Məhkəmə

"Toplum TV işi": “İstintaq orqanı yatıb-durub, birdən yadına düşüb ki, bizi həbs etmək lazımdır”

2 Mart, 2026
352

Foto: Toplum TV

Martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər vəsatətlər qaldırıblar. 

"Toplum TV" əməkdaşı Fərid İsmayılov məhkəmə proseslərində iştirak etməməsi üçün vəsatət verib. O, bunu cinayət işini və prosesləri ədalətli hesab etməməsi ilə əsaslandırıb. 

"İndiyə kimi məndən çox vəsatət verən olmayıb burada. Hətta [digər təqsirləndirilən şəxs] Əli Zeynal mənimlə zarafat edir buna görə. Heç birini təmin etməmisiniz. Cinayət işində mənimlə bağlı yeganə məqam odur ki, "Toplum TV"-də jurnalist işləmişəm. Mən başa düşmürəm, "Toplum TV" silahlı qruplaşmadır, nədir? Bizim efirimizə parlamentin deputatları çıxıb. İki ildir bura gəlib-gedirəm, hələ də mənə aydın deyil ittihamlar", - o deyib.

Jurnalist məhkəməyə gətirilmə şəraitinin pisliyini də vəsatət üçün əsas olaraq qeyd edib. 

"Naxçıvanda çəkilişə getmişdim. 6 kvadrat metrlik yük maşınında 10 baş heyvan daşıyırdılar. Bizi isə məhkəməyə 6 kvadrat yerdə 15 nəfər olmaqla gətirirlər", - o bildirib. 

F.İsmayılovun vəkili Zibeydə Sadıqova da müvəkkilinin səhhətinin pis olduğunu xatırladaraq vəsatəti müdafiə edib. 

Hakim isə jurnalistin məhkəməyə gəlməməsi üçün əsas olmadığını deyərək vəsatəti təmin etməyib. 

Daha sonra vəsatət qaldıran "Toplum TV" həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli istintaqa ekspert rəyi vermiş Dövlət Vergi Xidmətinin əməkdaşı Nəsimi Süleymanovun rəyinin sübutlar siyahısından çıxarılması, eləcə də həmin şəxsin əməlində cinayət tərkibi olub-olmadığının araşdırılmasını istəyib. O, vəsatəti rəydə ziddiyyətli və yalan məlumatların olması ilə əsaslandırıb. 

Məhkəmə vəsatətin baxılmasını təxirə salıb.

Daha sonra təqsirləndirilən şəxslərdən III Respublika Platformasının spikeri və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanovun vəkili Fuad Ağayev çıxış edərək istintaq materialları barədə fikir bildirib. O, təqsirləndirilən şəxslər saxlanılarkən və ofis və evlərində axtarış aparılarkən bu barədə məhkəmə qərarlarının olmamasına diqqət çəkib. 

"Bu bəyəm terrorçuluq, qətl işidir ki, məhkəmə qərarı olmadan bu hərəkətləri keçirməyə zərurət olsun? Digər bir məsələ hal şahidləri ilə bağlıdır. Təsəvvür edin, 3 hal şahidi istintaq orqanının bütün prosessual hərəkətlərində - səhərdən axşama kimi onları müşayiət edib. Yəqin ki, ac da qalmayıblar, yeyib-içiblər. Bu məsələlər bütün bu cinayət işinin mexanizmini ifşa edir", - vəkil deyib. 

F.İsmayılov da yenidən çıxış edərək cinayət işinin hansı əsasla açılmasını sorğulayıb. 

"Mən belə başa düşürəm ki, istintaq orqanı yatıb-durub, birdən yadına düşüb ki, "Toplum TV" adlı media orqanı var və onları həbs etmək lazımdır. Hətta ortada qanunsuz əməl varsa və bu əvvəlki illərdə baş veribsə, niyə buna görə həmin vaxt yox, məhz 2024-cü ilin martında cinayət işi açmaq yadlarına düşüb? Kim zəng edib, kim şikayət edib, ortada hansı fakt var?", - o sual edib. 

Ardınca F.Ağayevin təkidi ilə təqsirləndirilən şəxslərdən "Toplum TV"-nin redaktoru Müşfiq Cabbarın saxlanma protokolu oxunub. F.Ağayev protokolda M.Cabbarın adına olan imzaların ona aid olub-olmadığını soruşub, jurnalist isə "yox" cavabı verib.

A.Qurbanov isə məhkəmə protokollarının saxtalaşdırılmasından danışıb. O iddia edib ki, prezident İlham Əliyevin adını çəkdiyi, “ailə hakimiyyəti” və “diktatura” kimi ifadələr işlətdiyi çıxışları məhkəmə protokollarında öz əksini tapmır. 

Hakim A.Tağıyev isə bunu belə əsaslandırıb ki, həmin ifadələr cinayət işinin mahiyyətinə aidiyyətləri olmadığına görə protokola salınmır.

Növbəti məhkəmə prosesi martın 16-a təyin olunub. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo