Məhkəmə

Bəşir Süleymanlı: "Necə olur, Zahid Oruc USAID-in Qarabağa pul ayırmasını təklif edir, biz isə buna görə həbs olunuruq?"

13 Fevral, 2026
350

Foto: açıq mənbə

Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan direktoru, hüquq müdafiəçisi Bəşir Süleymanlının növbəti məhkəmə prosesi keçirilib.

Posesdə çıxış edən B.Süleymanlı ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini, ittihamların əsassız olduğunu deyib.

B.Süleymanlı fəaliyyətini qanuni yollarla həyata keçirdiyini söyləyib. O, xidmət müqaviləsi ilə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAID) alınan vəsaitlə Azərbaycanın bölgələrində müharibədən əziyyət çəkən şəxslərə, şəhid ailələrinə və müharibə iştirakçılarına pulsuz hüquqi yardım edildiyini bildirib. 

B.Süleymanlı daha sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun 2024-cü il martın 15-də Milli Məclisdə çıxışı zamanı Azərbaycan hökumətinə ABŞ və Avropa İttifaqından "işğalın nəticələrini aradan qaldırmaq üçün kömək istəməyi" təklif etdiyini xatırladıb. Z.Oruc həmin çıxışında deyib ki, “əgər milli tikinti şirkətlərinə onların inamı azdırsa, USAID-in xətti ilə öz tikinti qurumlarına sifariş versinlər”.

"Necə olur ki, bir tərəfdən deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc USAID-in işğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə cəlb edilməsindən danışır, digər tərəfdən isə istintaq QHT-lərin USAID-dən xidmət müqaviləsi və bank vasitəsi ilə vəsait almalarını cinayət əməli hesab edir?", - o sual edib. 

B.Süleymanlı Z.Orucun həmin açıqlamasının çap formasını da məhkəməyə təqdim edib.

Hüquq müdafiəçisi Ədliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin və başqa bir neçə dövlət qurumunun USAİD-dən vəsait aldıqlarını da məhkəmənin diqqətinə çatdırıb.

B.Süleymanlı bildirib ki, istintaq orqanı ittiham aktında onun Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfirliyinin "şəxsiyyətləri istintaq tərəfindən müəyyən edilməmiş şəxsləri ilə" əlbir olaraq onlardan qrant aldığını yazıb.

B.Süleymanlı və vəkili vəsatət verib ki, məhkəmə adıçəkilən səfirliyə sorğu göndərərək onunla xidmət müqaviləsi bağlayan şəxslərin kimliyini müəyyənləşdirsin. Məhkəmə vəsatəti təmin etməyib.  

Sonra hüquq müdafiəçisi Samir Kazımlı məhkəmədə ifadə verib. O, B.Süleymanlının qanun pozuntusuna yol vermədiyini, onun rəhbəri olduğu təşkilatın cəmiyyətin müxtəlif qruplarına pulsuz hüquqi yardım etdiyini bildirib.

Növbəti məhkəmə iclası martın 12-i saat 17:00-a təyin olunub.

Bəşir Süleymanlı ötən ilin martında saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. 

“QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. İlk olaraq Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay saxlanılıb. Apreldə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.

İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.

Onlara qarşı cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq maddələri üzrə ittiham irəli sürülüb.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.

Bundan başqa, “Hüquq və İnkişaf” İB rəhbəri Hafiz Həsənov, sabiq GMF məsləhətçisi Mehriban Rəhimli və digərləri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo