Ruslan İzzətli hal şahidinə: "5-10 manatdan ötrü üzünə durduğunuz adamlar sizin haqlarınız üçün çalışır"
Toplum TV
Aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə hal şahidi kimi tanınan şəxslərin dindirilməsi davam edib.
Sərxan Qəhrəmanov adlı şəxs 2024-cü il martın 6-da polisin "Toplum TV" və Demokratik Təşəbbüslər İnstitutunun ofisində axtarışında şahid kimi iştirak etdiyini və ofisdən 30 min avroya yaxın pul tapıldığını deyib. Dindirilmə zamanı təqsirləndirilən şəxslərdən "Toplum TV" redaktoru Müşfiq Cabbar şahidin yalan danışdığını deyib. Bu zaman onunla A.Tağıyev arasında mübahisə yaranıb.
S.Qəhrəmanov eyni gündə M.Cabbarın evindəki axtarışda da iştirak etdiyini bildirib və həmin evdən 2 min avro pul tapıldığını iddia edib. "Müşfiq yoldaşına dedi ki, evdə pul saxlayırsan, mənə niyə demirsən", - o əlavə edib. Bu zaman M.Cabbar şahidi "şəxsiyyətsiz" adlandırıb. "O qədər məhkəmələrə gedib gəlib ki, artıq hekayə də uydura bilir", - o deyib.
M.Cabbarın vəkili Rəsul Cəfərov şahidi dindirdikdən sonra onun yalan danışdığını bildirib. Onun sözlərinə görə, axtarış protokolu evdə tərtib olunmayıb, şahid isə protokola evdə imza atdığını iddia edir.
S.Qəhrəmanov ifadəsində ofisdə axtarış zamanı təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin pulları saydığını və ona məxsus olduğunu dediyini iddia edib. R.İzzətli çıxış edərək iddianı təkzib edib və bu barədə videoçəkilişin olduğunu xatırladıb.
"5-10 manatdan ötrü üzünə durduğunuz adamlar sizin haqlarınız üçün çalışır. 1937-ci il repressiyalarında da sizin kimi adamlar var idi. Amma bu gün oxuyub görürük ki, Hüseyn Cavidlər, Əhməd Cavadlar sınmadı. Burada mühakimə olunan şəxslər də Hüseyn Cavidin, Əhməd Cavadın yetirmələridir", - o, şahidə xitabən deyib.
M.Cabbar çıxış edərək ötən proseslərin birində saxlanma haqda protokoldakı imzasının saxta olduğunu və buna görə sənədin xətşünas ekspert tərəfindən yoxlanılması üçün vəsatət verdiyini xatırladıb. O bildirib ki, məhkəmə vəsatətini "imzada şübhə görməyərək" təmin etməyib və buna etiraz edib.
Təqsirləndirilən şəxslərdən "Toplum TV"-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli də etirazı dəstəkləyib. O qeyd edib ki, A.Tağıyev ekspert deyil, buna görə də imzada şübhə olub-olmadığına özü qərar verə bilməz. Hakim isə cavab olaraq M.Cabbarın imzasının onun digər sənədlərdəki imzaları ilə eynilik təşkil etdiyini bildirib.
Daha sonra Ə.Məmmədli vəsatət verərək vaxtilə özünə məxsus olan, lakin satdığı avtomobilin üzərinə qoyulan həbsin götürülməsini xahiş edib.
Məhkəmə bu barədə Dövlət Yol Polisinə sorğu göndərməyə qərar verib.
R.İzzətli isə Bakı İstintaq Təcridxanasında açıq görüşlərə icazə verilməməsindən şikayətlənib.
"Hökumət televiziyalarda bu yaxınlarda video yayımlatdı. Orada ölkə başçısının ailə üzvlərinə təhqirdən, ailə dəyərlərindən və s. danışdılar. Mən heç kimin ailə üzvünün təhqir olunmasını dəstəkləmirəm. Amma hökumət bu sistemi yaradanda nə düşünürdü? Bu gün təcridxanada dövlət rəsmilərinin yaxınları var. Onlar məmur qohumlarının qələminin qırılmasının qurbanı olublar. Amma biri səsini çıxarıb məhkəmədən bəraət istəyə bilmir. Çünki özləri yaradıblar bu sistemi", - o qeyd edib.
Ə.Məmmədli və "Toplum TV" əməkdaşı Fərid İsmayılov da açıq görüşlərə icazə verilməsi üçün vəsatət verib. A.Tağıyev təcridxana ilə əlaqə saxlayacağını və məsələni həll edəcəyini deyib.
R.İzzətli daha sonra polis tərəfindən müsadirə olunmuş ev müqaviləsinin ailəsinə qaytarılması barədə vəsatət verib. Hakim bunu da həll edəcəyini deyib.
Növbəti proses 27 aprel saat 10:00-a təyin olunub.
"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür
Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu