Manşet

“İş var, işləmək istəyən tapar” - Əliyevin sözləri fonunda artan işsizlik iddiaları

6 Fevral, 2026
214

Foto: president.az

Azərbaycan prezidenti İlham Əliyev bu il yerli telekanallara ilk müsahibəsində işsizlik mövzusuna da toxundu. 

Əliyevin sözlərinə görə, işləmək istəyən Azərbaycanda özü üçün ya inşaatda, ya kənd təsərrüfatında, ya da başqa sahələrdə iş tapa bilər. 

“İşsizlik aşağı səviyyədədir, ancaq işsizlər var və bu, hər bir ölkədə var. İnkişaf etmiş ölkələrdə bizdən də böyük faizlə ölçülən işsizlik var. Amma mənim sözüm odur ki, bu gün Azərbaycan kimi ölkədə, geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Sadəcə olaraq, bəziləri bəlkə də onlara təklif olunan işlərlə razı deyillər, ona görə iş axtarmağa davam edirlər”, - o əlavə edib. 

Deputat Fazil Mustafa da Milli Məclisin fevralın 2-də keçirilən plenar iclasında dövlət qurumlarında kütləvi ixtisarlar nəticəsində yüzlərlə insanın işsiz qaldığını deyib

“Bu insanlara ya alternativ iş yerləri təklif olunmalı, ya da sosial müdafiə mexanizmləri işə salınmalıdır. Təəssüf ki, bəzi hallarda işdən azad edilən şəxslərə başqa qurumlara yönləndirmə ilə bağlı deyilənlər praktikada öz təsdiqini tapmır, insanlar müraciət etdikdə həmin iş yerlərinin mövcud olmadığı ilə üzləşirlər”, - o qeyd edib. 

Bu ildən başlayaraq Bakı Metropoliteni, Bibiheybət Gəmi Təmiri Zavodu, TƏBİB kimi qurumlarda kütləvi ixtisarlar həyata keçirilib. 

“Toplum TV”-yə müraciət edən şikayətçilərin də çoxu məhz işsizlikdən gileylənir. 

Ağstafa sakini, İkinci Qarabağ Müharibəsi iştirakçısı Rəsul Ələsgərov deyir ki, müharibədə iştiraka görə ayrılan aylıq 80 manat təqaüddən başqa gəliri yoxdur. Onun sözlərinə görə, işlə təmin olunmaq üçün Ağstafa Rayon İcra Hakimiyyətinə və Dövlət Məşğulluq Agentliyinə dəfələrlə müraciət etsə də, faydası olmayıb. 

“Məşğulluq Agentliyinin işçisi mənə deyir ki, get Qarabağda fəhlə işlə. Biz almışıq torpaqları, məmur balaları getsinlər orada fəhləlik etsinlər də. Fəhləlik ancaq kasıbın alnına yazılmayıb ki?”, - o söyləyib. 

Dövlət Statistika Komitəsinin (DSK) bu il yanvarın 1-ə olan məlumatına görə, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı 239,800 nəfərdir. 

Müstəqil iqtisadçılar isə deyir ki, qeyri-rəsmi işsizlərin sayı bundan dəfələrlə çoxdur. 

DSK həm də bildirir ki, ötən ilin yanvar-sentyabr aylarında ölkədə 77 mindən çox yeni iş yeri yaradılıb. 

Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov isə ötən ilin yekunlarına dair mətbuat konfransında deyib ki, ölkədə 60 mindən çox vakansiya var. 

“Toplum TV”-yə danışan iqtisadçı, Açıq Azərbaycan Təşəbbüsünün təsisçisi Zöhrab İsmayıl isə bildirir ki, bu rəqəm ölkədə əmək bazarının ümumi vəziyyətini tam əks etdirmək üçün yetərli deyil. 

“Əmək bazarını reallığa uyğun şəkildə əks etdirəcək göstərici median əmək haqqıdır [ümumi əməkhaqqı cədvəlinin tən ortasında qərarlaşan işçinin məvacibi - red.]. Hökumət isə bu göstəricini mütəmadi açıqlamır. Ən son 2022-ci ildə mətbuata deyilib ki, Azərbaycanda median əmək haqqının məbləği 410 manatdır. Bu isə o deməkdir ki, Azərbaycanda əmək haqqı alan insanların yarısı 410 manatdan az məvacib alır”, - o qeyd edib. 

İqtisadçı əlavə edir ki, hökumət yeni açılan iş yerlərinin sayını açıqlasa da, bağlanan iş yerlərinin sayını ictimaiyyətə açıqlamır. 

“Buna görə də, “iş var, insanlar işləmək istəmir” demək məsuliyyəti vətəndaşın üzərinə atmaqdır. Hətta elə bir problem varsa da, bununla məşğul olmaq Məşğulluq Agentliyinin öhdəliklərindən biridir. Biz görürük ki, inkişaf etmiş ölkələrdə məşğulluq orqanları vətəndaşlarla, o cümlədən miqrantlarla birbaşa işləyir. İş axtaranı işə hazırlamaq lazımdır. İxtisasartırma layihələri olmalıdır. Yeri gəlmişkən, bu iş yerləri haradadır? Məşğulluq orqanlarının saytında biz bunların elanını görürükmü?”, - o sual edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo