Manşet

Ruslan İzzətli: “Sonradan biləcəkdik ki, əslində Dağlıq Qarabağın qapısı gəldiyimiz bu təpələr olacaq”

14 Noyabr, 2025
242

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, III Respublika Platformasının üzvü Ruslan İzzətli həbsxanadan İkinci Qarabağ Müharibəsindən xatirələrini paylaşmağa davam edir.

R.İzzətlinin xatirələrinin dördüncü hissəsi onun “Facebook” səhifəsində paylaşılıb.

Yazının birinci, ikinci və üçüncü hissələrini saytıımızda oxuya bilərsiniz. 

Ailəmlə telefonla danışırdım. Bu zaman mayor İsgəndərov bizim bölüyün cəmləşmə yerinə gəldi və bununla da nəsə hərəkətlilik yarandığını gördüm. Düşündüm ki, yəqin əmr gəlib və biz döyüş meydanına gedirik. Bu an sonuncu dəfə oğlumun səsini eşitmək istədim.

Sonuncu dəfə deyirəm, çünki hər an hər şey ola bilərdi. Mən onun səsini bir daha eşitməyə, böyüdüyünü görməyə bilərdim…

O zaman oğlum çox balaca idi və hələ danışmırdı. Amma yenə də yoldaşıma dedim ki, telefonu oğluma ver, qığıltısını da olsa eşidim, telefondan belə olsa nəfəsini duyum. Çünki bilirdim ki, elə bir yola giririk ki, bunun dönüşü olmaya da bilər. Yoldaşımla sağollaşdım. Dedim: xəstə var, həkim çağırır, xəstənin sarğısını dəyişməliyik.

Yoldaşıma Beyləqanda xəstəxanalardan birində yaralılara kömək etmək üçün aparıldığımı demişdim. Çünki ona “döyüşdəyəm” deyib üzmək istəmirdim. Amma özümdən asılı olmayaraq, hər danışanda ondan güclü olmağını istəyirdim. Oğlumuzun tək güvəncinin o olduğunu deyirdim. Sanki məndən asılı olmayaraq vidalaşırdım. O da hər bu haqda danışanda kövrəlir və “sən döyüş meydanındasan” deyirdi. Ancaq mən arxada olduğumu bildirirdim, amma yenə də hər şeyə hazır olmasını istəyirdim…

Bir anlıq düşündüm, mən ailəmlə vidalaşarkən onlar bu qədər acı çəkirsə, gör şəhid düşmüş dostlarımın ailələri nə haldadır. Telefonda sağollaşıb mayor İsgəndərovun yanına getdim.

Dedi ki, hazırlaşın, sizin qrup döyüşə girir. O əmrə qədər səssiz duran əsgərlərin silaha necə sarıldığını gördüm. İlk işim silahımı götürmək oldu.

Silahımı iki saat əvvəl təmizləmişdim. Qazaxdan olan əsgər yoldaşım Coşqun Rəhimov səhərlər gəlib deyirdi ki, “doktor, silahlarımızı təmizləyəkmi?”

Biz onunla bunu adət halına gətirmişdik.

Tibb xidməti ali təhsilli olduğum üçün dərmanları, sarğıları bölükdə mənə verirdi. Mən də əsgərlər xəstələnəndə onlara dərman verər, əlləri, ayaqları yaralanda bint qoyardım. Ona görə səfərbərliklə gələnlər və bölüyümüzün təzə əsgərləri mənə “doktor” deyirdi. Mən də hər zaman etiraz edirdim ki, “doktor” deyib yeddi il tibb universiteti oxuyanların haqqına girməyək.

Coşqunla silahımı təmizləyib tibb çantamın yanına qoymuşdum. Silahımı götürdüm, tibb çantamı doldurmağa başladım. Dedilər ehtiyac yoxdur, qabaqda bint və digər tibbi ləvazimatlar olacaq.

Dedim: mənə uşaqlar deyirdi ki, yaralılara ilkin tibbi yardım lazımdır ki, qan axmadan ölüm olmasın. Çantamı götürəcəm. Biz hazırlaşana qədər birinci kamaz şəxsi heyətini topladı. “Kamaz”ın qarşısında qrup rəhbəri kimi leytenant Əliqismət Əsədov oturdu.

“Kamaz”ın arxasınca qaçdım. Dedilər: “İkinci kamaz çıxır, sən ona min.” Əliqismət Əsədov o zaman mənə baxdı, dedi: “İzzətli, gəlmirsən?” - dedim: “Cənab leytenant, arxanızca gəlirəm.” Dedi: “Gəl, döyüşdə qoyma ölüm.” O söz mənə çox təsir etdi. Dedim: komutan, nə olursa olsun, gələcəm.

İkinci kamaza mindim. Kamaz toz-duman içində irəliləyərkən biz mahnı oxuyurduq. Ölümün üzərinə gülərək gedən gəncliyi o zaman gördüm…

“Kamaz”da olanlara göz gəzdirdim. Bölüyümüzdən yalnız müddətdən artıq əsgər İbrahimli Fərid var idi. Bir neçəsi “Kamaz”a minməmişdi. O “Kamaz”a minməyənlər indi hökumətdən qazi kimi haqq tələb edir. Döyüşənlər isə bir kənarda qalıb.

Mən döyüşə gedirik sevinci ilə çantamı hazırlayıb “Kamaz”a atlananda diqqət etməmişdim ki, bizim bölükdən kim var. “Kamaz”ın arxasında oturub qonşu bölüyün əsgərləri ilə yüksək səslə mahnı oxuyurduq. Birdən kimsə arxadan səsləndi - “Doktor, ya çantanı, ya dasilahını ver, saxlayım; ayaq üstündə sizə ağır olar.” Geriyə döndüm ki, bu səs hər gün birlikdə silahımızı təmizlədiyimiz əsgər Coşqun Rəhimovun səsidir.

Təpələrin arası ilə “Kamaz" irəliləyir. Qarşı yüksəkliklərdə isə düşmən mövqeləri var. “Kamaz” sürətini artırırdı ki, düşmən minamyotuna tuş gəlməsin.

Xocavənddə “Üçtəpə” deyilən əraziyə gəldik. Sonradan biləcəkdik ki, əslində Dağlıq Qarabağın qapısı gəldiyimiz bu təpələr olacaq.

Davamı olacaq…


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo