Ermənistan rəsmisi: ABŞ və Ermənistan “Tramp marşrutu”ndan məsul şirkətin səhmlərini bölüşəcək
Foto: president.az
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İranın “IRNA” agentliyinə müsahibəsində “Tramp marşrutu"ndan məsul olacaq şirkətin səhmlərinin Ermənistan və ABŞ tərəfindən bölüşdürüləcəyini deyib.
O əlavə edib ki, sözügedən şirkət Ermənistanda qeydiyyatdan keçəcək.
Nazir müavini şirkətin konkret hansı işlərdən məsul olacağını açıqlamayıb.
“Amma bu, regionda Amerika təhlükəsizlik qüvvələrinin mövcudluğu demək deyil. Biz başa düşürük ki, bu, İran tərəfinin əsas narahatlıqlarından biridir və mənim fikrimcə, bu məsələ artıq həll olunub”, - Kostanyan vurğulayıb.
Nazir müavini 12-13 avqust tarixlərində İrana səfər edib və İran xarici işlər naziri Seyid Abbas Ərağçı, İran Ali Liderinin xarici siyasət üzrə müşavirləri Kamal Xərrəzi və Əli Əkbər Vilayəti və İran prezidentinin siyasi müşaviri Mehdi Sanai ilə görüşlər keçirib.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) pres-rilizində bildirilir ki, görüşlər zamanı Kostanyan İranın Ermənistan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipinə dair dəyişməz və açıq mövqeyinin yüksək qiymətləndirildiyini” vurğulayıb, həmçinin Ermənistanın da öz növbəsində “İranın həyati maraqlarını nəzərə aldığını” təsdiqləyib.
Daha öncə ABŞ-nin “Fox News” telekanalına müsahibə verən Ermənistan baş naziri Nikol Paşinyan “Tramp marşrutu"nun İran üçün də faydalı olacağı fikrini irəli sürüb.
“Bu razılaşmalar həyata keçirildikdə, İran Fars körfəzindən Qara dənizə dəmir yolu ilə çıxış imkanı əldə edəcək və Rusiya ilə İran arasında dəmir yolu bağlantısı qurulacaq. Əgər razılaşmanın iqtisadi tərəfinə diqqət yetirsək, təkcə Ermənistan, Azərbaycan, ABŞ, Türkiyə deyil, həm də Rusiya və İran çox mühüm faydalar əldə edəcəklər,” – o bildirib.
Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur.
Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”, - deyə qeyd olunub.
ABŞ prezidenti Donald Tramp isə birgə mətbuat konfrasında deyib ki, Ermənistan marşrutun 99 illiyə ABŞ-yə icarəyə verilməsinə razı olub.
İran prezidenti Məsud Pezeşkian “TRIPP”-lə bağlı ölkəsinin “yeganə narahatlığının” yolun ABŞ şirkəti tərəfindən tikilməsi olduğunu desə də, İran ali lideri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bu mövzuda daha sərt çıxış edib. O bildirib ki, İran marşruta qarşı çıxacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Ağ Ev
Foto: Alexander Astafyev/POOL/TASS
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"