Məhkəmə

Baş Prokurorluq: "Mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər məsuliyyətə cəlb olunub"

23 Fevral, 2026
206

Foto: açıq mənbə

Azərbaycan Baş Prokurorluğu İnzibati Xətalar Məcəlləsinə yeni əlavə olunan, internet və sosial şəbəkələrdə "əxlaqsız ifadələr" və "milli-mənəvi dəyərlərə zidd hərəkətləri" qadağan edən maddənin icrası ilə bağlı bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, yanvarın 26-da qüvvəyə minmiş maddənin icrası çərçivəsində "mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib".

"Aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onların 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub", - deyə əlavə olunub. 

Baş Prokurorluq "təəssüflə" qeyd edib ki, yeni maddənin qüvvəyə minməsinə və bu mövzuda "ictimai xadimlərin təbliğat aparmasına baxmayaraq, bu sistemli çağırışlara məhəl qoymayan, cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrup şəxslər hələ də mövcuddur". 

"İnternet informasiya məkanını dəyərsiz və əxlaq normalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cür fəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvi sağlamlığına ciddi təhdid yaradır. Xüsusilə, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur", - açıqlamada deyilir. 

Baş Prokurorluq sonda bildirib ki, "milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcəkdir". 

İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) yanvarın 26-da prezident tərəfindən təsdiqlənib. 

İndiyə kimi mətbuatda yayılan xəbərlərə görə, bu maddə üzrə saxlanılan şəxslərin bir qisminə 8 sutkadan 1 aya qədər həbs cəzası verilib. Himayəsində azyaşlı uşaq olanlar isə 500 manatdan 750 manata qədər məbləğdə cərimə olunub. 

Onların konkret hansı ifadələr və paylaşımlara görə məsuliyyətə cəlb olunduğu açıqlanmır. 

Hüquqşünaslar isə bildirir ki, Azərbaycanda "əxlaq" və "mənəvi dəyərlər" anlayışlarını tərif edən qanunvericilik yoxdur və bu, maddədən sui-istifadəyə gətirib çıxara bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo