Ölkə

Səhhəti pisləşən Hafiz Babalı tibb məntəqəsinə köçürülmədiyini deyir

7 Dekabr, 2025
125

Foto: sosial media

Həbsdə olan jurnalist Hafiz Babalı səhhətinin pisləşməsinə baxmayaraq tibb məntəqəsinə köçürülmədiyini deyir. 

Bu barədə dekabrın 6-da "Facebook" səhifəsində ictimailəşdirilən mesajda o bildirib ki, ayağındakı vəziyyət "artıq çox ciddi hal alıb". Jurnalist daha öncə isə xəbər vermişdi ki, ayağında qızartı və yaralar əmələ gəlib. 

H.Babalının sözlərinə görə, saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin həkimi ona baxış keçirib və ayağında qızılyel infeksiyası müəyyən edib. 

"Müalicə olaraq Sefazolin-Akos iynəsi vurulub. Buna baxmayaraq, vəziyyət ağır olaraq qalır. Bütün bunlara rəğmən, məni nə 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi-sanitar şöbəsinə, nə də müəssisə daxili və ya xarici tibbi müayinə məntəqəsinə köçürmək üçün şərait yaradılmır. Müalicənin davam etdirilməsi və vəziyyətimin nəzarətdə saxlanılması üçün zəruri addımlar atılmır", - o qeyd edib. 

H.Babalı əlavə edib ki, səhhətindəki problemlər artıq gündəlik həyatımı "ciddi şəkildə çətinləşdirir" və sağlamlığına "real təhlükə yaradır". 

O, aidiyyatı qurumları "qanunla təmin olunmuş tibbi təminat hüququmun bərpası üçün" tədbir görməyə çağırıb. 

Hafiz Babalı 2023-cü ilin dekabrında "Abzas Media işi" çərçivəsində həbs olunub. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər.

Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Memar: "Bayırşəhərdə dövlət reyestrindən çıxarılmış tarixi abidələr reyestrə qaytarılmır"

14 Sentyabr 2026

Abdul Hüseynov

Bayırşəhərdə aparılan söküntülər fonunda ərazidə yerləşən və uzun müddət əvvəl dövlət reyestrindən çıxarılmış tarixi abidələr hələ də reyestrə qaytarılmır.  Bu barədə memar Abdul Hüseynov "Toplum TV"yə məlumat verib.  Sözügedən abidələr Murtuza Muxtarov küçəsində yerləşir və 1899, 1899 və 1902-ci illərdə inşa olunublar.  A.Hüseynovun sözlərinə görə, abidələr 2016-cı ildə heç bir əsas gətirilmədən reyestrdən çıxarılıblar. O bildirir ki, müxtəlif vaxtlarda binaların dövlət reyestrinə qaytarılması üçün aidiyyəti qurumlara müraciət etsə də, cavab ala bilməyib.  Bir ildən çoxdur ki, Bayırşəhərdə tarixi binaların və məhəllələrin söküntüsü gedir və yaşı 100-dən çox olan bir neçə bina sökülüb.  Yasamal Rayon İcra Hakimiyyəti söküntünün ərazidəki Qış Parkının...
Ölkə

Şəkidə istirahət mərkəzində kanat xəttində qəza: iki nəfər ölüb

9 Sentyabr 2026

Şəki yaylası

Sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” İstirahət Mərkəzində kanat xəttində baş verən qəza nəticəsində iki nəfər həyatını itirib. İlkin məlumata görə, hadisə kanatın trosunun qırılması nəticəsindı baş verib. Hadisə nəticəsində Qax sakini Coşqun Məmmədov və onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramov həlak olub. Bildirilir ki, onlar təxminən 40 metr yüksəklikdən yıxılıblar. Hadisə şahidlərinin “Qəzetçi”yə verdiyi məlumata əsasən, istirahət mərkəzində “zipline” tipli iki kanat xətti fəaliyyət göstərir. Onların sözlərinə görə, qəza oturacağın kanata birləşdirilən hissəsinin qopması nəticəsində baş verib. Mənbə iddia edir ki, xətlərdən biri standartlara uyğun inşa edilsə də, digəri kustar üsulla quraşdırılıb. Qəzanın da...

Seçilmiş Videolar

Toplum TV loqo