Siyasət

13 il həbsi istənən Fərid İsmayılov: “Hökumətin imtahanından qorxmuram”

12 İyun, 2026
276

Ülviyyə Əli

“Toplum TV”nin həbsdə olan jurnalisti Fərid İsmayılov dövlət ittihamçısının ona 13 il həbs cəzası istəməsi ilə bağlı ictimaiyyətə məktub göndərib.

Məktubu olduğu kimi təqdim edirik.

“28 aydır cinayət törətməkdə ittiham olunuram. “Cinayət işi” adlanan kağız yığınında mütəşəkkil dəstənin araşdırmaçı jurnalisti olduğum yazılır və araşdırdığım materialları istintaq orqanı sübut kimi qiymətləndirib. Bu fakt mənim niyə həbs olduğumun sübutudur. 

Bildirirəm ki, heç vaxt nə cinayət törətmiş, nə də cinayətdə iştirak etmişəm. Amma jurnalist fəaliyyətim cinayət əməli hesab olunur. Dövlət qurumları belə təsvir edir ki, yaşadığımız ölkədə jurnalistika cinayətdir.

Mən “Toplum TV”-də Söyüdlü, Nabatkənd də daxil olmaqla onlarla kənddə baş verənləri, parlamentdə yatan deputatları, zorakılığa məruz qalan vətəndaşların şikayətlərini, yuyulan dövlət büdcəsini izləyəcilərə çatdırmışam. COP-29 tədbirində Azərbaycan hakimiyyətinin rəsmilərindən insan haqları mövzusunda müsahibələr almışam.

Həmçinin prezidentin köməkçisi Hikmət Hacıyevdən müsahibə almışam və bu, mənim həbsimə gətirib çıxardı. Hacıyevə silah yox, mikrofon uzatmışam, öldürməmişəm, sual vermişəm. Qanunsuz suallar, reportaj araşdırmalarıma görə 13 il həbs cəzasına məhkum olunmağım istənilir. Misal olaraq, terrora çağırış etsəydim, 5 il, təyyərə qaçırsaydım, 8 ilədək həbs cəzası ala bilərdim. 

Media eksperti və “Toplum TV” həmtəsisçisi Ələşgər Məmmədli hüquqi təlimlər yox, terrorçuluq məqsədi ilə təlim geçsəydi, 15 il deyil, 10 ilədək həbs cəzası gözləyirdi.

“Toplum TV” - də fəaliyyətimə görə qürur duyuram. Təəssüflənəcəyim hər hansı bir səbəb görmürəm. Mən bu hökumətin imtihanından qətiyyən qorxmuram”.

İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesində prokuror təqsirləndirilən şəxslərə uzunmüddətli həbslər istəyib.

Prokuror 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanovun 16, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədlinin 15, siyasətçi Ruslan İzzətlinin 16, IDI əməkdaşları Ramil Babayevin 14, Əli Zeynalın 15, İlkin Əmrahovun 14, "Toplum TV" əməkdaşları Müşfiq Cabbarın 14, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Onun sözlərinə görə, təqsirləndirilən şəxslər zərərçəkən qismində çıxış edən Dövlət Vergi Xidmətinə 79,440 manat ödəməlidir. O, bununla bağlı təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş avtomobilləri və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib. 

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo