Siyasət

CNN: İsrail İranla müharibədə Azərbaycana hərbi və kəşfiyyat bölmələri yerləşdirib

5 İyun, 2026
169

president.az

İsrailin İranla müharibə zamanı Yaxın Şərqdə yaratdığı gizli əməliyyat şəbəkəsinin bir hissəsi olaraq Azərbaycana elit hərbi və kəşfiyyat bölmələri yerləşdirdiyi iddia olunur. Bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrdən ikisinin sözlərinə görə, həmin qüvvələr Azərbaycanın cənubunda, İranın şimal sərhədinə bitişik bir neçə nöqtədə fəaliyyət göstərib. Bu məntəqələrdən ən yaxını İsrailin müharibə zamanı zərbələr endirdiyi İranın Təbriz şəhərindən təxminən 60 mil məsafədə yerləşib.


Digər iki mənbənin bildirdiyinə görə, əraziyə yerləşdirilən xüsusi təyinatlı komando bölmələri həm kəşfiyyat məlumatlarının toplanmasını, həm də pilotsuz uçuş aparatları ilə əməliyyatların keçirilməsini təmin ediblər. Bu, İsrailə müharibə zamanı İranın şimal hissəsini müşahidə etmək üçün əlverişli mövqe qazandırıb.

CNN bildirir ki, Azərbaycandakı bu gizli hərbi mövcudluq İsrailin Yaxın Şərq regionunda qurduğu bir neçə strateji mövqedən birini təşkil edib. Bu mövqelər İsrail ordusuna geniş imkanlar yaradaraq, bəzi qonşu ölkələrin razılığı, bəzilərinin isə ehtimal ki, xəbəri olmadan Tehrana qarşı əməliyyatlara və münaqişəyə necə cəlb olunduğunu göstərir.

Mənbələrin CNN-ə bildirdiyi məlumata əsasən, Azərbaycandakı məntəqələr bir neçə ölkədə yerləşən çoxsaylı gizli hərbi obyekt və bazaların yalnız bir hissəsidir. Bu ölkələr arasında İraq, Birləşmiş Ərəb Əmirlikləri və Somalilend də yer alır. Qeyd olunur ki, əvvəlcə fövqəladə vəziyyət yaranacağı təqdirdə xilasetmə qrupları kimi nəzərdə tutulan bu qüvvələrin fəaliyyəti sonradan genişləndirilib və onlar hərbi-kəşfiyyat mövqelərinə çevriliblər.

Mənbələrdən birinin sözlərinə görə, Azərbaycandakı əməliyyatda İsrailin xüsusi əməliyyat qüvvələri, elit helikopter-desant döyüş və xilasetmə bölmələri, həmçinin “Mossad” əməkdaşları da daxil olmaqla bir neçə onlarla hərbçi iştirak edib.

Nəşrin yazdığına görə, İsrail uzun müddətdir ki, Azərbaycanı İrana qarşı mübarizəsində strateji tərəfdaş hesab edir və hazırlıqlar müharibənin ilk zərbələrindən bir neçə həftə əvvəl başlayıb. Planlarla tanış olan iki mənbənin CNN-ə verdiyi məlumata görə, yanvarın ortalarında, İran hökumətinin genişmiqyaslı etirazları nümayişçilərin kütləvi şəkildə öldürülməsi ilə yatırdığı bir vaxtda, İsrail Azərbaycan–İran sərhədi boyunca gizli əməliyyat hazırlayıb.

Mənbələr həmin əməliyyatı əraziyə dinləmə cihazları və kəşfiyyat avadanlıqları yerləşdirməklə sonrakı addımlar üçün zəmin yaradan ilkin əməliyyat kimi xarakterizə ediblər.

İsrail bu əməliyyatı müharibənin ilk zərbələri ilə eyni vaxta planlaşdırsa da, Donald Tramp İranın nümayişçiləri öldürməyi dayandıracağını əsas gətirərək hücumu son anda əngəlləyib. Buna baxmayaraq, ABŞ–İran danışıqlarının uğursuz olacağını düşünən İsrail xüsusi təyinatlılar və gizli təyyarələr vasitəsilə kəşfiyyat cihazlarını yerləşdirib. Bu məntəqə İsrailə İranın hərbi hərəkətlərini izləmək və raket buraxılışlarını öncədən müəyyən etmək imkanı qazandırıb.

CNN iddia edir ki, bundan iki həftə keçməmiş İsrailin xarici işlər naziri Gideon Saar Bakıya səfər edib və Azərbaycan prezidenti, eləcə də digər yüksək vəzifəli şəxslərlə görüşüb. 2025-ci ilin mayında Azərbaycan həmçinin İsrail və Suriya arasında nadir birbaşa danışıqlara gizli şəkildə ev sahibliyi edib.

Mənbələrdən birinin sözlərinə görə, Azərbaycandan həyata keçirilən əsas əməliyyatlardan biri martın 4-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsinin rəhbəri Rahman Moqəddəmin öldürülməsi olub. İsrail onun 2024-cü ildə ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdinin planlaşdırılmasına cavabdeh olduğunu iddia edirdi.

Nəşrin məlumatına görə, bir gün sonra pilotsuz uçuş aparatları Naxçıvan Muxtar Respublikasındakı hava limanına zərbə endirib. Nəticədə terminal binasına ziyan dəyib və bir neçə nəfər yaralanıb. İlham Əliyev hadisəyə görə İranı günahlandıraraq bunu “terror aktı” adlandırıb. İran isə dron hücumlarını həyata keçirdiyini təkzib edib.

Martın 6-da Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) SEPAH-ın kritik infrastruktur obyektlərinə, eləcə də İsrail və yəhudi hədəflərinə qarşı hücum planının qarşısını aldığını açıqlayıb. Bir neçə həftə sonra İsrail bu əməliyyatın “Mossad”, İsrail ordusu və daxili təhlükəsizlik xidməti olan “Şin Bet”in iştirakı ilə birgə həyata keçirildiyini açıq şəkildə təsdiqləyib.

Nəşr onu da bildirir ki, İsrail və Azərbaycan arasında ticari və hərbi maraqlara əsaslanan sıx əlaqələr mövcuddur: “Bakı İsrailin neft tələbatının əhəmiyyətli hissəsini təmin edir. Əvəzində İsrail Azərbaycana müasir silah sistemləri satır. Bu silahların bir qismi 2016 və 2020-ci illərdə Dağlıq Qarabağ münaqişələri zamanı Ermənistana qarşı istifadə olunub. Azərbaycan həmçinin 2016-cı ildə İsrailin ‘Iron Dome’ hava müdafiə sistemini satın alan ilk xarici ölkə olub”.

Azərbaycanın ABŞ-dəki səfirliyinin nümayəndəsi CNN-ə açıqlamasında iddiaları təkzib edib:

“Azərbaycan ərazisinin üçüncü ölkələrə qarşı əməliyyatlar üçün istifadə olunması ilə bağlı əsassız iddiaları qətiyyətlə rədd edirik”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də CNN-in məqaləsində yer alan iddiaları qəti şəkildə rədd edib.

Onun sözlərinə görə, Azərbaycanın İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, eləcə də İsrail qüvvələrinin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı iddialar tamamilə əsassızdır.

Ayxan Hacızadə bildirib ki, bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən rəsmi qaydada redaksiyaya təqdim olunub, lakin məqalədə anonim mənbələrə əsaslanan iddialara üstünlük verilib.

“Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə olunması barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz belə fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək”, – deyə XİN rəsmisi vurğulayıb.

O əlavə edib ki, Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir və bu kimi iddialar növbəti dezinformasiya cəhdi kimi qiymətləndirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov: "Göz müayinəsi üçün hələ də həkim göndərilmir" 

30 İyul 2026

Sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov gözündəki problemə baxmayaraq hələ də müayinədən keçmədiyini deyir.  Bu barədə ictimai fəal Əmrah Təhməzov "Toplum TV"-yə məlumat verib.  Onun sözlərinə görə, 10 gün əvvəl B.Səmədovun uzun müddət əvvəlki çağırışına cavab olaraq müayinə üçün dəri həkimi göndərilib.  "Ekzema adlı dəri xəstəliyindən də əziyyət çəkir. Lakin gözündəki problemlə bağlı da daha öncə həkim istəsə də, hələ də təmin olunmayıb. Dəri həkimi deyib ki, 1-2 günə göz həkimi də gələcək. Lakin hələ də göndərilməyib", - o qeyd edib.  B.Səmədov bununla bağlı Ombudsman Aparatına şikayət etdiyini, hələ də cavab almadığını bildirib.  İyulun 9-da sülh fəalı...
Siyasət

HRW: “Bu, müstəqil mediaya qarşı repressiyalar başlayandan bəri çıxarılan ən ağır hökmdür”

30 İyul 2026

Açıq mənbə

“2026-cı il iyulun 27-də Azərbaycan məhkəməsi doqquz media əməkdaşı və vətəndaş cəmiyyəti fəalını 12 ildən 15 ilədək azadlıqdan məhrum edib. Bu, hökumətin müstəqil mediaya qarşı davam edən repressiyalarına başladığı vaxtdan bəri çıxarılan ən ağır cəzalardır. “Human Rights Watch” (HRW) insan haqları təşkilatının “Toplum TV işi” üzrə çıxarılmış hökmlərlə bağlı açıqlamasında belə deyilir. Təşkilat qeyd edir ki, bu, 2025-ci ilin iyununda “Abzas Media işi” üzrə jurnalistlərə verilən 7 il 6 aydan 9 ilədək həbs cəzalarını da geridə qoyur. HRW xatırladır ki, hakimiyyət əvvəlcə doqquz nəfəri qaçaqmalçılıqda ittiham edib, daha sonra isə onlara digər maliyyə xarakterli ittihamlar da əlavə olunub. “Təqsirləndirilən şəxslərin...

Seçilmiş Videolar

Toplum TV loqo