Rüfət Səfərov: "Əliyev rejimi hüquq müdafiəçiliyi fəaliyyətimə görə məndən qisas alır"
Açıq mənbə
Rüfət Səfərov: "Əliyev rejimi hüquq müdafiəçiliyi fəaliyyətimə görə məndən qisas alır"
Aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə bu dəfə R.Səfərovu ittiham edən Natiq İmanquliyev dindirilib. O, vəkillərin ötən prosesdə verdiyi vəsatət əsasında məhkəməyə çağırılıb.
İttiham aktında iddia olunur ki, R.Səfərov N.İmanquliyevə torpaq satmaq adı ilə ondan 60 min manat pul alıb, lakin sonradan torpağı satmayıb, buna görə də N.İmanquliyev R.Səfərovun yaşadığı mənzilin qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib.
Vəkil Rövşanə Rəhimlinin suallarına cavab verən N.İmanquliyev deyib ki, R.Səfərova pul verdiyini təsdiqləyəcək sübutu yoxdur. Bu qədər pulu niyə rəsmiləşdirmə olmadan verdiyi ilə bağlı suala isə o cavab verib ki, "Novxanıda torpaq almağa çox sevinib, buna görə digər məsələlərə fikir verməyib".
O iddia edib ki, torpağın verilmədiyini və pulunun qaytarılmadığını görəndə R.Səfərovun yaşadığı evin qarajına gəlib və onu gözləyib. "Zərərçəkən" məhz onların mübahisəsi zamanı polislərin qaraja daxil olması ilə bağlı suala cavabda bildirib ki, polislər həmin vaxt binanın yaxınlığındakı mağazadan su almağa gəlibmişlər.
"Siz haradan bilirsiniz ki, polislər su almağa gəlmişdilər? Bəs necə oldu ki, binanın altındakı qaraja gəldilər?", - vəkil sual edib. N.İmanquliyev isə cavab verə bilməyib.
R.Səfərov isə çıxışında deyib ki, N.İmanquliyevin istintaqdakı ifadəsi ilə məhkəmədə dedikləri arasında "fərqə diqqət yetirmək kifayətdir ki, bu işin qurama olduğu aydın görünsün“.
"Yəqin, vaxtın azlığına görə belə keyfiyyətsiz şəkildə iş qurublar. Həqiqətən, ayıbdır. Nə qədər Azərbaycanda bu hakimiyyət var, belə həbslər çox olacaq. Onsuz da bu məhkəmədən gözləntim yoxdur, bitirin, gedib-gəlmək istəmirəm", - o qeyd edib.
R.Səfərov ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və Avropa Şurasına müraciət edib. O, "ümumbəşəri prinsiplərə yetərincə hörmət qoyulması, insan hüquqlarının müdafiəsinə bütün dünyada diqqət yetirilməsinin vacibliyini" vurğulayıb.
"Təəssüf ki, insan haqlarının vəziyyətinin belə ağır olduğu bir dövrdə özümdən asılı olmayan səbəblərdən hüquq müdafiəçisi kimi fəaliyyətimi davam etdirə bilmirəm. Əliyev rejimi məhz sistemli şəkildə apardığım hüquq müdafiəçiliyi fəaliyyətimə görə məndən qisas alır", - o əlavə edib.
Növbəti məhkəmə prosesi mayın 4-ə təyin olunub.
2024-cü il dekabrın 3-də saxlanılan Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.O, ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.
Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov 2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il müddətinə həbs edilsə də, 2019-cu ildə əfv edilərək azadlığa çıxmışdı. O, "Müdafiə Xətti" insan hüquqları təşkilatının rəhbəri kimi fəaliyyət göstərirdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”