Siyasət

Azərbaycanda internet niyə azad deyil? -  ""Freedom House"-un hesabatı obyektivdir"  

24 Sentyabr, 2021
1792

Açıq mənbələrdən götürülüb

""Bu statistikanı “Freedom House” yayıb, o, tərəfkeşdir, müharibədə də əleyhimizə olmuşdu" - kimi ifadələrdən uzaq durmaq lazımdır. Düzdür, “Freedom House” hansısa hesabatında obyektiv olmaya bilər, ancaq bu hesabatı çox obyektivdir və reallığı ortaya qoyub”.  
 
Bunu hüquqşunas Ələsgər Məmmədli “Freedom House”-un internet azadlığı ilə bağlı hesabatını “Toplum TV”-yə şərh edərkən deyib.  
 
“Freedom House”-un yaydığı hesabata görə, Azərbaycan 35 balla interneti azad olmayan ölkələr sırasındadır.  
 
Bu sıralamaya 0-39 bal yığan ölkələr salınıb. Azərbaycanla yanaşı Qazaxıstan (33), Belarus (31), Rusiya (31), İran (16) da interneti azad olmayan ölkələrdir.  
 
Gürcüstan 77, Ermənistan isə 71 balla interneti azad ölkələr hesab olunub.  
 
Ukrayna (62), Qırğızıstan (53) interneti qismən azad ölkələrdir.  
 
Azərbaycan daha öncəki hesabatlarda da interneti qeyri-azad ölkə hesab olunub.  
 
Ancaq hakimiyyət təmsilçiləri internetin azad olmaması fikirlərini qəbul etmirlər.  
 
Ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğu bildirilir.  
 
“Turan İnformasiya Agentliyinin” redaktoru Şahin Hacıyev deyir ki, bu statistika obyektivdir: “Burada söhbət internetdə azad fikrin ifadəsinə görə təzyiqin, cəzanın olub-olmamasından gedir. Bu yanaşma ilə həmin hesabat obyektivdir. Ermənistanda internet bizə nisbətən daha azaddır. Beynəlxalq təşkilat internetin azadlığını qiymətləndirərkən internetdə azad fikir söyləyən şəxslərin cəzalandırılıb-cəzalandırılmadığına, əgər cəzalandırılırsa, hansı nisbətdə, hansı fikrə görə olduğuna, qanuni cəhətdən düzgün olub-olmadığına diqqət edir”.  

Şahin Hacıyev - Açıq mənbələrdən götürülüb


Ələsgər Məmmədli də bu hesabatın reallığı əks etdirdiyini deyir: “Təəssüf edirəm ki, biz bu obyektiv reallıqda azad olmayan ölkələr kataqoriyasına düşmüşük. Əslində, bu, öncədən bəlli idi. 2017-ci ilə qədərki dövrə diqqət etsək, Azərbaycanın balı 40-dan yuxarı olurdu və azad olmayan ölkələr siyahısında deyil, qismən azad ölkələr katoqriyasına aid edilirdi. 2017-ci ildə qanunvericlikdə sərt dəyişikliklər edildi. Bu dəyişikliklərə görə məhkəmə qərarı olmadan inzibati orqanlara internet resurslarını bloklama səlahiyyəti verildi. Sonradan da bunun sürətlə, sıx tədbiq olunması bu nəticənin ortaya çıxmasına səbəb oldu”.  
  
Hüquqşunas qeyd edir ki, Azərbaycan internet sürətində də geriləyib: “Azərbaycan internet sürətinə görə də dünyada 102-ci yerdən 167-ci yerə qədər geriləyib. Dünya ortalamasından 5 dəfə geri qalıb. Bu, çox üzücü haldır. Səbəbi də bəllidir. Birincisi, infrastruktur qurulmur, ikincisi, ölkəni internetlə təchiz edən qurumlar müxtəlif filter proqramlar vasitəsilə sürəti zəiflədirlər”.  
 
Ə.Məmmədli hesab edir ki, bu problemlərin aradan qaldırılmasında hökumətin üzərinə böyük məsuliyyət düşür: “Gürcüstan və Ermənistanda yüksək ballar var. Bunun səbəbi orada internetə süni müdaxilələrin daha az olması, məhkəmə qərarı olmadan blok oluna bilməməsi, bizdə olduğu qədər müdaxilələrin olmamasıdır. Bu baxımdan bu istiqamətdə hökumətdə yeni bir açılım olması vacibdir. Bu açılım hüquqi mühitin liberallaşması, beynəlxalq standartlara uyğun olmayan məhdudiyyətlərin aradan qaldırılması baxımından vacibdir. Eyni zamanda, ikinci problem kontentə müdaxilə məsələsidir. İstər sosial şəbəkələrə, istər internet media resuslarına məhkəmə qərarı olmadan çox sürətlə müdaxilələr ola bilir”.  

Ələsgər Məmmədli - Sosial Media


 
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə bu hesabatla razılaşmır. 
 
O deyir ki, “Freedom House”un hesabatında əks olunan durumla Azərbaycandakı vəziyyət kəskin şəkildə fərqlənir: “Azərbaycanda internetin durumunun çox yüksək səviyyədə olduğunu iddia eləmirik. Təbii ki, internetdə müəyyən problemlər var və aradan qaldırılmalıdır. Ancaq “Freedom House”-un hesabatı Azərbaycandakı interneti həm məzmun baxımından, həm də texniki proplemlər baxımından düzgün ifadə etmir”. 
 
Müşfiq Ələsgərlinin sözlərinə görə, Ermənistanın Azərbaycandan öndə olduğunu göstərmək ondan xəbər verir ki, hesabat real faktlara əsaslanmır: "Bu hesabat qeyri-obyektivdir, reallıqla heç bir əlaqəsi yoxdur. Başqa ölkələri deyə bilmərəm, ancaq Ermənistanla biz rəqib olduğumuza görə, Ermənistanda olan həm ifadə, həm media, həm də intermet azadlığını izləyirik. Ermənistandakı internet azadlığının “Freedom House”-un hesabatında təsvir edildiyindən qat-qat pis olduğunu biz bilirik”. 

Müşviq Ələsgərli - Sputnik


 Onun fikrincə, hesabat Ermənistandakı vəziyyəti süni şəkildə normal, Azərbaycandakı vəziyyəti isə şəkildə pis göstərir: “Ermənistanda olan vəziyyəti onlar ciddiyə almır, ordakı neqativ faktarı qeydə almayıblar. Əgər “Freedom House” müraciət etsə, mən Ermənistandakı ifadə, mətbuat və internet azadlığı ilə bağlı yüzlərlə neqativ  faktı çatdıra bilərəm. Məsələn, 2020-ci ilin noyabrında Ermənistan Jurnalistlər Birliyinin rəhbərinin medianın çox acınaqlı durumda olması ilə bağlı bəyanatı var. Təəssüf ki, biz Ermənistanda olan bu neqativ faktları, özlərinin verdiyi bəyanatı belə “Freedom House”-un saytında, hesabatında görmürük”.  
 
"ABŞ Konqresi 44 günlük müharibəyə görə Azərbaycanı ittiham edir. ABŞ-ın Ermənistandakı səfiri Dağlıq Qarabağa status tələb edir, eləcə də bir ABŞ təşkilatı olaraq “Freedom House” eyni formada Azərbaycanı gözdən salma siyasəti yürüdür”, - Ələsgərli belə deyir.  
 
Onun sözlərinə görə, bu hesabat ümumi müşahidələr nəticəsində aparılır: ““Freedom House” apardığı araşdırmada nəzərə aldıqları meyarları bizə təqdim etmir. Beynəlxalq təşkilatların hər birinin ölkə üzrə təmsilçiləri olur. Belə hesabatlar aparılarkən ölkə üzrə yerli təmsilçilərdən rəy və mövqe alınır. “Freedom House”-un bu hesabatı hansı prinsiplər üzrə apardığı məlum deyil”.  
 
“Freedom House” artıq 11-ci ildir qlobal internet azadlığının pisləşdiyini qeyd edir.  
 
Ən böyük geriləmə Myanma, Belarus, Uqandada qeydə alınıb.  
 
Hesabatda qeyd olunur ki, bu ölkələrdə dövlətə məxsus qüvvələr seçki və konstitusiya böhranlarında zorakı davranıblar. Hökumətlərin istifadəçi hüquqları ilə bağlı texnologiya şirkətləri ilə toqquşduğu qeyd da olunur. Azı 48 ölkənin hakim orqanları son bir ildə kontent, data və rəqabətlə bağlı texnologiya şirkətləri üçün yeni qaydalar tətbiq ediblər. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo