Məhkəmə

Ali Məhkəmə İqbal Əbilov barədə hökmü qüvvədə saxladı 

11 İyun, 2026
413

Sosial media

İyunun 11-də Ali Məhkəmədə həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun kassasiya şikayətinə baxılıb. 

Yaxınlarının yaydığı xəbərə görə, İqbal Əbilov məhkəmə iclasına üzərində türkiyəli şair Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?” misrasının talış dilinə tərcüməsi olan “Mı nısutom, tı nısutoş, əmə nısutəmon çoxnə ruşin bəbe ım zılmot?” sözləri yazılmış futbolka ilə qatılıb.

Bildirilir ki, prosesdə İ.Əbilov əvvəlcə məhkəmədən ona Azərbaycan dilindən talış dilinə tərcüməçi təyin edilməsini istəyib. O, bunu təqsirləndirilən şəxs kimi anladığı dildə tərcüməçi ilə təmin olunmaq hüququna malik olması ilə əsaslandırıb. Amma hakimlər kollegiyası bu vəsatəti rədd edib.

İ.Əbilov isə qərara etiraz olaraq məhkəmədə geniş çıxışdan imtina edib. O, ingilis dilində qısaca bu sözləri deyib: "Mən bütün insanların, etnik qrupların və dillərin bərabərliyinə inanıram. Sizin talış dilindən tərcüməçi dəvət etməmək qərarınız göstərir ki, siz və təmsil etdiyiniz sistem ölkə vətəndaşlarının və xalqlarının bərabərliyinə inanmırsınız. Mənə qarşı açılan cinayət işi kimi, bu qərar da sistematik diskriminasiyadır. Buna etiraz olaraq, burada başqa çıxış etməyəcəyəm".

Dövlət ittihamçısı çıxışında Azərbaycanda etnik diskriminasiyanın olmadığını bildirib. Məhkəməyə sədrlik edən hakim İlkin Rəcəbov da bu mövqeyi dəstəkləyərək qeyd edib ki, ölkədə diskriminasiya mövcud olsaydı, talış əsilli bir hakimin belə bir prosesə sədrlik etməsi mümkün olmazdı. Hakim özünün də talış əsilli olduğunu vurğulayıb.

İqbal Əbilov isə cavabında hakimin etnik mənsubiyyətinin ölkədə etnik diskriminasiyanın olub-olmaması məsələsinə dəlalət etmədiyini bildirib. O, dövlət ittihamçısına etnik diskriminasiya anlayışını daha dərindən araşdırdıqdan sonra bu mövzuda fikir bildirməyi tövsiyə edib.

Əbilov həmçinin ittiham tərəfinin onun işi ilə bağlı kifayət qədər araşdırma aparmadığını və irəli sürülən ittihamların yetərincə əsaslandırılmadığını qeyd edib.

Müdafiə tərəfi çıxış edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Lakin məhkəmə İ.Əbilovun 18 il azadlıqdan məhrum edilməsi barədə aşağı instansiya məhkəmələrinin qərarlarını dəyişməz saxlayıb.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb.

İttihama görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində günahlandırılır. Əbilova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən BMT məruzəçiləri, İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo