Manşet

Məhkəmə yeniyetməni zorlayan hərbçiyə "homoseksuallıqdan əziyyət çəkdiyinə görə" yüngül cəza verib

10 Sentyabr, 2025
127

Foto: açıq mənbə

Naxçıvan sakini Novruz Musayev sosial mediada video yayımlayaraq 15 yaşlı oğlunun üç hərbçi tərəfindən zorlandığını bildirib. 

Musayev videomüraciətində iddia edib ki, onlardan biri Kəngərli Rayon Hərbi Prokurorluğuna rüşvət verərək azadlığa çıxıb, digərləri isə müvafiq olaraq bir il və doqquz ay müddətinə həbs cəzasına məhkum olunublar.

Ata videoda prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək hərbçilərin ədalətli şəkildə cəzalandırılmasını istəyib. 

Musayev bildirib ki, oğlu məhkəmədə onu zorlayan hərbçilərin adlarını çəkib, lakin hərbi prokuror onun ifadəsini rədd edib.

“Oğlumu məktəbdən, hazırlıq kurslarından qovdular. Mənim oğlumun taleyi necə olacaq? Həyatımız qaranlığa qərq olub”, – deyə Musayev videoda qeyd edib. 

Ata “OC Media”ya açıqlamasında zorlamadan yalnız polis istintaqından sonra xəbər tutduqlarını deyib. 

“Həyat yoldaşım mənə dedi ki, oğlumuz gizlincə mobil telefondan istifadə edirmiş. Mən də ondan telefonu istədim, amma o evdən qaçdı. Mən polisə müraciət etdim ki, telefonu tapsınlar, çünki kiminsə onu narkotik alverinə məcbur edib-etmədiyindən qorxurdum. Hər şeydən narahat idim və zorlamadan xəbərimiz yox idi”, - o bildirib. 

“OC Media”nın surətini əldə etdiyi hərbi məhkəmənin hökmünə görə, hərbi rütbəsi baş gizir olan, 30 yaşlı, sürücü-mexanik vəzifəsində çalışan şəxs azyaşlı oğlana sosial media hesabı vasitəsilə yazıb. 

Hökmdə adı Pənahov kimi göstərilən məhkum 15 yaşlı oğlana qarşı seksual hərəkətlər etdiyini və dəfələrlə onu zorladığını təsdiqləyib. 

Pənahov eyni zamanda evli olduğunu və ailəsinin "yeganə çörəkqazananı" olduğunu əsas gətirərək hakimdən cəzasının yüngülləşdirilməsini xahiş edib. 

“Təqsirləndirilən şəxs ‘homoseksuallıq’ adlı psixi xəstəlikdən əziyyət çəkir, bu da onu zərərçəkmişlə cinsi əlaqədə olarkən və ona qarşı seksual xarakterli hərəkətlər törədərkən hərəkətlərinə nəzarət etmək qabiliyyətindən məhrum edib və bu xəstəlik orqanizmin ümumi xəstəliyi nəticəsində yaranıb. Onda ‘homoseksuallıq əlamətləri’ müşahidə olunur. O nə psixiatrik, nə də narkoloji dispanserdə qeydiyyatda olub”, – deyə hökmdə yazılıb. 

Hökmə əsasən, Pənahov doqquz ay müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin, vəzifə tutmaqdan bir il müddətinə məhrum olunub.

Musayevin "OC Media"ya təqdim etdiyi ikinci hökmün surətində digər hərbçinin Əsədov soyadlı, 26 yaşlı leytenant olduğu görünür. 

Məhkəmə sənədlərinə görə, o, bir il müddətinə azadlıqdan və bir il yarım müddətinə müəyyən vəzifələri tutmaqdan məhrum olunub.

Musayev "OC Media"ya bildirib ki, Əsədovun qardaşı da zorlayanlardan biri olub, lakin o, bu barədə Kəngərli Prokurorluğuna məlumat verəndə, prokuror ondan sübut istəyib.

“Cinayət işi bu üç nəfər barəsində açılmışdı, amma prokuror onlardan birini azad etdi, baxmayaraq ki, oğlum onun adını dedi. Prokuror məndən sübut istədi və ekspertizanın nəticəsini qəbul etmədi. Onlar məsələni rüşvətlə həll etdilər, mən isə kasıb adamam, vəkil tutmağa pulum yoxdur”, – Musayev vurğulayıb.

Hökmdə, həmçinin, qeyd olunub ki, tibbi ekspertizalar oğlanın bundan əvvəl də cinsi əlaqədə olduğunu üzə çıxarıb. Bu nəticənin yekun hökmə nə dərəcədə təsir etdiyi isə aydın deyil.

Musayev bildirib ki, oğlu üçün ədalət istəyir və hökm çıxarılandan sonra apellyasiya şikayəti verib.

“Prokuror boynundan medal asmağı xoşlayır. Necə ola bilər ki, onlara cəmi doqquz ay və bir il həbs cəzası verilsin?”, – Musayev sual edib. 

Cinayət Məcəlləsinə görə, 14–16 yaş arası uşaqlarla “cinsi əlaqədə olan” şəxslər bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Əsgər ölümünə görə həbsdə olan komandir və tibbi xidmət rəisi azadlığa buraxılıb

11 Sentyabr 2025

Foto: açıq mənbə

Ötən il itkin düşən əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı həbs edilmiş komandir və tibbi xidmət rəisi azadlığa buraxılıb. “Qafqazinfo”nun xəbərinə görə, Naxçıvan Ali Məhkəməsi bu barədə qərar çıxarıb.  Qərara əsasən, polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyevin cəzalarının qalan hissəsi şərti hesab olunub.  Hadisə ötən ilin iyunun 9-da baş verib. Əsgər Ceyhun Hüseynov xidmət etdiyi hərbi hissədən naməlum şəraitdə itkin düşüb, iki gün sonra isə odlu silahla vurulmuş nəşi tapılıb. Məhkəmə istintaqı ekspert rəylərinə istinadla əsgərin intihar etdiyini bildirib.  Hüseynovun komandiri və hərbi hissənin tibb xidməti rəisi hadisə ilə bağlı vaxtında zəruri tədbirlər görməməkdə təqsirləndirilərək, Naxçıvan Hərbi...
Manşet

Nərgiz Absalamova “Azad Media” mükafatına layiq görülüb 

9 Sentyabr 2025

Foto: VOA

“Abzas Media”nın həbsdə olan jurnalisti Nərgiz Absalamova Norveç və Almaniya təşkilatlarının həmtəsis etdiyi mükafata layiq görülüb.  Sentyabrın 9-da dərc edilən press-relizdə Norveçin “Fritt Ord” və Almaniyanın “ZEIT Stiftung Bucerius” fondları Absalamova da daxil olmaqla müxtəlif ölkələrdən olan bir qrup jurnalisti “Azad Media” mükafatına layiq görüb.  Press-relizdə qeyd olunur ki, Absalamova “Abzas Media”dakı “cəsarətli reportajları və qısa sənədli filmlərinə görə” mükafatlandırılıb.  “O, xüsusilə, iqlim məsələləri, korrupsiya və sosial hüquqlar barədə xəbərlər hazırlamağa özünü həsr edib. Absalamova həssas yerli icmalardan olan insanların, həmçinin ayrı-seçkiliyin qurbanı olan qadınların və gənclərin səsinə səs verib. Onun videoreportajları sosial mediada milyonlarla baxış toplayıb və vətəndaş cəmiyyətinə...

Seçilmiş Videolar

Toplum TV loqo