İqtisadiyyat

Torpaqdan səmərəli istifadə: hökumətin təklif etdiyi mexanizmlər niyə tənqid olunur?

4 İyun, 2026
170

president.az

Azərbaycan hökumətinin yeni təsdiqlədiyi aqrar inkişaf üzrə beşillik dövlət proqramında torpaq resurslarının qorunması və səmərəli istifadəsinə dair müəyyən edilmiş istiqamətlər ekspertlər tərəfindən müzakirə mövzusuna çevrilib.

Mütəxəssislərin bir qismi hesab edir ki, proqramda bu sahə üzrə nəzərdə tutulan tədbirlər aqrar sektorun dayanıqlı inkişafını təmin etmək üçün kifayət qədər əhatəli və peşəkar şəkildə işlənməyib.

Sənədi təhlil edən müstəqil ekspertlər “Toplum TV”yə bildiriblər ki, proqramın ən ciddi qüsurlarından biri mövcud vəziyyətin təhlili bölməsində torpaqların mühafizəsi və səmərəli istifadəsinə dair bir sıra vacib məsələlərin nəzərdən kənarda qalmasıdır.

Məsələn, proqramda kənd təsərrüfatına yararlı torpaqların həddən artıq kiçik sahələrə bölünməsi problem kimi göstərilsə də, onun miqyasını ortaya qoyan heç bir statistik məlumat təqdim edilmir. Hazırda ölkədə fermer təsərrüfatlarının orta torpaq sahəsinin nə qədər olduğu, 1 və ya 2 hektardan az torpağa malik təsərrüfatların ümumi istehsalçılar arasında payının neçə faiz təşkil etdiyi, eləcə də kiçik torpaq sahələri probleminin hansı regionlarda daha kəskin müşahidə olunduğu proqramda əksini tapmayıb. Halbuki müstəqil araşdırmaların nəticələrinə görə, Azərbaycanda hər 10 fermerdən təxminən 7-nin sərəncamında 2 hektardan az torpaq sahəsi var.

Yaxud hazırda eroziya və şoranlaşma Azərbaycan üçün nə dərəcədə ciddi problemdir? Kənd təsərrüfatına yararlı torpaqların nə qədər hissəsi eroziya və şoranlaşmaya məruz qalıb? Torpaqların keyfiyyətinin və münbitliyinin itirilməsi hansı regionlarda daha kəskin xarakter daşıyır? Ölkədə istifadəsiz qalan kənd təsərrüfatı təyinatlı torpaqların ümumi sahəsi nə qədərdir?

Proqramın mövcud vəziyyətin təhlilinə həsr olunmuş bölməsində torpaqların qorunması və səmərəli istifadəsi sahəsindəki durumun, eləcə də ona təsir göstərən amillərin statistik göstəricilər əsasında təqdim edilməsi gözlənildiyi halda, sənəd müəllifləri belə məlumatlara yer verməyiblər.

“Proqramın prioritet istiqamətləri” bölməsində bu mövzuya daha geniş yer ayrılsa da, burada da problemlərin miqyasını və xarakterini əyani şəkildə ortaya qoyan rəqəmlər təqdim edilmir. Problemin əsaslandırılması üçün Azərbaycanın məhdud torpaq ehtiyatlarına malik ölkələrdən biri olduğu və bu səbəbdən kənd təsərrüfatına yararlı torpaqların qorunması və onlardan səmərəli istifadənin strateji əhəmiyyət daşıdığı qeyd olunur.

Ekspertlərin fikrincə, sənəddə torpaq ehtiyatlarının bir hissəsinin deqradasiyaya məruz qalması və münbitliyinin azalması kimi məsələlər faktlara və statistik göstəricilərə əsaslanmadan, ümumi ifadələrlə təqdim edilir. Halbuki problemin miqyası konkret rəqəmlərlə göstərilməli, nəticə və qiymətləndirmə indikatorları da məhz həmin baza göstəricilər əsasında formalaşdırılmalıdır.

Proqramda mühafizə və səmərəli istifadəyə nail olmaq üçün 6 müxtəlif tədbir təklif edilir. Mütəxəssislər hesab edir ki, həmin tədbirlərdən bəziləri kifayət qədər qeyri-müəyyəndir. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin qorunması məqsədilə “interaktiv nəzarət mexanizminin tətbiqi” nəzərdə tutulur. Lakin bu ifadə tədbirin mahiyyətini və icra mexanizmini aydın şəkildə ortaya qoymur. Halbuki burada torpaqların peyk monitorinqi sisteminin yaradılması, yaxud münbitliyin davamlı izlənməsi üçün rəqəmsal alətlərin tətbiqi kimi konkret və ölçüləbilən hədəflər müəyyən edilə bilərdi.

Ekspertlərin  fikrincə, əgər söhbət kənd təsərrüfatı torpaqlarının mübitliyinin və keyfiyyətinin qorunmasından, səmərəli istifadəsindən gedirsə, proqram müəlliflərinin unutduğu çox ciddi tədbirlər var. Şoranlaşma və eroziyanın aradan qaldırılması tədbirləri hansı səbəbdən bu hissədə öz əskini tapmaması tamamilə absurddur. Halbuki beynəlxalq təcrübədə torpaqlar keyfiyyət və münbitlik səviyyəsinə görə aşağı, orta və yüksək torpaqlara bölünür, görüləcək tədbirlər də məhz həmin risk səvəiyyəsinə əsasən müəyyən edilir.

Müstəqil mütəxəssislərin yanaşmasına görə, dövlət proqramında torpaqların sağlamlığı üzrə göstəricilərin yaradılması məsələsi mütləq nəzərdə tutulmalı idi. Bu göstəricilərə torpaqda hümusun miqdarı, torpağın üzvi karbon toplama və saxlama qabiliyyəti, torpağın pH səviyyəsi (turşuluq-qələvilik), şoranlaşma səviyyəsi, torpağın su saxlama qabiliyyəti, torpağın makroelementlərlə (azot, fosfor, kalium) təminat səviyyəsi və s. daxil edilə bilər.

Müstəqil ekspertlər dövlət proqramında daha bir mühüm çatışmazlıq kimi problemin həllini qiymətləndirməyə imkan verən hədəf və nəticə göstəricilərinin müəyyən edilməməsini qeyd edir. Məsələn, hədəf göstəriciləri arasında bəzi dolayı göstəricilər (buğda və pambığın məhsuldarlığı, torpaqların konsalidasiyası və s.) yer alsa da, torpağın deqredasiya səviyyəsi və keyfiyyəti, istifadəsiz qalan torpaqların məhsuldar dövriyyəyə cəlb edilməsi kimi mühüm, həmçinin birbaşa səmərəlilik göstəriciləri daxil edilməyib.

Proqramın nəticələrinin qiymətləndirilməsi üçün müəyyən edilmiş indikatorlara gəldikdə isə, burada nəzərdə tutulan bir sıra göstəricilərin ölçülməsi faktiki olaraq mümkün deyil. Məsələn, “kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin qorunmasına nəzarət mexanizminin tətbiqinə başlanılması” nəticə deyil, fəaliyyəti ifadə edən göstəricidir. Halbuki konkret göstəricilər əsasında torpaqların münbitliyinin artırılması hədəf kimi müəyyən edilsəydi, bu, nəticə indikatoru hesab oluna bilərdi.

Bunun üçün proqramın icrasının sonunda nə qədər torpaq sahəsində münbitliyin yaxşılaşdığının, münbitliyin hansı göstəricilər hesabına (məsələn, humus tərkibi, pH səviyyəsi, mikroelementlərlə təminat və s.) artdığının, eləcə də bu dəyişikliklərin hansı nəticələrə gətirib çıxardığının (məsələn, məhsuldarlığın yüksəlməsi) müəyyənləşdirilməsi vacibdir.

Sənəddə torpaqların səmərəli istifadəsinin təmin edilməsi istiqaməti üzrə nəzərdə tutulan indikatorlardan yalnız biri - 480 min hektar örüş və otlaq sahəsinin münbitliyinin yaxşılaşdırılması ölçülə bilən nəticə indikatoru kimi qiymətləndirilə bilər. Digər göstəricilər isə nəticə və təsiri deyil, əsasən həyata keçirilən fəaliyyəti ölçür.

Məsələn, indikatorlardan biri pilot ərazilərdə torpaqların konsolidasiyası və suvarma şəbəkələrinin qurulması üzrə yeni modelin tətbiqidir. Lakin modelin tətbiqinin özü nəticə deyil, fəaliyyətdir. Tətbiq olunan modelin uğurlu olub-olmadığı hansı göstəricilər əsasında qiymətləndiriləcək? Torpaq istifadəsinin səmərəliliyi artacaqmı, məhsuldarlıq yüksələcəkmi, su itkiləri azalacaqmı? Nəticə indikatoru məhz bu cür ölçülə bilən dəyişiklikləri əks etdirməlidir.

Əks halda, tətbiq edilən modelin gözlənilən nəticəni vermədiyi halda belə, fəaliyyətin həyata keçirilməsi proqramın uğuru kimi təqdim oluna bilər. Ekspertlərin fikrincə, nəticəsi əvvəlcədən məlum olmayan bir fəaliyyətin nəticə indikatoru kimi müəyyənləşdirilməsi peşəkar və məntiqi yanaşma hesab edilə bilməz.

Ekspertlər hesab edirlər ki, həyata keçirilən fəaliyyət, tətbiq olunan alət, istifadəyə verilən bina, alınan avadanlıq və ya yaradılan laboratoriya əldə edilən nəticə deyil. Nəticə bunların hər birinin hesabına torpağın səmərəlilik və keyfiyyət göstəricilərində baş verən dəyişiklikdir. Bütün bu fəaliyyətlər torpaq eroziyasını və şoranlaşmanı azaltmırsa, yaxud torpağın mikroelementlərlə zənginlik səviyyəsini artırmırsa, deməli, proqram nəticə verməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edə bilərmi?

16 Sentyabr 2026

president.az

Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu göstərir." "Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub. Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə “Toplum TV”yə...
İqtisadiyyat

DGK: Azərbaycan bu il 9 milyard dollarlıq neft ixrac edib

15 Sentyabr 2026

azərtac

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 10-dan çox ölkəyə ümumilikdə 9,28 milyard dollar dəyərində 14,68 milyon ton neft ixrac edib. Ən çox neft satılan ölkə İtaliya olub. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu dövrdə İtaliyaya 5,23 milyard dollarlıq 8,47 milyon ton neft ixrac olunub. İxracın həm dəyərinə, həm də həcminə görə ikinci yerdə Çexiya, üçüncü yerdə Rumıniya qərarlaşıb. Çexiyaya 712,8 milyon dollarlıq 1,06 milyon ton, Rumıniyaya isə 581,7 milyon dollarlıq 924,9 min ton neft satılıb. İlk üçlükdən sonra Hindistan gəlir. Yanvar-avqust aylarında bu ölkəyə 399,2 milyon dollarlıq neft ixrac olunub. Sonrakı yerlərdə Tunis (266,3 milyon dollar), Almaniya (262,3 milyon dollar), Bolqarıstan...

Seçilmiş Videolar

Toplum TV loqo