəf [Ukrayna qoşunlarının mövqe tutduqları sağ sahil] möhkəm dayanmışdı. Ruslar buradan bütün silahlardan vururdular. Toplardan da, tanklardan da, “qrad”lardan da. Gün boyu”, - sol sahildə yaşayan Sergey Çernyak danışır.

Rusiyalı hərbçilər bir neçə həftə ərzində çayı keçməyə çalışırdılar, digər sahilə adlamaq üçün ponton körpülər salırdılar, amma ukraynalılar hər dəfə körpüləri dağıdırdılar. İzyum sakini Anton Çernışev danışır ki, bir dəfə USQ ruslara ponton salmağa imkan verdi, “10-15 ədəd texnikanı buraxdılar, sonra körpünü vurdular, çayı keçənlərin hamısını məhv etdilər”.

Meduza.io

Mən çayın lap yaxınlığında yaşayan yerlilərlə danışdım. Həmin küçədə, demək olar, hər evdə qayıq vardı - rezin, ya da dəmir. Rusiya ordusu Severski Donetsin sol sahilini tutduqda, USQ isə körpüləri partlatdıqda, çayın bu tərəfindəki sakinlər üçün təxliyə yolu bağlandı.  Amma bəziləri yenə də ukraynalıların nəzarətində olan digər sahilə keçməyə cəhd edirdilər. Kimisi bunu qayıqla edirdi, kimisi də, soyuğa baxmayaraq, üzərək.

“Mən sahilə gəldim, doğulduğum və böyüdüyüm, bütün ömrüm boyu çimdiyim yerə. Tumanıma qədər soyundum. Yanımda paket və şəkər kisəsi vardı, paltarlarımı ora saldım. Üzdüm. Elə beləcə üzdüm. Mən yaxşı üzürəm. Vaxt çox çəkmədi, orada çayın eni haradasa 60-70 metrdir. Sadəcə soyuqdur, su buz kimi idi. O tərəfdə buz var idi, hələ şaxtalar idi axı”, - sol sahilin sakini Sergey danışır. O, çayı keçərək Slavyanska təxliyə olmağı bacarıb.

Ukraynalıların müqavimətinə baxmayaraq, martın sonlarında rusların əsas qüvvələri ponton körpülərlə o biri sahilə keçə bildilər, nəticədə şəhərin çox hissəsini, aprelin 1-də isə tamamilə tutmağa nail oldular.  Körpülərdən biri salınarkən RF-nın Qərb hərbi dairəsinin mühəndis qoşunlarının rəis müavini Nikolay Ovçarenko öldürüldü.  O, Rusiyanın bu müharibədə itirdiyi yüksək rütbəli zabitlərdən biridir.

Meduza.io

İşğal zamanı rusiyalı hərbçilər çayda qayıqla balıq tuturdular. Yerlilərə ancaq sahildə tutmağa icazə verirdilər, o da həmişə yox. Sakinlər danışırlar ki, vaxtın çox hissəsini zirzəmilərdə və sığınacaqlarda keçirirdilər. Su gətirməyə kişilər gedirdi, qadınları küçəyə buraxmamağa çalışırdılar.

Rusların qadağan etməsinə baxmayaraq, bəzən sakinlər bir sahildən o birinə keçə bilirdilər. Yerli sakinlərdən biri danışır: “İyunda mənim dostum üfürülən döşəkdə şayı keçməyə hazırlaşırdı, mən də onu fikrindən daşındırırdım. Amma o, çox istəyirdi ki, onkoloji xəstə olan dostuna baş çəksin, o vaxt isə piyada körpüsündən buraxmırdılar. Səhər açılan vaxt çayı keçdi, özü ilə bir qədər yemək də götürdü. Ertəsü gün yenə sübh tezdən geri qayıtdı”.

https://toplum.tv/dunya/rusiyali-is-adamlari-narazidir-insanlar-geleceklerinin-olmadigini-gorurler

Pyotrun (ad dəyişdirilib) evi sahildə yerləşir. O deyir ki, çayın axarı ilə dörd kilometr yuxarıda ruslar ponton salmışdılar. Ukrayna artilleriyası onu bir neçə dəfə dağıtmışdı, amma yenidən salırdılar. Pyotr üçün bu körpü o biri sahildə yaşayan anası ilə əlaqə üçün yeganə vasitə idi. Bir dəfə evin yanında sahildə əyləşərkən, çay ilə axan iki rusiyalı əsgərin cəsədini gördü. Ondan sonra Severski Donetsdə daha çimmək istəmir.

Meduza.io

Atışma, bombardman nəticəsində şəhərdəki bütün kommunikasiyalar dağıdılıb, insanlar işıqsız, qazsız və susuz qalıb. Belə vəziyyət indiyə qədər davam edir. Ünsiyyətdə olduğum hər kəs deyir, elə dövr olub, içmək üçün suyu çaydan götürüblər. Şəhərdə quyu var, amma dolmağa macal tapmırdı.  İndi içməli suyu iki mənbədən götürürlər, təsərrüfatda işlətmək üçün isə yenə Severski Donetsdən daşıyırlar.

Çay boyu hələ də çoxlu partlamamış bombalar və “ləçək” minalar tökülüb qalıb. Buna görə su üçün gedəndə yoxlanılmış cığırlarla gedirlər. Şiddətli döyüşlərdən sonra çayın özü və sahilləri çox təhlükəlidir və bu, təəssüf ki, uzun müddət belə olacaq.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo