Məhkəmə

"Toplum TV işi": Fərid İsmayılov evindən tapıldığı iddia olunan pulun ona verilməsini tələb edib

2 Fevral, 2026
403

Foto: Toplum TV

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə bu dəfə istintaq çərçivəsində ekspert rəyi hazırlamış, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssisi Nəsimi Süleymanov dindirilib. Təqsirləndirilən şəxslər və vəkilləri mütəxəssisə suallar verib. 

Ekspertiza rəyində təqsirləndirilən şəxslərin 79 min manatdan çox məbləğdə vergidən yayındığı iddia olunub. Təqsirləndirilən şəxslərdən "Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli N.Süleymanovdan bu rəqəmin hansı yoxlamalar nəticəsində əldə olunduğunu soruşub. 

Mütəxəssisin cavabından məlum olub ki, nazirlik tərəfindən "Toplum TV" və Demokratik Təşəbbüslər İnstitutunda heç bir yoxlama keçirilməyib. Ə.Məmmədli məhkəmənin diqqətinə çatdırıb ki, qanunvericilikdə Vergi Xidmətinin səyyar və kameral yoxlamalarından başqa vergidən yayınma hallarını müəyyən edəcək üsul yoxdur. 

N.Süleymanov da cavabında təsdiqləyib ki, rəyin hazırlanmasında sadəcə istintaq orqanının təqdim etdiyi rəqəmlərə əsaslanıb və vergi borcu olduğu iddia olunan rəqəmi hesablayıb. 

Ə.Məmmədli məhkəməyə xatırladıb ki, onun müxtəlif beynəlxalq qurumlardan xidmət müqaviləsi əsasında aldığı ödənişlər istintaq orqanı tərəfindən qrant kimi təqdim olunub. O, nazirlik nümayəndəsindən qanunvericiliyə əsasən xidmət müqavilələrinin hansı dövlət qurumunda qeydiyyatdan keçirilməli olduğunu soruşub. 

Mütəxəssis bu suala cavab verə bilməyib. Ə.Məmmədli suala özü cavab verərək bildirib ki, qanunvericilikdə xidmət müqavilələrinin qeydiyyata alınması ilə bağlı tələb yoxdur. 

"Xidmət müqaviləsinin qeydiyyatdan keçirilməsi ilə bağlı tələb yoxdursa, mən onları harada qeydiyyatdan keçirə bilərdim? Bu müqavilələr əsasında aldığım və bank hesabımdan çıxardığım vəsaitlər üzrə mənfəət vergisini isə ödəmişəm və bu barədə arayışları məhkəməyə təqdim etmişəm", - o əlavə edib. 

Təqsirləndirilən şəxslərdən "Toplum TV”-nin əməkdaşı Fərid İsmayılov da mütəxəssisə suallar verib. O, özünə aid olan vergidən yayınma  sübutlarının məhkəməyə təqdim olunmasını tələb edib. N.Süleymanov onun suallarına cavab verə bilməyib. 

Jurnalist də etiraz olaraq iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin məhkəməyə çağırılmasını tələb edib. Məhkəmə onun vəsatətini təmin etməyib. 

Təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də M.Cabbarovun məhkəməyə gətirilməli olduğunu deyib. O xatırladıb ki, ittiham aktında ona 11 min ABŞ dolları məbləğində köçürmə olduğu yazılsa da, sənədlərin tədqiqi mərhələsində belə bir sənədə rast gəlinməyib. 

Daha sonra hakim təqsirləndirilən şəxslərdən "Toplum TV”-nin redaktoru Müşfiq Cabbarın üzərindən müxtəlif şəxslərə çatmalı olan pul vəsaitlərinin tapılması iddiası barədə sual verib. 

M.Cabbar iddianı rədd edib və bildirib ki, üzərində yalnız videokamera olub. 

"Üzərimdən pul vəsaitlərinin olduğu zərflər tapıldığı doğrudursa, ittiham tərəfi bununla bağlı protokol tərtib etməli idi", - o əlavə edib. 

Müdafiə tərəfi məhkəmənin diqqətinə çatdırıb ki, M.Cabbar saxlanılan zaman - 2024-cü ilin martın 6-da belə bir protokol tərtib olunmayıb. Yalnız həmin ilin oktyabrında istintaq orqanı belə bir iddianın olduğu, M.Cabbarın özünün imzası olmayan protokol hazırlayıb və sənədlərə əlavə edib. Həmin müddətdə isə M.Cabbar azadlıqda olmayıb. 

Daha sonra Fərid İsmayılov vəsatət verib. O vurğulayıb ki, onun saxlanılması barəsində Xətai Rayon Məhkəməsinin qərarı olsa da, evində axtarış və hər hansı pul vəsaitinin götürülməsi ilə bağlı qərar olmayıb. Polislər isə onun evindən 3 min avrodan çox məbləğdə vəsaitin tapıldığını iddia ediblər. 

"Bu pul mənə məxsus olmayıb. Olsaydı belə, polis onu götürə bilməzdi, çünki bu barədə məhkəmə qərarı olmayıb. Deməli, istintaq orqanı oğurluq edib. Demirsiniz mənim pulumdur? O zaman qaytarın pulumu", - o deyib. 

Növbəti məhkəmə prosesi fevralın 9-a təyin olunub.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo