Sürücülər: “Sədərək-Dilucu sərhədində gömrük və AYNA arasındakı mübahisə sərnişinləri piyada qoyub”
sosial media
Sədərək gömrük keçid məntəqəsi ilə Türkiyənin Dilucu gömrük qapısı arasında hərəkət edən mikroavtobusun fəaliyyətinin dayandırıldığı bildirilir.
“Gündəlik Naxçıvan”ın məlumatına görə, bu səbəbdən sərhədi keçən şəxslər, o cümlədən yükü olan sərnişinlər iki kilometrdən çox məsafəni piyada qət etməyə məcbur qalırlar.
Marşrutda çalışmış sürücülər nəşrə deyiblər ki, gediş haqqı 1 manat olub və mikroavtobus hər gün minlərlə sərnişin daşıyıb. Onların iddiasına görə, yığılan vəsaitin idarə olunması ilə bağlı gömrük orqanı və Naxçıvanda fəaliyyətə başlayan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında fikir ayrılığı yaranıb. Bu iddialarla bağlı qurumların mövqeyi açıqlanmayıb.
Marşrutun dayanmasının Türkiyəyə müalicəyə gedən xəstələr və yaşlı şəxslər üçün əlavə çətinlik yaratdığı bildirilir.
Şərur sakini Vaqif Məmmədov deyib ki, müayinə və müalicə üçün hər ay İğdır şəhərinə gedir, lakin iki kilometrlik yolu piyada qət etməkdə çətinlik çəkir.
“Yaşlı və xəstə adamam. Ayda bir dəfə müayinə və müalicə üçün İğdıra getməliyəm. Bu yolu gedib-gəlmək mənim üçün zülmdür. Neytral zonaya taksi də buraxmırlar. Yolu başa vurana kimi bəlkə 15 dəfə oturub dincəlirəm”, - o bildirib.
Naxçıvanda təhsil alan Hüseyn Çetin isə hər həftə sonu İğdırdakı evinə gedib-gəldiyini, mikroavtobusun dayanmasının səfərlərini çətinləşdirdiyini söyləyib.
“Gedib-gələndə özümüzə lazım olan əşyaları daşıyırıq. Hər dəfə taksi tutmaq çox baha başa gəlir. İndi ya çantamızı götürüb iki kilometr piyada gedirik, ya da bizi aparacaq bir maşın gözləyirik”, - tələbə deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib
açıq mənbə
Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib
açıq mənbə
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır