Məhkəmə

Ramil Babayev 5 gündür quru aclıq edir: “Məni məhkəməyə zorla gətiriblər”

4 May, 2026
401

Foto: Fərqanə Novruzova

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə əvvəlcə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayevin müraciəti dinlənilib.

R.Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasında şikayətlərinə baxılmaması səbəbilə 5 gündür quru aclıq etdiyini bildirib.

O deyib ki, ötən məhkəmə prosesindən sonra təcridxana rəisi Elnur İsmayılovun qəbuluna düşmək üçün müraciət edib, lakin bir həftədir onu "yola verirlər".

"Bu gün-sabah deyə-deyə rəisin qəbuluna buraxmadılar. Rəis müavini Cavid Güləliyev yazdığım ərizələrə baxdı. Birinci tələbim işgəncə faktlarına görə C.Güləliyevə qarşı cinayət işi açılması idi. O isə dedi ki, "burada adamdöyən təkcə mənəm ki?". Digər tələblərimlə bağlı rəislə görüşdə onları qaldıra biləcəyimi dedi. Mən isə bildirdim ki, qanuna əsasən, o, mənim ərizəmi məhkəməyə göndərməlidir və şikayətim icraata götürülməlidir. 5 gün əvvəl quru aclığa başladım. Həkim müayinəsi və ayrı kameraya köçürülməyimi tələb etsəm də, təmin etmədilər. Yalnız dünən axşam biliblər ki, səhər məhkəmədir və həkim çağırıblar. Mən isə dedim ki, məhkəmədə iştirak etməyəcəm, zorla aparılacağım təqdirdə özümə xəsarət yetirəcəm. Bura da zorla gətirilmişəm. Gətirilərkən saxlanıldığımız otaqda da başımı divara vurmaqla özümə xəsarət yetirməyə hazırlaşırdım. Akif Qurbanov məsləhət gördü ki, məsələnin ictimailəşməsi naminə prosesdə iştirak edim", - o qeyd edib.

R.Babayev özünü pis hiss etdiyini, 5 gün ərzində iki dəfə qan qusduğunu əlavə edib və məhkəmənin təxirə salınmasını istəyib.

Ardınca çıxış edən IDI rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ötən müddət ərzində təcridxanada R.Babayevlə görüşməyə cəhd etsə də, buna icazə verilmədiyini bildirib.

"Bir neçə gün əvvəl mənim kameramda axtarış aparılıb və köhnə yazılarım müsadirə olunub, habelə telefon zənglərimə məhdudiyyət qoyulub. Ramil buna son qoyulmasını da tələbləri sırasına daxil edib. Mən bunu sonradan eşitdim və mayın 2-si Ramillə görüşmək üçün icazə istədim. Dedim ki, bəlkə mən onunla görüşüb aclığı dayandırmağa razı sala bilərəm, çünki onun sağlamlığı bizim üçün önəmlidir. Rəis müavini dedi ki, baxarıq. Çünki o, rəisdən, rəis Pentensiar Xidmətdən, onlar da Prezident Administrasiyasından cavab gözləyirlər. Sonradan yalandan dedilər ki, Ramil aclığı dayandırıb. Hakimiyyətin məqsədi informasiya blokadası yaratmaqdır", - o bildirib.

Vəkil Zibeydə Sadıqova R.Babayevin həkim müayinəsi ilə təmin edilməsi üçün vəsatət verib. A.Tağıyev isə onda təqsirləndirilən şəxsin aclıq etməsinə dair faktın olmadığını deyərək cavab verib.

Daha sonra təqsirləndirilən şəxslərdən "Toplum TV" həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli çıxış edərək R.Babayevin həkimlə təmin olunması, eləcə də şikayətlərinin araşdırılmasını xahiş edib.

A.Tağıyev R.Babayev üçün məhkəməyə təcili tibbi yardım çağırılmasını təklif etsə də, təqsirləndirilən şəxs bununla razılaşmayıb. O, rəis Elnur İsmayılovla görüşmək istədiyini və daha sonra sulu aclığa keçəcəyini deyib.

A.Tağıyev R.Babayevin tələbini nəzərə alaraq məhkəmə prosesini mayın 18-ə təxirə salıb. Müdafiəçilərin təkidi ilə hakim R.Babayev üçün həkim çağırılmasına qərar verib.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo