Siyasət

Azərbaycanda iki fərmanla 10 dövlət qurumu ləğv edildi

20 Fevral, 2026
6306

Foto: açıq mənbə

Ölkə prezidenti İlham Əliyevin fevralın 20-də imzaladığı iki fərqli fərmanla 13 dövlət qurumu digər qurumlara birləşdirildiyi üçün onların müstəqil fəaliyyətinə xitam verilib.

Məsələn, Kənd Təsərrüfatı Nazirliyinə tabe olan 8 müxtəlif elmi-tədqiqat institutu - Meyvəçilik və Çayçılıq, Üzümçülük və Şərabçılıq, Baytarlıq, Heyvandarlıq və Balıqçılıq, Bitki Mühafizəsi, Əkinçilik, Tərəvəzçilik və Aqromexanika elmi-tədqiqat institutlarının bazasında 3 yeni qurum formalaşdırılacaq. Bunlar “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”, “Bitkiçilik Elmləri İnstitutu” və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu” olacaq.

Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” adlı 2 publik hüquqi şəxsin bazasında “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan 3 qurumun – “Metrologiya İnstitutu”, “Standartlaşdırma İnstitutu” və “Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərinin bazasında vahid struktur formalaşdırılacaq.

Nəhayət, Sosial Tədqiqatlar Mərkəzinin müstəqil qurum kimi mövcudluğuna son qoyulub və bu qurum Medianın İnkişaf Agentliyinə birləşdirilib. Oxşar addımla Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin bazasında fəaliyyət göstərməsi qərara alınıb.

Əslində, hökumət bu addımın anonsunu hələ 2026-cı ilin büdcəsini təsdiq edərkən vermişdi. Bakı Araşdırmalar İnstitutunun bu günlərdə yaydığı analizdən görünür ki, büdcədən vəsait alan 50-yə yaxın dövlət qurumuna ayrılan vəsaitdə xeyli ixtisarlar nəzərdə tutulub. İxtisarın miqyası müxtəlif qurumlar üzrə fərqli olub və 5–15 faiz intervalında dəyişib.

Prezidentin son qərarı göstərir ki, struktur dəyişiklikləri və ləğvlər xeyli sayda insanın iş yerini itirməsi ilə nəticələnə bilər.

Müstəqil ekspertlər hesab edirlər ki, iqtisadiyyata fayda verməyən, büdcə üçün yükə çevrilən dövlət orqanlarının ləğvi neft gəlirlərinin azaldığı bir dövrdə başa düşüləndir və hökumət büdcə yükünü azaltmağa çalışır. Amma hədəf yalnız kağız üzərində asan və dərhal gözə görünən qənaəti təmin etməkdirsə, bunun iqtisadiyyat üçün böyük qazancı olmur. Struktur islahatların əsas məqsədi iqtisadi inkişafa töhfə vermək olmalıdır.

Məsələn, ləğv olunan çoxsaylı tədqiqat institutlarının yerində yaranan strukturlar yeni biliklərin formalaşdırılması və onların iqtisadiyyata ötürülməsi, insan kapitalının inkişafı, patentlərin sayının artması və innovativ yanaşmaların əldə olunması baxımından orta və uzunmüddətli dövrdə hansı nəticələrə nail olacaq?

Bununla bağlı hökumətin hansı strategiyası var?

Ümumiyyətlə, elmin maliyyələşdirilməsində sovet dövründən qalma “hamıya vəsait ayıraq” prinsipinin ləğvi barədə kim düşünməlidir?

Yeni maliyyələşmə mexanizmləri nədən ibarət olmalıdır?

Uğurlu nümunələrdə uzun illərdir tətbiq olunan “missiyayönümlü” və “nəticəəsaslı”, qrant mexanizminə əsaslanan maliyyələşməyə keçid nə vaxt baş verəcək?

Aydın və peşəkar şəkildə işlənmiş strategiya olmadığı üçün bu sualların cavabı da yoxdur.

Yeri gəlmişkən, bu qərarda ən çox maraq doğuran məqamlardan biri Sosial Tədqiqatlar Mərkəzinin ləğvi oldu. Mərkəz cəmi 7 il əvvəl, elə fevral ayında yaradılmışdı. Qurumun rəhbəri, deputat Zahid Oruc başlanğıcda iddialı bəyanatlar verərək Mərkəzin “beyin mərkəzi” kimi hökumətə töhfə verəcəyini bildirmişdi. Görünür, təşkilat “arzuolunan beyin” funksiyasını yerinə yetirməyə nail ola bilmədiyi üçün ona büdcə yükü kimi baxıldı və sadəcə ləğv etməklə “mükafatlandırıldı”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo