Region

İcra hakimiyyətlərində ixtisarlar: islahat, yoxsa qənaət?

1 Aprel, 2026
215

Foto: açıq mənbə

Azərbaycanın müxtəlif rayonlarında icra hakimiyyətlərində ixtisarların aparıldığına dair məlumatlar yayılmaqda davam edir.

Ən son martın 31-də Şəmkir Rayon İcra Hakimiyyətində 53 işçinin vəzifədən azad olunduğu xəbəri yayılıb. 

"Oxu. az"ın məlumatına görə, icra başçısı Rəşad Tağıyevin sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Vəzifələrini itirənlərdən 48 nəfərin kənd inzibati ərazi dairələrində çalışanlar olduğu deyilir.

Daha əvvəl Ağsuda 14, Tovuzda 43, Cəlilabadda 38, Qubada 36, Göyçayda 27, Lənkəranda 44, Bərdədə 43 və Ağdamda 54 nəfərin yerli icra hakimiyyətlərindəki vəzifələrindən azad edildiyi barədə məlumatlar yayılıb.

Bu hallarda ixtisarların səbəbi adətən açıqlanmır və qərarlar əsasən “struktur dəyişikliyi” ilə izah olunur.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Toplum TV”-yə deyir ki, ixtisarlar dövlət büdcəsində xərclərin optimallaşdırılması siyasəti ilə əlaqəli ola bilər. 

“Adətən, belə addımlar dövlət aparatının daha səmərəli işləməsi, şişirdilmiş ştatların ixtisarı və inzibati xərclərin azaldılması məqsədi daşıyır. Xüsusilə, iqtisadi qeyri-müəyyənliklərin artdığı dövrlərdə hökumətlər idarəetmədə qənaət rejiminə keçməyə üstünlük verirlər”, - o qeyd edib. 

Bununla yanaşı, A.Nəsirli düşünür ki, ixtisarlar təkcə büdcə amili ilə izah olunmaya bilər:

“Bəzi hallarda struktur islahatları, idarəetmənin təkmilləşdirilməsi, funksiyaların təkrarlanmasının aradan qaldırılması və ya yeni idarəçilik modelinə keçid də bu prosesləri şərtləndirir. Bildiyiniz kimi, artıq Naxçıvanda və işğaldan azad edilmiş rayonlarda yəni idarəetmə modeli tətbiq edilir. Yəni, məqsəd sadəcə xərcləri azaltmaq deyil, eyni zamanda daha effektiv və çevik idarəetmə mexanizmi qurmaqdır. Digər tərəfdən, kadr siyasətində yenilənmə, performansa əsaslanan qiymətləndirmə və daha peşəkar kadrların cəlb edilməsi kimi faktorlar da bu məsələdə rol oynaya bilər. Bu baxımdan, bəzi vəzifələr ləğv olunsa da, müəyyən sahələrdə yeni təyinatlar və struktur dəyişiklikləri də paralel şəkildə həyata keçirilə bilər”.

III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Araz Əliyev isə əsas səbəbin büdcə xərcləri ilə bağlı olduğu qənaətindıdir.

“Qarabağın azad olunmasından bəri hər il hökumət Qarabağ və ətraf ərazilərdə yenidənqurmaya 4-5 milyard manat məbləğində vəsait ayırır. Bu isə Azərbaycan kimi iqtisadi potensialı böyük olmayan ölkədə büdcə üzərində ciddi yük yaradır. İran müharibəsinə qədər dünya bazarlarında neftin qiymətində azalma müşahidə olunurdu. Digər tərəfdən, neft hasilatı da aşağı düşür. Hökumət də son 5-6 ildə xərcləri optimallaşdırmaq üçün addımlar atır. Bunlara korrupsiya ilə məşğul olan məmurların həbsi, şagird sayı az olan məktəblərin bağlanması, dövlət qurumlarının birləşdirilməsi, o cümlədən ixtisarlar daxildir”, - o bildirib. 

A.Əliyevin sözlərinə görə, hazırda ləğv olunan iş yerlərinin əksəriyyəti neft bumu dövründə icra hakimiyyətlərinin “korrupsiya yuvası”na çevrilməsi nəticəsində yaradılmışdı. 

Son dövrlərdə icra hakimiyyətlərinin gələcəkdə ayrıca idarəetmə strukturu kimi saxlanılıb-saxlanılmayacağı ilə bağlı suallar artmaqdadır. Belə ki, prezident İlham Əliyev yanvarda yerli telekanallara verdiyi müsahibədə son illərdə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan xüsusi nümayəndəlik modelinin digər rayonlarda da tətbiq edilə biləcəyini istisna etməyib. O, yeni modeli “operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodu” adlandırıb. 

A.Əliyev düşünür ki, hakimiyyət xüsusi nümayəndəlik modelini daha yaxşı alternativ kimi təqdim etməklə icra hakimiyyətlərinin yararsızlığını ifşa etmiş olub. 

“Hökumətin gəlirləri azaldıqca öz yaratdığı sistem özünə mane olmağa başlayır. Vaxtilə hakimiyyətin avtoritarlığını qorumaqda əməyi olan icra başçıları bu gün qapı kənarına qoyulur”, - o qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo