İqtisadiyyat

Azərbaycan və Ermənistan bir-birinə hansı məhsulları sata bilər?

5 May, 2026
263

Toplum TV

Artıq bir müddətdir ki, Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Ötən ay isə ilk dəfə olaraq, çox kiçik həcmdə də olsa (960 dollar dəyərində), Ermənistandan Azərbaycana ixrac qeydə alınıb. Yerli mediada yayılan məlumatlara görə, hər iki ölkənin səlahiyyətli şəxsləri yaxın gələcəkdə qarşılıqlı ticarət üçün mümkün məhsul siyahılarını da mübadilə ediblər.

Azərbaycan hazırda əsas ixrac məhsulu olan neft məhsulları ilə Ermənistan bazarına daxil olub. Mayın 1-də parlamentdə çıxış edən deputat Zahid Oruc bildirib ki, yaxın gələcəkdə Azərbaycanın milli məhsulları Yerevanda xüsusi mövqe qazanacaq. Bu kontekstdə əsas sual yaranır: neftdən başqa hansı məhsullar ixrac oluna bilər?

Bu suala cavab vermək üçün Ermənistanın idxal strukturuna və Azərbaycanın qeyri-enerji ixracında əsas yer tutan məhsullara nəzər salmaq kifayətdir. Burada əsas məsələ ixrac olunan məhsul çeşidinin çoxluğu deyil, həmin məhsullar üzrə real ixrac potensialının olub-olmamasıdır. Aydındır ki, idxalçı ölkənin tələbatından asılı olmayaraq, əgər ixracatçı ölkə müəyyən məhsul üzrə ixrac həcmini 3-5 milyon dollardan artıq artıra bilmirsə, Z.Orucun iddia etdiyi kimi, hər hansı bazarda xüsusi mövqe qazanmaq mümkün deyil.

Əvvəlcə Ermənistanın qeyri-enerji idxalında üstünlük təşkil edən əsas mal qruplarına nəzər salmaq lazımdr. Bu kateqoriyaya ölkənin idxal etdiyi bahalı zinət əşyaları və qızıl daxil edilmir.

Ölkənin yerdə qalan və Azərbaycanın qeyri-neft ixracatının hədəfi ola biləcək əmtəə seqmentlərinin ümumi dəyəri 8 milyard dollara yaxındır.

Lakin idxalın strukturuna və dəyərinə baxdıqda aydın olur ki, bu məhsulların böyük hissəsini Azərbaycan özü də idxal edir. Məsələn, Ermənistanın enerji və qiymətli daşlar istisna olmaqla təxminən 8 milyard dollarlıq idxalının 5,5 milyard dolları, yəni 70 faizi cəmi 15 mal qrupunun payına düşür.

Bu qruplara yerüstü nəqliyyat vasitələri (87-ci mal qrupu), avadanlıqlar və mexaniki qurğular (84-cü mal qrupu), elektrik maşınları və avadanlıqları (85-ci mal qrupu), optik və tibbi avadanlıqlar (90-cı mal qrupu), əczaçılıq məhsulları (30-cu mal qrupu), geyim əşyaları (60–64-cü mal qrupları), eləcə də ət və ət məhsulları (2-ci mal qrupu) daxildir.

Bəs Azərbaycanın qeyri-enerji və qeyri-qiymətli daşlar ixracında hansı mal qrupları üstünlük təşkil edir?

Bu sıraya təzə meyvə və tərəvəzlər (7-ci və 8-ci mal qrupları), şəkər və şəkər məmulatları (17-ci mal qrupu), alkoqollu və alkoqolsuz içkilər (22-ci mal qrupu), meyvə-tərəvəzin emal məhsulları (20-ci mal qrupu), tütün (24-cü mal qrupu), qeyri-üzvi kimya məhsulları (28, 29, 31, 32 və 38-ci mal qrupları), plastmas məmulatları (39-cu mal qrupu), pambıq (52-ci mal qrupu), eləcə də qiymətsiz metallar (72, 73, 74, 76 və 78-ci mal qrupları) daxildir.

Bu mal qruplarından alkoqollu və alkoqolsuz içkilər Ermənistanın öz ixracında da mühüm yer tutur. Digər tərəfdən, siyahıda yer alan təzə tərəvəzlər, şəkər, meyvə-tərəvəz emalı məhsulları və qeyri-üzvi kimya məhsulları Ermənistanın idxal etdiyi əsas əmtəələr sırasındadır.

Lakin burada həlledici amil təkcə qarşı tərəfin tələbatı deyil.

Eyni zamanda məhsulların hazırda idxal olunan alternativlərlə müqayisədə daha ucuz və keyfiyyətli olması vacibdir.

Məsələn, hazırda Azərbaycandan neft məhsullarının idxalı Ermənistan üçün nisbətən sərfəlidir. Amma eyni vəziyyət bütün məhsullara aid deyil. Belə ki, Ermənistan şəkəri Rusiyadan hər tonunu təxminən 620–630 dollara idxal etdiyi halda, Azərbaycandan ixrac qiyməti 710 dollar civarındadır.

Ermənistanın da Azərbaycana müəyyən məhsullar ixrac etmək potensialı mövcuddur. Xüsusən idxal statistikasına baxdıqda, bəzi meyvə növləri, diri heyvanlar və metallurgiya məhsulları üzrə Azərbaycan bazarında tələbatın olduğu görünür.

Bu isə məsələnin birtərəfli olmadığını göstərir. Zahid Orucun iddia etdiyi kimi, yalnız Ermənistan kimi kiçik bazarın Azərbaycan üçün açılması xüsusi üstünlük yaratmır. Əgər qarşılıqlı ticarət qurulacaqsa, Ermənistanın özündən az qala 4 dəfə böyük bazar olan Azərbaycanın sərhəd qapıları da onlar üçün açılamalı olacaq.       


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo