Məhkəmə

İlkin Əmrahov: ”Azərbaycan elə bir yerdir ki, siqaret çəkməyənin üstündən narkotik çıxır”

27 Aprel, 2026
418

Toplum TV

Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən proses hal şahidi kimi tanınan şəxslərin dindirilməsi ilə davam edib. 

Əvvəlcə təqsirləndirilən şəxslərdən "Toplum TV" əməkdaşı Elmir Abbasovun evindəki axtarışda iştirak etmiş Səid adlı şahid ifadə verib. Şahid onu dindirən vəkil Zibeydə Sadıqovanın əksər suallarına "yadımda qalmayıb" deyə cavab verib. O, vəkilin sualına cavab olaraq deyib ki, ilk dəfə polisin əməliyyatında bu cür şahid kimi iştirak edib. 

"İlk dəfə iştirak etdiyiniz bir şey necə yadınızda qalmaya bilər?", - vəkil sual edib. 

Bu zaman A.Tağıyev vəkilin sözünü kəsərək şahidi müdafiə edib: "Deyir, yadımda qalmayıb da!" 

Səid adlı şahid daha sonra evdən 3 min avroya yaxın pulun tapıldığını iddia edib. E.Abbasov isə pulun ona və ya ailəsinə aid olmadığını deyib. 

Daha sonra təqsirləndirilən şəxslər vəsatətlər veriblər. 

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı İlkin Əmrahov evində axtarış zamanı tapıldığı iddia olunan 2700 avro vəsaitin sübutlar siyahısından çıxarılması və sübutların yenidən qiymətləndirilməsi üçün vəsatət verib. 

"Axtarışda hal şahidi kimi iştirak edən şəxs də burada dedi ki, mən axtarış zamanı pulların mənə aid olmadığını demişəm. Azərbaycan elə bir yerdir ki, siqaret çəkməyənin üstündən narkotik çıxır, camaatın yastığının altından silah çıxır. Evimdə axtarış zamanı çəkilişin aparılmaması, babamın həbslə təhdid olunması və digər amillər də sübut edir ki, mənim həbsim qeyri-legitim əsaslarla həyata keçirilib", - deyərək o, vəsatəti əsaslandırıb. 

"Toplum TV" əməkdaşı Fərid İsmayılov isə Medianın İnkişafı Agentliyinin direktoru Əhməd İsmayılovun məhkəməyə çağırılıb dindirilməsi üçün vəsatət verib. 

"Deyirsiniz, cinayətkar qrupun jurnalisti olmuşam. Əhməd İsmayılov gəlsin, desin, qaçaqmalçılığı təbliğ etmişəm, ya göstərmişəm?", - o qeyd edib. 

Təqsirləndirilən şəxslərdən "Toplum TV"-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli isə növbəti dəfə ev dustaqlığına buraxılması üçün vəsatət verib. O, boğazındakı şişlərin müalicəsi üçün endokrinoloqa və qanın hormonal müayinəsinə ehtiyacı olduğunu, lakin Bakı İstintaq Təcridxanasında bunların heç birinin olmadığını bildirib. 

"İki ildir vəsatətlər verirəm, siz təcridxanaya sorğu göndərirsiniz, onlar da deyir ki, Ələsgər Məmmədlinin xəstəliyi müşahidəmiz altındadır. Bəzən 24-36 saat fasiləsiz başağrılarım olur. Xəstəliyim qarşısıalınmaz nöqtəyə çatmadan müalicəsi ilə məşğul olmaq istəyirəm. İndiyədək şahidlərə, hətta sizə təsir edə biləcəyim əsası ilə məni ev dustaqlığına buraxmamısınız. Şahidlərin dindirilməsi bitib. Məhkəmə prosesinə isə hörmət edirəm və elə adam da deyiləm ki, sizə təzyiq göstərim", - o, hakimə xitabən deyib.

Vəsatəti müdafiə edən vəkillər Zibeydə Sadıqova və Fuad Ağayev Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar hallarda Azərbaycan hökumətinə qarşı çıxardığı qərarları xatırladıblar. 

Adınca təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də

Ələsgər Məmmədli barədə danışıb: “Ələsgər Məmmədli zərərsiz insandır. O, hər zaman öz peşəsini öyrətməyə çalışıb. Hətta ADA Universitetində dərs keçdiyi dövrlərdə də bu yanaşmanı davam etdirib. O, nə iqtidar, nə də müxalifət arasında seçim edib. Peşəsinin tələbi olaraq həm bu tərəfin, həm də digər tərəfin dəvət aldığı bütün tədbirlərdə iştirak edib. Bu səbəbdən, onun azadlığı əksinə hökumətə baş ucalığı gətirər, çünki bir ziyalının məhvinin qarşısı alınmış olar”.

Ruslan İzzətli daha sonra təcridxanada tibbi xidmətin lazımi səviyyədə olmadığını bildirib.

“Təcridxanaya gələn bir həkim dalağından şikayət edən bir məhbusa dedi ki, sənin dalağında heç nə yoxdur. Bundan sonra məhbus cavab verib ki, mənim ümumiyyətlə dalağım yoxdur, bir neçə il əvvəl götürülüb. Bu həkimlər 600-700 manata işləyirlər. Hansı savadlı həkim bu maaşa işləyər?” - deyə o bildirib.

Məhkəmə vəsatətləri təmin etməyib. 

Növbəti məhkəmə prosesi mayın 4-ü saat 10:00-a təyin olunub. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo