Siyasət

Azərbaycanda siyasi partiyalar niyə yeni liderlər yetişdirə bilmir?

25 May, 2026
356

Açıq mənbə

Son illərdə Azərbaycanda siyasi partiyalarla bağlı yeni qanunun qəbulu və siyasi müxalifət üzvlərinə qarşı aparılan həbslər ölkədə siyasi partiyaların fəaliyyət imkanlarının məhdudlaşdığına dair müzakirələri gücləndirib. Müşahidəçilər hesab edir ki, mövcud vəziyyət ölkədə siyasi iştirakçılığı və siyasi partiyaların rolunu böyük ölçüdə zəiflədir, siyasi müstəvdə yeni simaların formalaşmasının qarşısını alır.

Mövzu ilə bağlı “Toplum TV”yə danışan III Respublika Platformasının qurucu heyət üzvü Elman Fəttah bildirib ki, Azərbaycan 1993-2013-cü illər arasında sistematik xarakter almış liderlik repressiyalarının izlərini bu gün də daşıyır.

“Son 15 il ərzində gənc siyasi liderlər həbs, sürgün və kooptasiya yolu ilə sıradan çıxarılıb. Yerli səviyyədə tanınan fəallar məhkəmələr və işdən çıxarılma vasitəsilə zərərsizləşdirilib. Siyasət gənclər üçün riskli, təhlükəli və perspektivsiz fəaliyyət sahəsi kimi təqdim olunub. Bu mənzərədə insanlar yaşadıqları ölkəni qorxu imperiyası kimi görür və belə şəraitdə yeni siyasi simaların formalaşması qeyri-mümkün olur. Baş verən nadir cəhdlər də amansızlıqla cəzalandırılır”, - deyə E. Fəttah qeyd edib.

E. Fəttah nümunə kimi 2023-cü ilin dekabrında elan edilən III Respublika Platformasının spikeri Akif Qurbanovun cəmi iki ay sonra həbs olunmasını xatırladıb.

O hesab edir ki, avtoritar sistemlər öz müxaliflərinə qarşı yalnız polis, məhkəmə, qanun və iqtisadi təzyiq tətbiq etməklə kifayətlənmir, onların ən təsirli silahlarından biri də düşüncəyə nəzarətdir:

“Rejim çox yaxşı bilir ki, müxalif partiyaların əsas dayağı nə sosial media, nə də iddia olunan xarici yardımlardır. Partiyalar üçün ən qiymətli resurs insan və onun imkanlarıdır. Yəni funksionerlərin işləmək, yaşamaq, ailələrini dolandırmaq, təşkilatlarını maliyyələşdirmək və fəaliyyətlərini davam etdirmək üçün ehtiyac duyduqları maddi və iqtisadi müstəqillikdir. Azərbaycan avtoritarizmi bu durumu mükəmməl şəkildə anlayır. Buna görə də partiyaları neytrallaşdırmaq üçün ən təsirli vasitə kimi boğucu iqtisadi metodlardan istifadə edir”.

E. Fəttahın fikrincə, bu siyasi xətt insanların gündəlik həyatını çətinləşdirməyə, siyasi fəaliyyəti gəlir gətirməyən bir sahəyə çevirməyə, müxalifətçiliyi isə ailə və sosial mühitdə problem mənbəyi kimi təqdim etməyə xidmət edir.

“Azərbaycanın avtoritar sisteminin özünəməxsus xüsusiyyətlərindən biri də cəzanın yalnız siyasi fəalın özünə deyil, eyni zamanda onun ailə üzvlərinə və qohumlarına da tətbiq olunmasıdır. Bu yanaşma müxalif siyasi fəaliyyəti daha ağır nəticələr doğuran bir fəaliyyətə çevirir. Həmçinin partiyaların sosial bazasını əhəmiyyətli dərəcədə məhdudlaşdırır və davamlı kadr hazırlanması prosesini dayandırır”, - deyə o bildirib.

E. Fəttah qeyd edir ki, bu proses yeni liderlərin yetişməsi üçün zəruri olan kadr ardıcıllığı və təcrübənin ötürülməsi kimi mexanizmləri də sıradan çıxarıb:

“Son 15 il ərzində minlərlə fəal, jurnalist, alim, vətəndaş cəmiyyəti nümayəndəsi, gənc mütəxəssis, müstəqil ekspert ölkəni tərk edib. Bu, sadəcə şəxsi seçim deyil, sistemin yaratdığı təsirli təzyiq mühitinin nəticəsidir. Nəticədə partiyalar intellektual bazasını, siyasi strategiyalar hazırlayan mütəxəssis qruplarını və konseptual düşüncəni inkişaf etdirən analitik mühiti itirib. Belə şəraitdə nəinki yeni lider yetişdirmək, ümumiyyətlə partiyaların mövcudluğunu davam etdirməsi belə yaxın gələcəkdə tarixə çevrilə bilər”.

AXCP sədrinin müavini Seymur Həzi isə bildirir ki, cəmiyyətin içərisindən siyasətə yeni insanlar gəlmir, çünki siyasət təhlükəli fəaliyyət sahəsinə çevrilib və bunun əsas səbəbi ölkədəki siyasi vəziyyətdir:

“Ölkədə siyasət yoxdur, siyasi mübarizə yoxdur. İnzibati resurslar vasitəsilə bütün siyasi fəaliyyət qapadılıb. Parlament seçkiləri saxta keçirilir, bələdiyyə seçkiləri saxta keçirilir. Müstəqil namizədlərin hansı repressiyalarla üzləşdiyini görürsünüz. AXCP İdarə Heyətinin üzvlərinin üçdə birindən çoxu uzunmüddətli həbs həyatı yaşayıb. Hamısı da gənc və orta nəsli təmsil edən şəxslərdir - Aqil Məhərrəmli, İlham Hüseyn, Asif Yusifli, Məmməd İbrahim və başqaları”.

S. Həzi siyasi motivli hesab edilən həbslərin başqa insanların vətəndaş cəmiyyətinə qoşulmasını və siyasi fəaliyyətlə məşğul olmasını da məhdudlaşdırdığını qeyd edir.

Yeni simaların yetişməsi üçün uyğun mühitin vacibliyini vurğulayan S. Həzi əlavə edib ki, belə şərait olmadıqda yeni “toxumlar” cücərmir və həmin toxumlar həbsxanada çürüyür.

İctimai fəal Rüstəm İsmayılbəyli də hesab edir ki, Azərbaycanda istənilən formada siyasi-ictimai fəaliyyət imkanları məhv edilib.

“Azərbaycanda ümumiyyətlə siyasi-ictimai mühit kiçildiyi üçün bütün demoqrafik qruplarda siyasi maraq azalıb. Gənclər isə heç vaxt fərqli nümunə görmədiklərinə və belə bir mühitdə yaşamadıqlarına görə siyasətə xüsusilə az maraq göstərirlər. Məsələn, orta və ya daha yaşlı nəsil 2003-cü ili, 2005-ci ili, hətta 90-cı illəri xatırlayır. Həmin dövrlərdə müəyyən siyasi-ictimai mühit mövcud idi. Lakin xüsusilə Z nəslinin, hətta Alfa nəslinin belə bir təcrübəsi yoxdur və onlar apolitik mühitdə formalaşıblar. Bu isə artıq onların həyatında normaya çevrilib”, - deyə o bildirib.

Onun sözlərinə görə, istənilən demoqrafik qrupun nümayəndəsi, o cümlədən tələbə və ya işçi, hökumətin bəyənmədiyi formada siyasi fəaliyyətə başlayarsa, oxuduğu universitetdəki və ya işlədiyi müəssisədəki ən kiçik məmurdan başlayaraq getdikcə böyüyən təzyiqlərlə qarşılaşır.

“Fəallar ölkənin əsas iş yerlərindən və ictimai-siyasi mühitindən tamamilə təcrid olunur, damğalanmış şəxs kimi cəmiyyətdən kənarlaşdırılırlar. Belə şəraitdə insanlar ya ən ağır şərtlərdə işləyərək həyatda qalmağa çalışır, ya həbs olunur, ya da normal həyat qura bilmək üçün ölkəni tərk etmək məcburiyyətində qalırlar”, - deyə R. İsmayılbəyli bildirib.

Siyasi fəal hesab edir ki, 2026-cı ildə Azərbaycanda qalıb dövlətin müəyyən etdiyi xəttdən kənarda fəaliyyət göstərməyin heç bir müsbət nəticəsi yoxdur və bu vəziyyətin qarşıdakı bir neçə il ərzində də davam edəcəyi ehtimal olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov: "Göz müayinəsi üçün hələ də həkim göndərilmir" 

30 İyul 2026

Sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov gözündəki problemə baxmayaraq hələ də müayinədən keçmədiyini deyir.  Bu barədə ictimai fəal Əmrah Təhməzov "Toplum TV"-yə məlumat verib.  Onun sözlərinə görə, 10 gün əvvəl B.Səmədovun uzun müddət əvvəlki çağırışına cavab olaraq müayinə üçün dəri həkimi göndərilib.  "Ekzema adlı dəri xəstəliyindən də əziyyət çəkir. Lakin gözündəki problemlə bağlı da daha öncə həkim istəsə də, hələ də təmin olunmayıb. Dəri həkimi deyib ki, 1-2 günə göz həkimi də gələcək. Lakin hələ də göndərilməyib", - o qeyd edib.  B.Səmədov bununla bağlı Ombudsman Aparatına şikayət etdiyini, hələ də cavab almadığını bildirib.  İyulun 9-da sülh fəalı...
Siyasət

HRW: “Bu, müstəqil mediaya qarşı repressiyalar başlayandan bəri çıxarılan ən ağır hökmdür”

30 İyul 2026

Açıq mənbə

“2026-cı il iyulun 27-də Azərbaycan məhkəməsi doqquz media əməkdaşı və vətəndaş cəmiyyəti fəalını 12 ildən 15 ilədək azadlıqdan məhrum edib. Bu, hökumətin müstəqil mediaya qarşı davam edən repressiyalarına başladığı vaxtdan bəri çıxarılan ən ağır cəzalardır. “Human Rights Watch” (HRW) insan haqları təşkilatının “Toplum TV işi” üzrə çıxarılmış hökmlərlə bağlı açıqlamasında belə deyilir. Təşkilat qeyd edir ki, bu, 2025-ci ilin iyununda “Abzas Media işi” üzrə jurnalistlərə verilən 7 il 6 aydan 9 ilədək həbs cəzalarını da geridə qoyur. HRW xatırladır ki, hakimiyyət əvvəlcə doqquz nəfəri qaçaqmalçılıqda ittiham edib, daha sonra isə onlara digər maliyyə xarakterli ittihamlar da əlavə olunub. “Təqsirləndirilən şəxslərin...

Seçilmiş Videolar

Toplum TV loqo