Siyasət

Baş prokuror: "Əfqan Sadıqov jurnalist hüquqi statusuna malik deyil"

13 İyul, 2026
218

Açıq mənbə

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl Oflaherti iyunun 30-da Azərbaycanın baş prokuroru Kamran Əliyevə məktub ünvanlayıb. 

O, 2024-cü ildə Azərbaycan prezidenti İlham Əliyevə yazdığı məktuba istinad edərək həbsdə olan jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti üzvlərinin azadlığına çağırış etdiyini xatırladıb. 

Oflaherti bu dəfəki məktubunda isə həbsdə olan jurnalist Əfqan Sadıqova qarşı aparılan cinayət işi ilə bağlı narahatlığını ifadə edib. 

"Bundan əlavə, qeyd etmək istəyirəm ki, məhkəməyədək həbs yalnız istisna tədbiri olaraq tətbiq edilməli və onun zəruriliyi beynəlxalq insan hüquqları standartlarına uyğunluğun təmin edilməsi məqsədilə mütəmadi olaraq yenidən qiymətləndirilməlidir. Bu səbəbdən, hörmətlə xahiş edirəm ki, cənab Sadıqov barəsində cinayət işinin əvvəlcə hansı əsaslarla xitam verildiyi, sonradan isə hansı əsaslarla yenidən açıldığı, eləcə də nə üçün daha az məhdudlaşdırıcı alternativ tədbirlər əvəzinə məhkəməyədək həbs qətimkan tədbirinin seçildiyinə aydınlıq gətirəsiniz", - o qeyd edib. 

K.Əliyev isə iyulun 7-də yazdığı cavab məktubunda bildirib ki, Ə.Sadıqova qarşı cinayət işinin yenidən açılmasına məhkəmə qərar verib. O iddia edib ki, Ə.Sadıqovun müəyyən şəxslərə hədə-qorxu gəldiyi barədə sübutlar var. 

"Həmçinin, qeyd edilməlidir ki, qüvvədə olan daxili hüquqi çərçivəyə əsasən, cənab Sadıqov jurnalist hüquqi statusuna malik şəxs kimi tanınmır. Hər bir halda, şəxsin iddia etdiyi peşə statusu araşdırılan iddia olunan cinayət əməllərinin hüquqi qiymətləndirilməsinə heç bir təsir göstərmir. Nə jurnalist, nə də  insan hüquqları müdafiəçisi statusuna malik olması iddia edilən cinayət əməli ilə bağlı sübutlar mövcud olduğu hallarda şəxsi cinayət məsuliyyətindən azad etmir", - o əlavə edib. 

Ə.Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova sosial media hesabında baş prokurorun cavabını "söz yığımı" adlandırıb. 

"Baş prokurorun məktubunda işin ilkin olaraq niyə dayandırıldığı barədə konkret səbəb göstərilmir, yalnız onun məhkəmə qərarı ilə yenidən açıldığı izah olunur. Kamran Əliyev, niyə suala cavab vermədiniz? 1 apreldə cinayət işinə ona görə xitam verdiniz ki, Əfqanı Gürcüstandan rahat şəkildə Azərbaycan həbsxanasına gətirəsiniz. Budur sualın cavabı. Amma sizin buna cəsarətiniz çatmadı", - o qeyd edib. 

Əfqan Sadıqov 2024-cü il avqustun 4-də Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda saxlanılıb. Tbilisi Şəhər Məhkəməsi onun barəsində həbs və Azərbaycana ekstradisiya qərarı çıxarsa da, sonradan Avropa İnsan Hüquqları Məhkəməsi ekstradisiyanın həyata keçirilməsini dayandırıb.

Jurnalist 2025-ci ilin aprelində azadlığa buraxılıb. Azərbaycan Baş Prokurorluğu isə bu il aprelin 1-də onun barəsində aparılan cinayət işinə xitam verib. Üç gün sonra Ə.Sadıqov Azərbaycana deportasiya olunub. 

İyunun 8-də Binəqədi Rayon Məhkəməsi jurnalist barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo