Siyasət

Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”

18 İyun, 2026
14

Toplum TV

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov "Toplum TV”yə müsahibə verib.

O, üzləşdiyi ittihamlar, beynəlxalq təşkilatların reaksiyası, Üçüncü Respublika Platformasının yaradılması, təcridxanada informasiyaya çıxış imkanları və digər məsələlərdən danışıb.

Müsahibənin birinci hissəsini buradan oxuya bilərsiniz.

- ABŞ vitse prezidenti Devid Vensin Bakı səfərindən nə gözləyirdiniz? Sizcə siyasi məhbus məsələsini yetərincə gündəmə gətirdimi?

 Bu barədə səfər ərəfəsində yazı yazdım həmin mövqədə qalıram. Səfərin gündəliyində hansı məsələlərin əsas yer aldığı və səbəbləri də aydındır. Ümumən, səfəri ölkəmiz üçün faydalı hesab edirəm, nə qədər də hakimiyyətin təbliğatı, dividenti Əliyevin şanına yazmağa çalışsa da, cəmiyyətə verilən siyasi mesajlarda - istər protokol ziyarətlərində yalnız Şəhidlər xiyabanının seçilməsi (H.Əliyevin məzarı deyil). İstərsə də, yumorla öz xanımının dövlətin ikinci şəxsi statusuna təyin etməyə verilən reaksiyalarla, aydın işarələr verildi. Geopolitik situasiya, Ermənistanla gözlənilən sülh müqaviləsi, iqtisadi və təhlükəsizlik layihələri ətrafında əməkdaşlığın qurulması konfrontasiya yaradacaq məsələləri prioritetə çevirməkdən rasional olaraq yayındırır. Xüsusən, münbit şəraitdən sui-istifadəyə meyilli olan Azərbaycan hakimiyyətinin siyasi məsələlərə ağrılı həssaslıqla yanaşması, qarşı tərəfi də təmkinli davranaraq fayda götürə biləcəkləri mövzulara kökləyir. Avropa Birliyi və üzv ölkələrin rəhbərinin səfəri də eyni mahiyyət daşıyır.

Digər tərəfdən, mövcud iqtidarın alternativləri, oponentləri və bütövlükdə cəmiyyətin aydın kəsimi olaraq, gərək gözləntilərimizdə, rasional hədəfimizdə vizyoner olmalıyıq. Çağırışlarımız daha çox siyasi və strateji məsələlərə köklənməli, fundamental xarakter daşımalıdır. Nəinki cari, humanitar və fərdi məsələlərə yönəlməlidir. Ona görə də yazımda qeyd etdiyim kimi üç məsələnin xarici tərəfdaşlarla müzakirədə və əməkdaşlıqda prioritet tutmağı daha faydalı görürəm. Onlara yönəlik çağırışlarımız davamlı olaraq bu üç məsələyə köklənsə, ictimai rəyi də bu istiqamət cəlb etsək, nəticələr ala biləcəyik. Mənim inamım bu yöndədir.

Aydın şəkildə başa düşməliyik ki, xarici hökumətlər bizim maraqlarımızın deyil, ilk növbədə öz ölkələrinin və seçicilərinin maraqlarının müdafiəçiləridir. Hökumət üzvləri, siyasətçilər və hüquq müdafiəçiləri də bu reallıq çərçivəsində fəaliyyət göstərirlər. Bu baxımdan, onların universal dəyərlərin keşikçisi olmaq kimi bir öhdəlik daşıdıqlarını gözləmək rasional yanaşma deyil.

Qərb siyasətçisi olmaq avtomatik olaraq “dəyər daşıyıcısı”, “prinsipial və təmiz adam” kimi qavranılmamalıdır. Demokratikləşmə, insan haqlarının aliliyi, hüququn üstünlüyü və s. məsələləri qloballaşan dünyada dinamik proses kimi qavramalıyıq. Ölkədən ölkəyə dəyişir, bunu nəzərə almalıyıq.

Eyni zamanda qəti bilməliyik ki, səsimizə səs verilməsini, dəstək olunmasını istəyiriksə, iki vacib məsələdə real nəticələrə nail olmalıyıq:

1.Səsimizin xalqımızda qarşılığının olduğunu göstərə bilməliyik. İctimai rəyə təsir imkanlarımız açıq görünməli və hər şeyin hakimiyyətin nəzarətində olmadığı aşkar bilinməlidir. Bu cəmiyyətin, hakimiyyətin nəzarətindən kənar olan qrupları ilə əməkdaşlığı zəruri edəcək. Onda səsimizi eşitməzliyə, görməzliyə vura bilməyəcəklər.

2.Həmin hökumətlərin siyasətçilərin qərarlarına təsir edən daxili auditoriyaları, müxtəlif institutları, mediası, seçiciləri və s. vasitəsilə səsimizi onlara çatdırmalıyıq. Bütün bunlar üçünsə fikirdə, işdə, əməldə (Qaspıralı” demişkən) birliyə ehtiyac var. Bu birliyi təmin edəcək əsas hədəf demokratikləşmə olmalıdır. Demokratikləşmə hərəkatı olmadan nə daxili, nə də xarici dəstəyi qazanmaq mümkündür. Venezuela, Belarusiya və s. təcrübələrinə baxmaq kifayət edir əyani nümunələri görmək üçün.

   -  Məhkəmə prosesləriniz çox gərin keçir. Prosesin gedişatı sizi qane edirmi? Nəticəni təxmin edirsinizmi?

Təəssüf ki, ölkəmizdə nə məhkəmə hakimiyyəti var, nə də onun idarə etdiyi proses. Görünən kəndə bələdçi lazım olmadığı kimi bizim məhkəmə adlanan təsisatdan da ədalət gözləmək əbəsdir. Çünki bu qurumun nə həqiqi səlahiyyəti, nə müstəqilliyi, nə də hüququ təmin etmək imkanı var. Bizə açılan qondarma işi icra edən kvazi-məhkəmə iclasında isə iki tərəf iştirak edir:

1. “Hakimlər” və prokuror vasitəsilə təmsil olunan hakimiyyət. Burada onların yeganə fəaliyyəti odur ki, dövlət adıyla “tək adam” rejiminə loyallığını və xidmətlərini göstərsinlər. Nəticədə “caselərdən” əldə etdikləri “qazanclarını və karyera yüksəlişlərini” təminat altına alsınlar. Bir sözlə, rejimin oyun qaydalarına uyğun oynayırlar. Hakimiyyət isə yerli və beynəlxalq ictimai rəyə “ədalət mühakiməsi” səhnəsi təqdim edir, bizi sınağa çəkib fiziki və psixoloji formada yormağa çalışır. Bununla cəmiyyəti xofda saxlayır və öz siyasi marağı üçün bizi cəzalandırmasına formal legitimlik qazandırmaq istəyir.

2. Hüquqlarımızı müdafiə edən vəkillər və biz. Vəkillər bütün formal qanuni və legitim əsaslara, həmçinin beynəlxalq hüquqa söykənən formal ittihamın qanunsuz və əsassız olduğunu, cinayət təqibinə xitam verilməli olduğunu göstərir. Biz isə cinayət işinin qondarma və prosesə kvazi olduğu, hər şeyin səhnələşdirildiyini göstərməklə yanaşı, iştirakçıları iştirakımızın əsasında bu vasitə ilə cəmiyyətlə ünsiyyət qurmaq, onlara gerçəkləri çatdırmaq, tarix üçün danışmaq durur. Bu təqiblərin bizi siyasi ideal və hədəflərimizdən döndərə bilməyəcəyini, cəmiyyətin xofdan çıxararaq gələcəyə inamla baxması üçün mübarizəni davam etdiririk, mesajını veririk.

Beləliklə, olmayan bir prosesdən hər hansı gözləntilimiz də yoxdur. Məhkəmənin nə zaman bitəcəyini və nə qərar veriləcəyini nə mütəxəssis “hakimlər” bilir, nə də onların rəhbərləri. Son tarixi və qərar verilməsini yalnız “Tək adam” rejiminin sahibi bilir. Onun nə qərar verəcəyi isə gerçək mənada dünyada və bölgədə cərəyan edən siyasi-iqtisadi proseslərdən asılıdır. Təcrübəyə söykənərək ittiham maddələrinə və analoji işlərdə verilən qərarlara nəzərə salsaq, veriləcək cəza illəri məlumdur.

Fürsətdən istifadə edərək, “Tək adam” rejiminin sahibi cənab Əliyevə müraciət edərək, “daşı ətəyindən tökməyə” səsləyirəm: Heç bir məsuliyyəti olmayan maliyyə təsərrüfat məsələlərinə idarəetmə və qərarvermə səlahiyyəti olmayan şəxsləri cəzalandırmağı dayandırın! Səhvin yarısından dönmək ağılı gediş olar. Açıq şəkildə bəyan edirəm ki, ittiham olunan qurumların fəaliyyətində heç bir cinayət hadisəsi baş verməyib, heç bir cinayət əməli törədilməyib. Lakin bütün bunlara baxmayaraq, hələ də hesab edirsinizsə ki, həmin qurumların fəaliyyətinə görə mütləq cəza verilməlidir, onda həmin şəxs qərar verən və məsuliyyət daşıyan olmalıdır. Həmin şəxs də mənəm. Bir də, Üçüncü Respublika Platformasının qurucularından biri olan Ruslan İzzətli platformanın təsis və kimlik bəyanatlarında, eləcə də digər konstitusion xarakterli sənədlərində ölkədə siyasi dəyişikliklərə və Üçüncü Respublikanın qurulmasına dair ortaq mövqe ifadə edib. Əgər onun bu mövqeyi də cəzalandırılma üçün “əsas” sayılırsa, o zaman onu da cəzalandırın.

Digər şəxslərin nə məsuliyyəti, nə səlahiyyəti olub, nə də siyasi mövqeyi və beləliklə, sizi oyunu açıq oynamağa çağırıram. Göstərişinizi də ona uyğun verməyə səsləyirəm. Özünüzün də açıq bəyan etdiyiniz kimi və bizim də heç şübhə etmədiyimiz kimi qərar verən yeganə şəxsin siz olduğunuzu hamıya məlumdur.

 - Bu yaxınlarda Milli Məclis Avropa Parlamenti ilə "bütün istiqamətlər üzrə" əlaqələrin dayandırılmasına qərar verib. Sizcə, bu, müvəqqəti addımdır, yoxsa uzunmüddətli kursun dəyişməsi?

Əvvəla, gəlin, xatırlayaq. Fevral ayında İ.Ə. xaricdə forumda panel müzakirəsində bildirdi ki, onlar Avropa Parlamentinin qərarlarına heç bir reaksiya vermirlər. Üç ay keçmədi, əməkdaşlığı dayandırma qərarı verildi. Bir daha nümayiş etdirildi ki, hakimiyyətin heç bir siyasəti ardıcıl, tutarlı, dayanıqlı deyil, qərarlar da institusional və strateji deyil, bir nəfərin emosional əhval-ruhiyyəsinə əsaslanır. Konseptual baxış yoxdur, sadəcə duruma görə reflektiv reaksiyalar verilir. İkincisi, Milli Məclisin bu qərarlarının AP-nə təsiri sıfırdır. Əksinə, bununla hakimiyyət siyasi dialoqa və debata açıq olmadığını, AP-nin qərarlarında göstərilən siyasi tənqidlərin əsaslı olduğunu təsdiqləmiş oldu. Üçüncüsü, AP-ni AŞPA ilə eyniləşdirmək olmaz. AP birbaşa demokratik seçkilər əsasında Avropa Birliyi əhalisinin seçdiyi ali orqandır. Ayrı-ayrı ölkələri deyil, AP xalqının ümumi iradəsini təmsil edən əsaslı, əsas legitim qurumdur. İqtidarın yaxşı əməkdaşlığımız var, dediyi Avropa Komissiyasını da AP seçir və fəaliyyətinə nəzarət edir. AB ərazisi üçün qanunları, büdcəni təsdiq edən də AP-dir, sanksiyaları qəbul edən son instansiya da odur. Ona görə də dünyanın üçüncü iqtisadi gücü qlobal siyasətin əsas aktyorlarından birinin parlamenti ilə münasibətlərə ciddi yanaşmaq lazımdır. Xüsusən, nəzərə alsaq, Azərbaycanın xarici ticarət dövriyyəsinin və büdcəsinin əsasını təşkil edən neft-qaz ixracının əsas bazarı AB-dir.

Yekun olaraq, AP-dəki deputatlar MM-in üzvləri deyil ki, icra hakimiyyətinin göstərişləri ilə oturub-dursun. Bəli, yüzlərlə deputat arasında mütləq kimlərsə var ki, rüşvətlə şəxsi maddi maraqla mövqe ifadə etsin, (vaxtilə Əliyev rejiminin belələri ilə kürü diplomatiyası, seçki saxtakarlığına dəstək mövqeləri alması və s-ni yadımıza salaq) həmçinin müxtəlif maraq qrupları AP deputatları ilə lobbi işi aparması da açıq prosesdir. Lakin son dövrlər Azərbaycanla bağlı verilən qərarların böyük səs çoxluğu ilə olduğunu görürüksə, o deməkdir ki, Azərbaycan hakimiyyətlə bağlı ciddi neqativ rəy var.

Seyid cəddinə arxayın olan kimi artan enerji ehtiyacları, orta dəhliz, Ermənistanla sülh müqaviləsi fonunda AP rəsmilərində Azərbaycanla münasibətləri yaxşılaşdırma istəyinin artmasına arxayın olmamalıdır. Siyasi atmosfer AP-da formalaşır, kəskinləşən münasibətlər Avropa Komissiyasına da təsir edəcək. O cümlədən AP üzvü ölkələrlə münasibətlərə də təsirsiz qalmayacaq. Nəzərə almaq lazımdır ki, bunun kökü həm də gedib AŞPA-ya çıxır. Çünki siyasi qruplar bir-biri ilə əlaqəlidir, həmrəylik nümayiş etdirirlər. AŞPA-da səlahiyyətlərin dayandırılması bir statussuzluq yaradır. Bu həm də bir neqativ imicdir. İqtidarın emosional reaksiyası isə neqativ təsir AP-yə də daşınır. Yekun olaraq düşünürəm ki, Əliyev özü də fərqindədir ki, AP AŞPA deyil, o cümlədən AP də AŞPA ilə münasibətlərin pisləşməsi nəyə gətirib çıxara bilər. Hətta Avropa Şurasından da çıxmaq istəməz, qəzəbini göstərsə də, heç vaxtı ciddi addım atmayıb, atmaz da. Bu da avtomatik AP ilə, üzv ölkələrlə konfrontasiya deməkdir. Qitə ilə siyasi münasibətlərin pozulması həm də arxasını gətirəcək mənası daşıyır. İndi sadəcə Azərbaycanla olan ehtiyac artımı Əliyevin əlindəki kartlarla oynaya biləcəyini düşündürür, nazına çəkəcəkləri üçün reflektiv reaksiya verir. Bununla da ictimai rəyə oynayır. İqtidarın bütün siyasəti heç vaxt uzunmüddətli olmayıb, ona görə də onlar üçün uzunmüddətli kurs deyə bir şey yoxdur.

 - Bu addım ölkədaxili siyasi mühitə necə təsir edə bilər? Müxalifət və vətəndaş cəmiyyəti üçün bu nə deməkdir?

Azərbaycanın gerçək müxalifət və vətəndaş cəmiyyəti siyasi mənzərəsini (əvvəlki sualda çəkdiyim misal) düzgün oxumağı bacarmalıdır. Tarixi təcrübə və araşdırmalar deyir ki, dəyişikliyin baş verməsi, hətta inqilabın gerçəkləşməsi üçün rəqəm say çoxluğu kifayət etmir. Dəyişiklik (evolusyon və ya inqilabi) kiçik saylı təşviqatçıların şəbəkələri vasitəsilə edilib tarixən, nəinki kütlələr. Əgər biz dəyişiklik istəyiriksə, “nə qədər insan ideyamızı dəstəkləyir?” sualı əvəzinə “nə qədər bizim dəstəkləyicilərimiz effektiv əməkdaşlıq, iş birliyi qabiliyyətinə sahibdir?” sualını verməliyik. 180 milyonluq Rusiya imperiyasında 1917-ci il inqilabı zamanı çara qarşı çıxan yuxarı və orta sinfin sayı 3 milyon. Kommunist partiyasının üzvlərinin sayı isə 23000 nəfər idi. Bolşeviklər yaxşı bacararaq, doğru vaxtda, doğru yerdə oldular və inqilabı elə keçirə bildilər. Misirdə Mübarək düşəndə nümayişçilər vakumu doldura bilmədilər. Alternativ kimi kifayət qədər təşkil olunmuş iki institut - Müsəlman qardaşları və ordu vardı. Hakimiyyətə də onlar gəldi. Rumıniyada 1989-cu ildə dəyişiklikdə daha yaxşı əməkdaşlığı qura bilən eks-kommunistlərin yaratdığı Milli Qurtuluş Cəbhəsi hakimiyyəti ələ keçirdi.

Bizdə və digər post-sovet regionunda da eyni formada cərəyan etdi. Beləliklə, geniş ölçülü əməkdaşlığın həyati əhəmiyyətinə dair bol tarixi faktlar mövcuddur. Kim yaxşı əməkdaşlıq qura bilir, hətta konfliktlər zamanı müxtəlif qruplar arasında qələbə demək olar ki, onundur. Tarixdə Roma da yunanları belə işğal etdi. Digər tərəfdən hakimiyyət və real siyasətin şərtləri elə reallıq, elə vəziyyət yaradıb ki, ictimai-siyasi qüvvələr arasında təsnifat çox sadədir. Əliyevə dost olanlar və dost olmayanlar, dost olmayanlar arasında kimin nə adla danışmasının, status və səlahiyyətinin fərqi yoxdur. Ona görə də yalnız açıq formada dəyər və prinsiplər ətrafında vahid cəbhədə funksional əməkdaşlıq, iş birliyi quraraq avtoritarizmi dəyişikliklərə məcbur edə bilərik. Siyasi partiya, qrup, vətəndaş cəmiyyəti, icma, media və s. təsnifatı aparıb hər kəsin ayrı-ayrılıqda öz müstəqil cəbhəsində Avtoritarizmə qalib gəlmək mümkün deyil. Nəinki qələbə ola bilər, belə inanca qapılmaq siyasi körlük və siyasi axmaqlıqdır. Siyasi təşkilatlar da yaşanan təcrübələrdən dərs çıxarmalıdır.

2023-də siyasi partiyalarla bağlı mütəxəssislər qanun dəyişikliyindən sonra yenidən qeydiyyata müraciət edənlərə dediyim oldu, statusu saxlamaq heç nəyə yaramadı. Bundan sonra da vəziyyət dəyişməsə, heç nə olası deyil. Tək adam rejiminin sahibi fəaliyyətə imkan verməyən çox açıq şərtini qoyur və hətta ona uyğun dəstək də verir. Gərək Əliyevə dost münasibət göstərəsən. Beləliklə, hesab edirəm ki, əsas hədəfimiz “daxil demokratikləşmə” hərəkatı olmalıdır. Burada əməkdaşlığın qurulması və davam etməsi üçün prinsipiallıqla yanaşı, konseptuallıq da önəmlidir. Təcrübə göstərir ki, funksional birləşmə effektiv və faydalı olur. Struktural birləşmə ilə bağlı çoxlu neqativ təcrübələr yaşanıb. Struktura etimad yoxdur, amma açıq prinsiplər və ortaq konseptual baxışlar ətrafında elastik idarəetmə forması tapmaq mümkündür. Təcrübədən keçmiş nə qədər uğurlu nümunələr var. Təbii olaraq, idarəetmə modeli olmalıdır ki, qərarlar verilə bilsin, mobillik təşkil edilsin, fəaliyyətlər əlaqələndirilsin. Bunu da açıq hesabatlarla qarşılıqlı nəzarət və səlahiyyət bölgüsündə tarazlıqla etmək mümkündür. Əvvəlki təcrübələrdən hər kəs dərs çıxarmalıdır: Siyasətçilər - merkantil, karyerist, maraqla cari siyasi nəticələr üçün çalışma vərdişlərindən uzaqlaşmalı, uzaq durmalıdır. Demokratiyaya empirik səs çoxluğu kimi baxıb yaranan qurumda nəzarəti əldə almaq üçün tərəfdarlarının çoxluqda olması istəklərini unuda bilməlidirlər. Əməkdaşlığı da ancaq öz platforma və müstəvilərində görməməlidir. Vətəndaş cəmiyyəti “insan hüquqları” bürokratlığından “dəyərlərin yeganə fədaisi” obrazında məhdudlaşmamalı, əksinə aşmağı bacarmalıdır.

Post-müharibə və post-repressiya qorxusundan qurtulmaq zamanıdır. Siyasiləşməkdən çəkinməməli, ona “avantura” kimi baxmamalıdır. Siyasiləşmək siyasətçi kimi qavranılmamalıdır. Ümumən siyasi və siyasi olmayanlar arasında ayırd etmək çox yersiz və mənasızdır. O zaman məna kəsb edəcək ki, konkret seçki prosesi olsun, kimsə siyasi post uğrunda iddia qoysun, namizəd olsun və səs verməyə çağırış olsun. İndiki situasiyada siyasiləşmək dəyərkən demokratikləşmə hərəkatındə iştirak nəzərdə tutulur. Əgər deyiriksə, qadın zorakılığı, məişət zorakılığı və s. siyasi problemdir, onda bir zəhmət onun həllinə yönəlik fundamental məsələlərə nail olmaq üçün iştirakdan yayınmayaq. Azərbaycanda siyasi proses məhv olub, geridə qalan dəyərə sadiq sadəcə qeyri-siyasi qruplardır. Mənzərəsinin təqdimatı nəticədə xarici olanlar sadəcə mediaya qarşı repressiya və ya vətəndaş cəmiyyətinə qarşı repressiya kimi başa düşüləcək. Perspektiv baxımından da potensial tərəfdarlar üçün demokratikləşmə mövzusunda Azərbaycan postmüharibə dövründə “uduzulmuş zona” kimi qavranılacaq. Azərbaycan iqtidarı zatən özünü siyasi coğrafiya olaraq Orta Asiya zonası kimi təqdim edir. Biz də onların çörəyinə yağ sürtməməliyik. Gürcüstan, Belarusiya, Venesuela, Rusiya və sair nümunələrdə dəstəyin güclü olmasında həm yerli, həm də miqrantlarda pro-demokratizasiya hərəkatlarının rolu böyükdür. Ona görə də ölkəmizin xilası, balalarımızın gələcəyi və ləyaqətimizin saxlanmaq dirənişdən və bir-birimizlə doğru əməkdaşlıq qura bilməyimizdən keçir. Bunu açıq və səmimi olmaqla, cəmiyyətə və gələcəyimizə qarşı məsuliyyətli davranaraq, müxtəlif qrupların funksional birliyi ilə mümkündür. Demokratikləşmə avantqard, öncü, insan haqları isə tamamlayıcı faktor hesab edilməlidir. Xalqımızın potensial gücü və demokratik dünyanın qarşısında vahidlik imici və ümumi kimliklə çıxış edə bilməliyik ki, dəstək əldə edə bilək.

- İctimaiyyətə və müsahibənizi oxuyacaq şəxslərə nə demək istərdiniz?

 Demokratiya fəal bir prosesdir. Bərabərsizlikləri, bərabərsizliyi azaltmaq, azadlıqları genişləndirmək, ədaləti bərqərar etmək üçün səy göstərmək tələb olunur. Bəşər tarixindən aydın görürük ki, demokratiya insanların uğrunda savaşdığı bir şeydir. Zorakılıqdan doğmuşdu. İnkişaf etmiş ölkələrdə bu məfhumlar heç vaxt qarşılıqsız verilməmişdi. İnsanlar güclüdən zorla alaraq bu inkişafa nail olmuşlar. İndi bizim həyatımızın məzmunu və mənası bu uğrunda apardığımız davadır. Qurucu babamız Rəsulzadənin də dediyi kimi “İş fiziki gücdə cüssədə deyil, ruhi və mənəvi gücdə, mətinlikdədir. Göstərin ki, hürriyyət şanına aşiq olan pərvənənin heç bir zülm və istibdad şöləsi sevgilisinə qovuşmaqdan saxlaya bilməz.” Biz də buna çalışırıq. Həbsimizdən artıq üçüncü ilə keçmişik, amma qətiyyən davamız yolunda belə tərəddüd etməmiş, motivasiyadan düşməmişik. Nəçə il iş vermələrindən asılı olmayaraq qurucu babaların Rəsulzadə, Topçubaşov, Xoyski, Yusifbəylinin irsinə və vizyonuna sahib çıxacaq ölkədə gerçək respublikanın qurulmasınadək mübarizəmizi davam etdirəcək. Son hadisələrin fonunda gördük, artıq qloballaşma o həddə çatıb ki, hansı qitədə yaşamağından asılı olmayaraq hadisələr hər kəsə təsir edir. İqtisadiyyatın qloballaşması, texnoloji inkişaf, informasiya texnologiyası dünya ölkələrini və vətəndaşlarını istədi-istəmədi bir-birindən asılı vəziyyətə salıb. Ona görə də Əliyev öz hakimiyyətini qorumaq üçün bizi həbs etsə də, öz başına güc hesabına ayaqda qalmağa, vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, qlobal axını durdura bilməyəcək.

Dünyadakı kataklizmlər də çox keçməyəcək dayanacq. Ölkələr daha təkmil oyun qaydaları formalaşdırmağa məhkumdur. Təkamül prosesi sancılı keçsə də, daha yaxşı həll yolları tapılacaq, təkmilləşmə olacaq, geci-tezi var. Bizdəki bu proseslərin tez həllinin açarı da özümüzdədir. Ona görə də bu yolda əlimizi daşın altına qoymuşuq. Cəmiyyətə siyasi iradəmizi bəyan etmişik, bəyanımızın da arxasındayıq. Hər cür məhrumiyyətləri də gözə aldığımızı göstəririk. Cəmiyyətdən də bu yolda dəstək istəyirik. Birlikdə bacaracağıq. Unutmayaq, hər qaranlığın sonunda mütləq bir işıq var! Gəlin işığa, gələcəyə doğru birlikdə addımlayaq. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq!


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AİHM aprel döyüşlərində ölən erməniyə görə 104 min avrodan çox təzminat təyin edib 

18 İyun 2026

Açıq mənbə

İyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin aprel döyüşlərində ölmüş erməni hərbçinin ailə üzvlərinin şikayətləri ilə bağlı iş üzrə qərar verib.  Ərizəçilər həmin vaxt keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni ordusunda mayor rütbəsi daşımış hərbçinin ailə üzvləri olub. Onlar ərizələrində iddia edib ki, hərbçi Talış kəndinə daxil olmuş azərbaycanlı əsgərlər tərəfindən güllələnib, sonra isə əlləri və başı kəsilib. Azərbaycan hökuməti iddia ilə bağlı AİHM-ə bildirib ki, hadisənin baş verdiyi deyilən yer həmin vaxt erməni işğalı altında olub, buna görə də Azərbaycanın hadisəni araşdırmaq imkanları olmayıb.  Ərizəçilər ailə üzvlərinin işgəncəyə məruz qaldığını və qanunsuz şəkildə öldürüldüyünü, özlərinin isə buna görə...
Siyasət

AXCP fəalı 30 sutkalıq həbs olunub

18 İyun 2026

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Anar Ərkivan inzibati qaydada həbs olunub.  AXCP Nəzarət Təftiş Komissiyasının sədri Murad Sultanlının yaydığı məlumata görə, iyunun 17-də Nərimanov Rayon Məhkəməsi fəala 30 sutka həbs cəzası verib. A.Ərkivan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinib.  "Anar bəy şəxsi avtomobilini idarə edən zaman Dövlət Yol Polisi (DYP) əməkdaşı onu saxlayaraq, telefonla danışdığını "əsas" gətirərək cərimə yazmaq istəyib. Anar bəy avtomobili idarə edən zaman telefonla danışmadığını bildirib. Yazılacaq cəriməyə etirazını bildirib. DYP əməkdaşı əlavə qüvvə çağıraraq, Anar bəyə zor tətbiq edərək onu Nərimanov Rayon...

Seçilmiş Videolar

Toplum TV loqo