İqtisadiyyat

Yeni aqrar proqram: Su idarəçiliyi ilə bağlı hansı məqamlar unudulub?

28 May, 2026
178

Açıq mənbə

Azərbaycanda kənd təsərrüfatı və qida sənayesi məhsulları üzrə idxaldan asılılığın artdığı bir dövrdə hökumət 2026–2030-cu illəri əhatə edən kənd təsərrüfatı istehsalı və aqrar məhsulların emalının inkişafına dair dövlət proqramını təsdiqləyib.

Proqramda su problemlərinin həlli məqsədilə müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, suvarma suyunun keyfiyyətinə nəzarət və idarəetmə sisteminin yaradılması, eləcə də suvarma və təsərrüfatdaxili şəbəkələrin idarə olunması üzrə institusional potensialın gücləndirilməsi nəzərdə tutulur.

Bu tədbirlərin icrasının qiymətləndirilməsi üçün əsas indikatorlar kimi ölkə üzrə 300 min hektar əkin sahəsində müasir suvarma sistemlərinin tətbiqi (hazırda 130 min hektar), əsas irriqasiya və meliorasiya şəbəkələrində suyun keyfiyyət monitorinqi sisteminin yaradılması və su resurslarının səmərəli idarəetmə mexanizminin qurulması müəyyən edilib.

Proqramda nəzərdə tutulur ki, müasir suvarma sistemlərinin tətbiqi üzrə fəaliyyət planı hazırlanacaq, eləcə də güzəştli satış və dəstək mexanizmləri tətbiq ediləcək, suvarma suyunun keyfiyyət monitorinqi məqsədilə irriqasiya və meliorasiya şəbəkələrində olan suyun analizinin aparılması mexanizmi formalaşdırılacaq və 3 pilot regionda suyun keyfiyyəti monitorinqi sistemi sınaqdan çıxarılacaq, Sudan İstifadəedənlər Birlikləri üzrə institusional qiymətləndirmə və beynəlxalq təcrübə əsasında təkliflər hazırlanacaq.

Hökumət hələ 10 il əvvəl, 2016-cı ildə məhz bu 2 istiqaməti əhatə edən yol xəritəsi hazırlayıb icra etməyə başladı. Amma hansısa sahəni hətta ən uğurlu yazılmış proqram sənədləri ilə inkişaf etdirmək asan bir yol olsaydı, ölkələr böhranlarla, ərzaq qıtlığı ilə üzləşmədən istənilən problemin öhdəsindən gələ bilərdilər.

Hökumət proqramları seçilmiş sahə ilə bağlı idarəetmənin strateji vizyonunu göstərmək, sektordaxili və sektorlararası əlaqələndirməni təmin etmək, sahənin inkişafı üçün prioritetləri, məqsədləri, zəruri tədbirləri və bu tədbirlərin reallaşdırılması sayəsində əldə olunacaq nəticələri əvvəlcədən proqnozlaşdırmaq üçün son dərəcə vacib sənəddir.

Müstəqil ekspertlərin fikrincə, proqramın nəticəli olması üçün ilkin şərt onun əlaqədar olduğu sahənin prioritetlərini, ehtiyaclarını və həyata keçiriləcək tədbirləri düzgün müəyyən etməkdən keçirsə, ikinci mühüm məqam proqramın effektiv icrasıdır. Onlara görə, proqram sadəcə görüntü xatirinə qəbul edilməməli, icrası tam şəkildə baş verməli, nəticələri qiymətləndirmək üçün nəticə göstəriciləri doğru müəyyən edilməlidir.

Ekspertlər hesab edir ki, qəbul edilmiş 2026–2030-cu illər üzrə aqrar inkişaf proqramının ilkin şərti nə dərəcədə ödədiyini qiymətləndirməyə ehtiyac var. Məsələn, iqlim dəyişikliyi dünyada quraqlıq riskini ciddi şəkildə artırıb və hökumətlər aqrar sektorun su ehtiyaclarının daha ağıllı şəkildə qarşılanması üçün müvafiq proqramlar vasitəsilə kənd təsərrüfatı proqramlarını iqlim dəyişikliyinə uyğunlaşdırmağa çalışırlar.

Bəs Azərbaycan hökumətinin yeni qəbul etdiyi aqrar proqramda su probleminin həlli ilə bağlı nəzərdə tutulan yanaşmalar və tətbiqi planlaşdırılan mexanizmlər dünyada qəbul edilmiş yaxşı təcrübələrə və müasir çağırışlara nə dərəcədə uyğundur?

Müstəqil ekspertlər hesab edir ki, yeni proqramda hökumət sudan səmərəli istifadə ilə bağlı, xüsusilə iqlim dəyişikliyinin yaşandığı hazırkı dövrdə, son dərəcə vacib bir strateji indikatoru proqrama daxil etməyi unudub. Söhbət istifadə olunan su həcminə görə məhsuldarlığın hədəflənməsindən gedir. Məsələn, hazırda Azərbaycanda suvarmada istifadə olunan hər kubmetr suya düşən məhsul həcmi (ton, kq, sentner və s.) nə qədərdir və proqramın sonunda onun hansı səviyyəyə endirilməsi gözlənilir?

Bu indikatorun başqa bir versiyası hər hektar üçün istifadə edilən suyun həcmidir. Hazırda dünyada artıq damcı sulamanın miqyası təkbaşına effektivlik göstəricisi kimi götürülmür, suyun məhsuldarlığı ilə birlikdə istifadə edilir. Ayrı-ayrı ölkələrdə iqtisadi qiymətləndirmənin başqa bir mühüm göstəricisi – hər kubmetr su istifadəsi nəticəsində fermerin əldə etdiyi gəlirin həcmi də istifadə edilir. Hər iki halda su məhsuldarlığı ilə tərs mütənasiblik olmalıdır. Yəni su istifadəsi azalır, amma məhsul həcmi, suvarılan torpağın sahəsi və gəlir məbləği artır. Təəssüf ki, proqramda bu cür yanaşma tətbiq edilmir. Bu gün dünyada suvarma sisteminin əsas problemi qabaqcıl texnologiyanın tətbiqindən daha çox, daha effektiv idarəetmənin tətbiqidir.

Ekspertlər daha ciddi problemlərdən biri kimi yeraltı su balansının ölçülməsi və aqrar sektorun su ehtiyaclarının qarşılanmasında bu balansın göstəricilərindən istifadənin nəzərdə tutulmamasını qeyd edirlər. Dünya təcrübəsində bu məqsədlər üçün “yeraltı suların dayanıqlılığı” indeksi istifadə edilir. Yanaşma budur ki, yerin altından götürülən suyun həcmi heç bir halda yerin altına qayıdan sudan çox olmamalıdır. Əks halda orta və uzunmüddətli dövrdə yeraltı su ehtiyatlarının tükənməsi ölkəni daha ağır su böhranı ilə üz-üzə qoya bilər. Hökumətin hazırladığı aqrar inkişaf proqramında artezianlar vasitəsilə su ehtiyaclarının qarşılanması tədbirləri müəyyən edilsə də, “yeraltı suların dayanıqlılığı” indeksi kimi vacib mexanizmin tətbiqinə əhəmiyyət verilmir. Bu səbəbdən yaxşı su idarəetməsi olan ölkələrdə yeraltı sulardan istifadə üçün kvotalar müəyyən edilir və regionların potensialından asılı olaraq kvotanın həcmi fərqlənə bilir.

Ekspertlərin yanaşması budur ki, nə indi təsdiq olunan aqrar proqramda, nə də artıq 2 ildir qüvvədə olan milli su strategiyasında istifadə olunan “müasir suvarma sistemləri” anlayışına nələrin daxil olduğu barədə heç nə deyilmir. Geniş əhali kütləsi arasında bu sistemlərin adı çəkiləndə ilk ağla gələn damcı sulama olur. Halbuki damcı sulama bu sistemə daxil olan sulama növlərindən yalnız biridir. Bu gün dünyada daha geniş çeşidli sulama növləri tətbiq edilir. Məsələn, daha geniş ərazilər üçün daha uyğun olan çiləmə və ya yağışyağdırma üsulu ilə suvarma, sensor əsaslı, eləcə də ən son məhsullardan biri kimi süni intellekt əsaslı suvarma sistemləri sürətlə yayılır.

Sensor əsaslı suvarmada sistem belə işləyir: torpağa yerləşdirilən sensorlar rütubəti ölçür, suvarma ehtiyacını müəyyən edir və buna uyğun olaraq suvarmanı avtomatik sistem idarə edir. Süni intellekt əsaslı sistemdə isə hava və torpaq məlumatları, eləcə də sensorlardan gələn məlumatlar birləşdirilərək analiz edilir və suvarmaya ehtiyac olub-olmaması barədə qərar verilir.

Mütəxəssislər deyirlər ki, bu sistemlər suya inanılmaz qənaət imkanı yaradır. Azərbaycan hökumətinin hazırladığı proqram və strategiyada belə texnologiyaların hər birinin regionların və təsərrüfatların xüsusiyyətlərindən asılı olaraq istifadə imkanları mütləq nəzərdə tutulmalı idi.

Proqramın yaddan çıxardığı daha vacib məsələlərdən biri sudan səmərəli istifadəyə görə stimullaşdırma mexanizminin tətbiqidir. Söhbət təkcə güzəştli şərtlərlə suvarma sistemlərinin satışından getmir. Ən vacib mexanizmlərdən biri daha səmərəli istifadə edən fermerlərə xüsusi subsidiyaların tətbiqidir. Amma bunun üçün, şübhəsiz ki, sayğaclaşmanın tətbiqi vacibdir.

Proqramın daha ciddi çatışmazlıqlarından biri regional xüsusiyyətləri əsas götürərək hər bir region üzrə suvarma sistemlərinin inkişafı və suya qənaət texnologiyalarının tətbiqi ilə bağlı fərqli yanaşmaların ortaya qoyulmamasıdır. Xüsusilə diaqnostika (mövcud vəziyyətin təhlili) hissəsində hansı regionda su itkisinin daha çox olması, bunun səbəbləri, regionlar üzrə suya tələbatın daha çox olduğu bitkilərin əkin miqyası barədə rəqəmlər səsləndirilməlidir ki, təkliflər də buna uyğun hazırlansın.

Ekspertlərin fikrincə, proqramın su bölməsinin zəif tərəflərindən biri quraqlığın idarə olunması ilə bağlı konkret mexanizmlərin nəzərdə tutulmamasıdır. Milli Strategiyada bu məsələyə qısa şəkildə toxunularaq iqlim dəyişikliyinin quraqlığın artmasına təsir göstərdiyi ərazilərin müəyyən ediləcəyi, xəritələşdiriləcəyi və həmin ərazilərlə bağlı mübarizə tədbirlərinin həyata keçiriləcəyi bildirilir. Lakin hansı tədbirlərin görüləcəyi dəqiqləşdirilmir.

Ekspertlər qeyd edirlər ki, beynəlxalq təcrübədə quraqlıqla bağlı milli erkən xəbərdarlıq sistemlərinin yaradılması, regionlar üzrə quraqlığın səviyyəsini ölçən indekslərin hazırlanması və həmin göstəricilər əsasında subsidiyalaşma mexanizmlərinin tətbiqi geniş yayılıb. Bu mexanizmlər yağıntı həcmi, temperatur və rütubət proqnozları, eləcə də su ehtiyatlarının vəziyyəti əsasında fövqəladə tədbirlərin hazırlanmasını, mümkün su məhdudiyyətlərinin tətbiqini və fermerlərin itkilərinin kompensasiyası üçün dəstək alətlərini əhatə edir.

Beləliklə, hökumətin aqrar sektorun inkişafı ilə bağlı 5 illik proqramının son dərəcə strateji əhəmiyyətə malik suvarma məsələsinə yanaşmasında bu qədər vacib məqamlar nəzərə alınmırsa, deməli sənəd problem həll etməkdən daha çox ictimai görüntü üçün hazırlanıb.

Beləliklə, ekspertlərin fikrincə, aqrar sektorun inkişafına dair 5 illik proqramda suvarma kimi strateji əhəmiyyətli sahə üzrə bir sıra vacib məqamların nəzərə alınmaması sənədin problem həllindən daha çox ümumi çərçivə və ictimai təqdimat xarakteri daşıdığı ilə bağlı suallar yaradır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

İcbari Tibbi Sığorta Fonduna ödənişlər niyə azalır?

16 İyun 2026

president.az

Maliyyə Nazirliyi ilin ilk 4 ayı üzrə icmal büdcəni formalaşdıran və hökumətin sərəncam verdiyi ayrı-ayrı büdcələrə dair hesabatı açıqlayıb. Hesabatda diqqət çəkən məqam əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında İcbari Tibbi Sığorta Fonduna məcburi ödənişlərin məbləğinin azalmasıdır. Belə ki, cari ilin qeyd olunan dövründə Fonda 820,5 milyon manat daxil olub ki, bunun 450 milyon manatı dövlət büdcəsinin transfertindən ibarətdir. Yəni, Tibbi Sığorta Fondunun büdcə dəstəyi olmadan gəlirləri 370,5 milyon manat təşkil edir və bu, əvvəlki ilin göstəricisindən 17 milyon manat, yaxud 2,2 faiz azdır. Fondun transfertsiz gəlirləri sahibkarlıq subyektlərinin və muzdlu işçilərin aylıq ödənişlərindən formalaşır. “Tibbi...
İqtisadiyyat

Nazirin sual doğuran müsahibəsi: Özəl sektor güclüdürsə, artım niyə dövlət layihələrindən asılıdır?

13 İyun 2026

president.az

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə İctimai Televiziyaya geniş müsahibə verib. Onun açıqlamalarını “Toplum TV”yə şərh edən müstəqil ekspertlər hesab edirlər ki, nazir müsahibəsində səsləndirdiyi bir sıra fikirlərlə özü-özünü təkzib edib. Belə ki, M. Cabbarov bildirib ki, bu ilin ilk dörd ayında Azərbaycan iqtisadiyyatının gözlənilən tempdə böyüməməsinin əsas səbəblərindən biri dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrin təxirə salınmasıdır. Onun sözlərinə görə, dövlət investisiyaları hesabına reallaşdırılması planlaşdırılan bəzi tikinti layihələri daha sonrakı dövrdə icra olunacaq. Nazir vurğulayıb ki, məhz bu layihələrin təxirə salınması tikinti sektorunda kəskin azalmanın yaranmasına səbəb olub. Bunun ardınca iqtisadiyyat naziri qeyri-neft-qaz sektorunda yüksək artımdan,...

Seçilmiş Videolar

Toplum TV loqo