İqtisadiyyat

41 milyonluq tenderin qalibi prezidentin xüsusi nümayəndəsinin müavininin şirkətidir

15 May, 2026
856

Açıq mənbə

Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsinin müavini Səbuhi Mehdizadənin şirkəti 41 milyon 266 min manatlıq tenderin qalibi elan olunub. 

Tenderin qalibi olan "Hovers Group" Məhdud Məsuliyyətli Cəmiyyəti Laçında yeni yaşayış məhəlləsinin inşasından məsul olacaq. Satınalmanın sifarişçisi isə "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" adlı publik hüquqi şəxsdir. 

"Azadlıq Radiosu"nun məlumatına görə, Səbuhi Mehdizadə sözügedən şirkətin təsisçisidir. O, xüsusi nümayəndənin müavini vəzifəsinə 2024-cü il iyulun 15-də prezident İlham Əliyevin sərəncamı ilə təyin edilib. S.Mehdizadə daha öncə həmin nümayəndəlikdə baş məsləhətçi kimi çalışıb. 

O, xüsusi nümayəndəlikdən öncə isə  kənd təsərrüfatı nazirinin müşaviri, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru və başqa rəsmi vəzifələrdə çalışıb. S.Mehdizadə həm də Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir. 

"Hovers Group" MMC əvvəllər də milyonluq dövlət tenderlərinin qalibi elan olunub. Məsələn, şirkət Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə ümumi dəyəri 41 milyon 626 min manat olan üç müqavilə, Gənclər və İdman Nazirliyi ilə isə Yevlaxda Olimpiya İdman Kompleksinin tikintisi üçün 18 milyon 197 min manatlıq satınalma müqaviləsi bağlayıb.

2025-ci ildə Qarabağda tikinti işlərinə ümumilikdə 4 milyard 911 milyon manat xərclənib.

Müstəqil iqtisadçılar və jurnalistlər Qarabağda aparılan tikinti layihələrinin şəffaf olmadığını, dəvət olunan şirkətlərin hansı tenderlərlə seçilməsinin aydın olmadığını deyirlər. 

Onların fikrincə, işğaldan azad edilmiş ərazilərdə son illərdə inşa olunan fərdi yaşayış evləri ölkənin digər bölgələrində tikilən analoji evlərlə müqayisədə daha baha başa gəlir.

2024-cü ildə prezident İlham Əliyev "Mikroskop Media"nın bu barədə sualına cavabında Qarabağda bütün bərpa işlərinin "maksimum şəffaf şəkildə aparıldığını və tender prosedurlarına tam əməl edildiyini" bildirmişdi. 

Ötən ilin sonunda "Toplum TV"-yə danışan, Qarabağda tikinti işləri aparmış "Arenol Qrup" şirkətinin direktoru Tolqa Şahin isə şirkətlərə çox az pulun ayrıldığını, dövlət büdcəsindən vəsaitin mənimsənildiyini iddia etmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo