Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
Foto: AP
Cefri Epşteyn qalmaqalı ABŞ-ni və dünyanı silkələyir. ABŞ Ədliyyə Nazirliyi “Epşteyn faylları”na aid 3 milyondan çox səhifəni dərc edib. Onların arasında 2 min videoyazı və 180 min foto da var. Bu sənədlərdə çoxlu sayda siyasətçi, iş adamı və digər peşə sahiblərinin adları çəkilir. Amma ən çox maraq doğuran məqam ABŞ-nin hazırkı prezidenti Donald Trampın Epşteynlə əlaqələri və bu fayllarda hansı şəkildə yer almasıdır.
Açıqlanan son fayllarda Trampın adı azı 3 min dəfə hallanır. Onun yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar, təcavüz, zorakılıq əməlləri törətdiyi haqda iddialar var. Əlbəttə ki, sırf hüquqi baxımdan bu iddialar dəlil-sübut sayılmır və Trampa qarşı cinayət təqibinə əsas yaratmır. Tramp özü vaxtilə Epşteynlə əlaqəsi olduğunu qəbul edir, amma pedofiliya, cinsi zorakılıq iddialarını yalan və böhtan adlandırır. Lakin necə deyərlər, od olmadan tüstü çıxmaz. Trampın dürüst, nümunəvi və əxlaqlı biri olmadığı məlumdur. ABŞ ictimaiyyəti əksəriyyət etibarilə “Epşteyn faylları”ndakı iddialara, məlumatlara inanır və bu məsələ ən azı noyabrdakı Konqres seçkilərinə qədər ABŞ daxili siyasətində əsas müzakirə mövzularından biri olaraq qalacaq. Demokratlar seçki kampaniyasında Tramp haqqındakı iddiaları gündəmdə saxlamağa davam edəcək və prezidentin, eləcə də respublikaçıların reytinqini mümkün qədər gerilətməyə çalışacaqlar. Əgər demokratlar Nümayəndələr Palatasını nəzarətə götürərsə, Trampa qarşı impiçment məsələsi gündəmə gətiriləcək.
ABŞ-dəkı prezident və Konqres seçkilərinin nəticələri şübhəsiz ki, sırf bu ölkə ilə məhdudlaşan lokal bir hadisə deyil, bütün dünyaya təsir göstərən qlobal əhəmiyyətli prosesdir. Azərbaycan hakimiyyəti də ABŞ daxili siyasətini diqqətlə izləyir və orada baş verənləri, yaxud baş verəcəyi ehtimal olunan hadisələri öz siyasətində nəzərə alır. Məsələn, Azərbaycanda 2023-cü ilin sonlarında başlayan repressiya dalğası sabiq prezident Co Baydenin nüfuzunun azaldığı və onun anlaqsız vəziyyətə düşdüyünə dair əlamətlərin çoxaldığı dövrə təsadüf etmişdi. ABŞ-də aparılan bütün sorğular göstərirdi ki, Baydenin 2024-cü il seçkilərini qazanmaq şansı qalmayıb və respublikaçıların namizədi Tramp böyük ehtimalla qalib gələcək. (Son anda Bayden namizədlikdən Harrisin xeyrinə imtina etsə də, vəziyyət dəyişmədi).
Görünür, məhz Trampın qələbəsini gözlədiyi üçün İlham Əliyev ABŞ dövlət katibi Blinkenin siyasi məhbusların azadlığa buraxılması ilə bağlı çağırışlarını, xahişlərini qulaqardına vuraraq həbsləri davam etdirdi. Demokratların hakimiyyətdən gedəcəyinə inanan Əliyev Bayden administrasiyasını ciddiyə alnmırdı. O, seçki ərəfəsindəki çıxışlarının birində Trampın qələbəsinə inandığını açıq söyləmişdi. Əliyev 2025-ci ilin iyulunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Trampa dəstəyinin səbəbini belə izah etmişdi ki, “o da bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşür”...
Qərb liberal çevrələri (ABŞ demokratları başda olmaqla) Azərbaycanda rəsmi təbliğat tərəfindən hər zaman ermənipərəst qüvvə olaraq damğalanıb. İnsan hüquq və azadlıqlarının təminatına, demokratik respublikaçılığa əsaslanan liberal dəyərlər isə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yad dəyərlər kimi təqdim olunub.
Ümumiyyətlə, dünyadakı bütün avroritar rejimlər və diktaturalar özünü ənənəvi dəyərlərin, xüsusən ailə institutunun qoruyucusu kimi təqdim edir. Bunların arasında hətta öz ailəsini dağıtmış, nikahdankənar əlaqələri və övladları olan avtokratlar, diktatorlar da var. Bu tip liderlərin milli-mənəvi dəyərlərdən yapışması təsadüf deyil, onlar bu məsələdən legitimlik mənbəyi kimi istifadə edirlər. Cəmiyyətə davamlı olaraq bu fikir aşılanır ki, “xarici qüvvələr milli adət-ənənələrimizi, dinimizi, əxlaqımızı əlimizdən almaq, ailələrimizi dağıtmaq, bizi homoseksullığa vadar etmək istəyirlər, əgər onlar istədiklərinə nail olsalar, ənənəvi evlilik aradan qalxacaq, kişilər və qadınların yalnız öz həmcinsləri ilə ailə qurmasına icazə veriləcək”.
Daxildə rejimin sərtləşdirilməsi, müxaliflərə qarşı repressiyalar aparılması da məhz həmin gözəgörünməz xarici düşmənə qarşı mübarizə tədbirləri ilə əlaqələndirilir. Həbs olunan müxalif siyasətçilər, aktivistlər, jurnalistlər o qüvvələrə xidmət edən, onlardan pul alan vətən xaini, casus və cinayətkar kimi ictimaiyyətə təqdim edilir. Xalqa mesaj verilir ki, “əgər bu tədbirləri görməsək, vətən, namus-qeyrət əldən gedəcək”. Bir növ, xalqla ictimai müqavilə bağlanır ki, biz sizin ailənizi və müqəddəs saydığınız dəyərləri mühafizə edəcəyik, siz isə öz növbənizdə sözəbaxan olun, sakit oturun, başqa heç nə tələb etməyin. Bir yalanı davamlı şəkildə - aylarla, illərlə təkrarlayanda ona inananlar tapılır. Azərbaycanda da həmin sərsəm fikirlərə inanan, LGBTQ+ abreviaturasından ürkən və iyrənən kütlə var, təbliğat məhz onların arasında “ayaq tutub yeriyir”.
Təkrar Trampın Epşteyn qalmaqalındakı roluna qayıdaq. Azərbaycan hakimiyyətinə yaxın media orqanları Epşteyn mövzusuna dair xəbərlər yaysa da, bu məsələyə selektiv yanaşır. Belə ki, konkret Tramp haqqında iddialar diqqətdən kənarda qalır. Əksinə, Trampın bu məsələyə aidiyyəti olmadığı, hətta onun bu gizlinlərin açıqlanması uğrunda mübarizə apardığı haqda xəbər başlıqları nəzərə çarpır. Eyni zamanda, keçmiş demokrat prezident Bill Klintonla bağlı iddialara geniş yer verilir. Belə bir rəy yaratmağa çalışırlar ki, əxlaqıszlıq edənlər məhz demokratlardır. Milyardlarla auditoriyası olan ABŞ və Avropa mediasının yayımlarının fonunda Azərbaycan hakimiyyətinin Trampın imicini müdafiə etməyə çalışması gülünc görünür. Trampı pedofil adlandırmaq yanlış ola bilər, ona görə ki, bu barədə hələ məhkəmə tərəfindən təsdiqlənmiş bir ittiham yoxdur. Amma bu şəxsin ailə dəyərlərinə sadiq, əxlaqlı biri olmadığı aydın məsələdir.
Qeyd: Yazıdakı fikirlər müəllifin mövqeyini əks etdirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Ramiz Mehdiyev işi”: DTX-nin videosunda ittiham olunan müxaliflər iddialara necə cavab verdi?
Foto/kollaj: Toplum TV
Foto: Armenpress
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb