Siyasət

Hacı Vəliyev Ülviyyə Əliyə: "Qazilərin haqqı tanınmır" 

25 Avqust, 2025
233

Foto: sosial media

Həbsdə olan ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev həbsdə olan jurnalist Ülviyyə Əliyə (Quliyeva) müsahibə verib. 

"Abzas Media"nın dərc etdiyi müsahibədə Vəliyev həbsinin səbəblərindən danışıb. 

O, müharibə veteranlarının hüquqlarını müdafiə etdiyinə görə həbs olunduğunu deyib. 

"Məni ictimai fəaliyyətimə görə, hökumətin qazilərə ögey münasibətini ifşa etdiyimə görə həbs ediblər. Qondarma ittihamlarla saxlanmışam. Buna etiraz olaraq aclıq elan etmişdim. Özümü yaxşı hiss etmirdim. 26 iyunda – Silahlı Qüvvələr Günündə karserə salındım. Dörd gün ərzində karserin "starşina"sı kiçik gizir Tural adlı şəxs mənə qarşı zorakılıq etdi. Orada olduğum hər gün mənəvi əzab, işgəncə verdilər. Başım yaralandı, şişlər hələ də qalır”, - o qeyd edib. 

Vəliyev həbsinin onun üçün gözlənilməz olmadığını bildirib. 

“Haqq-ədaləti tələb etdiyim üçün bilirdim ki, bir gün saxta ittihamlarla məni həbs edəcəklər”, - o vurğulayıb. 

“Müharibədən sonra islahatlar olacağını düşünürdük, amma tam əksi oldu. Qazilərə və veteranlara haqq etdikləri qayğı göstərilmədi. Hökumət üçün heç bir dəyər yoxdur. Şəhid ailəsi, qazi, veteran və yaxud sıravi vətəndaş fərqi yoxdur, kim tənqid edirsə, həbs olunur”, - fəal əlavə edib. 

Saxlanma anını təsvir edən Vəliyev deyib ki, dərman almaq üçün evindən çıxarkən polisləri onu yoldan oğurlayıb. O, irəli sürülən ittihamları saxta adlandırıb. 

Müharibədən sonra səhhətinin pis olduğunu və bir gözünü itirdiyini deyən Hacı Vəliyevin sözlərinə görə, digər gözü cəmi 3 faiz görür. O əlavə edib ki, həbsdə olduğu müddətdə ona heç bir tibbi yardım göstərilməyib və nəticədə  vəziyyəti daha da ağırlaşıb. 

“2018-ci ildə hərbi xidmətdə olarkən mədə-bağırsağımda xroniki xəstəlik aşkar edilib. İldə 3 dəfə müayinə və müalicə alırdım, yaralı gözümlə bağlı Göz İnstitutunda mütəmadi müayinə olunurdum. Olmayan gözümdən mütəmadi çirk gəldiyindən daimi həkimlərin köməyindən istifadə edirdim. Həbs ediləndən heç bir müayinə və müalicə olunmamışam. Heç bir xahişim, istəyim yerinə yetirilməyib. Tibbi dəstək olunmayıb. Həbsdən sonra gözlərimdə və mədə-bağırsağımda ağrılar şiddətlənib”, - deyə o şikayətlənib. 

Hacı Vəliyev həbsindən sonra sədri olduğu “Gənc Qazilər” İctimai Birliyinin fəaliyyətini dayandırmasının ona aydın olmadığını da deyib. 

“Birliyi 2021-ci ildə yaratmışdıq. Mən həbs ediləndən sonra vəzifəmi başqa bir şəxs icra edirdi. Amma daha sonra təşkilat üzvləri mənə xəbər vermədən İB-ni buraxmaq qərarı veriblər. Bu addımı Dövlət Təhlükəsizlik Xidməti və polisin təzyiqi ilə atdıqlarını eşitmişəm. Telefonlarıma cavab vermirlər. Nə baş verdiyini bütün ictimaiyyətdən gizlədirlər, qorxaqlıq edirlər. Bir daha bildirirəm ki, “Gənc Qazilər” siyasi təşkilat deyil. Siyasi təşkilat Azərbaycan qanunvericiliyində öz əksini tapır. Bizim fəaliyyətimiz, adından göründüyü kimi, qazilərin, veteranların müharibədən sonra cəmiyyətə adaptasiya olunması, yaralıların düzgün müayinə və müalicə edilməsi, maddi və sosial durumlarının yaxşılaşdırılması, hüquq və mənafelərinin qorunması istiqamətində dəstək olmaqdır”, - o qeyd edib. 

Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, "ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə" görə həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həyat yoldaşı: "Azər Qasımlının qaldığı 4 nəfərlik kamerada 6 nəfər saxlanılır, biri Hepatit C xəstəsidir"

11 May 2026

Sosial media

Həbsdə olan müxalif siyasətçi Azər Qasımlının saxlanıldığı Umbakı Pentensiar Kompleksində məhbusların saxlanma qaydalarının pozulduğu bildirilir.  Bu barədə onun həyat yoldaşı Samirə Qasımlı sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, A.Qasımlının saxlanıldığı kamera 4 nəfər üçün nəzərdə tutulsa da, kamerada 6 nəfər saxlanılır, onların biri isə "Hepatit C" xəstəliyindən əziyyət çəkir.  "Azər şəxsən müraciət etmişdi ki, bu adamın ayaqları şiş vəziyyətində (qanqrena əlamətləri) olduğu üçün təcili xəstəxanaya yerləşdirilməlidir və müalicə olunmalıdır. Bundan sonra xəstə məhbus Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldü. Lakin bir həftədən sonra, məhbusun dediyinə görə, baş həkimin xəbəri olmadan müalicəsi yarımçıq saxlanılaraq rəisin göstərişi ilə o, yenidən Umbakıya...
Siyasət

AP-də Azərbaycanla bağlı dinləmə: “Avropa Şurasına üzvlük Azərbaycana mətbuat azadlığını qoruma öhdəliyi yaradır”

8 May 2026

açıq mənbə

Mayın 7-də Avropa Parlamentinin İnsan hüquqları altkomitəsində Azərbaycanda insan hüquqlarına dair vəziyyətlə bağlı dinləmə keçirilib.  Dinləmədə çıxış edən hüquq müdafiəçisi Səməd Rəhimli Azərbaycanda siyasi müxalifətə qarşı yeni cinayət işlərinə nümunə olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin dövlət çevrilişinə cəhd ittihamı ilə həbsini və mühacirlərə qarşı hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə açılan cinayət işlərini göstərib.  "Azərbaycan hakimiyyəti Cinayət Məcəlləsini müxtəlif cür şərh etməklə qanunları siyasi müxalifətə qarşı öz əlində silaha çevirir. Jurnalistlərə qarşı isə maliyyə ilə bağlı cinayətlərlə əlaqəli ittihamlar irəli sürülür", - o qeyd edib.  Daha sonra çıxış edən "Qəzetçi" nəşrinin baş redaktoru Leyla Mustafayeva isə...

Seçilmiş Videolar

Toplum TV loqo