Siyasət

Həbsxanada ölən İKT eksperti: “Cibimə narkotik qoyub dedilər ki, təkzib etsən, həyat yoldaşını da tutacağıq” 

21 May, 2026
591

Sosial media

Bu ayın əvvəlində saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat edən informasiya və kommunikasiya texnologiyaları (İKT) eksperti İlqar Əliyevin səs yazısı yayılıb. 

“Abzas Media”nın ictimailəşdirdiyi səs yazısında ekspert həbsinin təfərrüatlarını danışıb, şərləndiyini deyib. 

İ.Əliyevin sözlərinə görə, 2023-cü ilin dekabrın 13-də polislər tərəfindən saxlanılıb və Nəsimi Rayon Polis İdarəsində onun cibinə narkotik maddə qoyulub. 

“Bunun mənim olduğunu etiraf etməyim üçün ailəmlə təhdid etdilər. Dedilər ki, qoyulan maddənin sənin olduğunu təkzib etsən, onda ailəni, həyat yoldaşını gətirəcəyik, ya da evindən tapacağıq, yalançı hal şahidləri gətirəcəyik desinlər ki, bu, həqiqətən sənindir”, - o bildirib. 

“Abzas Media”nın əldə etdiyi məhkəmə sənədlərinə əsasən, müdafiə tərəfi iddia edib ki, İ.Əliyevdən cibinə narkotik maddə qoyulduqdan 2-3 saat sonra onu çıxarması tələb olunub. 

“Həmin bükümü çıxardıqda içərisindəki narkotik tərkibli maddə masanın üzərinə dağılıb, bu vaxt əməliyyatçılardan biri digərinin üzərinə qışqırıb, “niyə bunu pis bağlamısınız?” deyə soruşub. Yapışqan lentlə büküm yenidən bağlandıqdan sonra polis əməkdaşları onu İlqar Əliyevin gödəkcəsinin cibinə qoyub. Ona videoçəkilişdə içərisində həmin bükümü çıxarmadığı təqdirdə, hal şahidlərinin iştirakı ilə bunu edəcəkləri  söylənilib. Videoçəkiliş 2 dəfə aparılıb”, - sənəddə qeyd olunur. 

İ.Əliyev daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb. O, səs yazısında burada da hüquqlarının pozulduğunu vurğulayıb.

“Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları özləri ifadəni mənim adımdan tərtib etdilər. Təhrif olunmuş şəkildə bir-bir sənədləri köçürdülər, psixoloji şiddətlə oxumağıma imkan verməyib imzalatdırdılar. İfadəmi özüm yazmadım. Burada da fundamental hüquqlarım pozuldu. Belə ki, prosessual sənədlər olan şübhəli şəxsin, təqsirləndirilən şəxsin dindirilməsi protokollarını saxtakarlıqla tərtib etdilər, amma bu zaman onların öz tutduqları vəkil yanımda olmadı. Bunu daha sonra müstəntiq axtarışa gedən zaman avtomobilin “kapot”u üzərində imzalatdırdı. Tanışlarım olan vəkilləri mənim müdafiəmə buraxmadılar”, - o qeyd edib. 

Məhkəmə sənədində müdafiə tərəfi həm də iddia edir ki, İ.Əliyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı zaman çayına psixotrop maddə qatılıb. 

“Həmin gün İlqar Əliyevi mülki geyimdə olan polis əməkdaşı xidməti otaqlardan birinə aparıb əyləşdirib. Orada ona çay verilib. Otaqda 3-4 nəfər əməkdaş olub, həmin şəxslərlə söhbət etməyə başlayıb. Ona verilən çay stəkanında limon dilimi olub, digər stəkanlarda isə olmayıb. Qarşısına stəkanda qoyulan çayı yarıya qədər içib, daha sonra bir daha çay süzdükdə həmin çayı içməyib. İçdiyi çay spesifik dad və ətirə malik olub. Daha sonra müvəqqəti saxlama yerinə qaytarılıb. Orada baş gicəllənmələri olduğundan çarpayıya uzanıb, 7-8 dəfə üşütmə və istilənmə olub, hər bir saatdan bir ayaqyoluna getməyə başlayıb. Növbəti gün onu polis əməkdaşları Maştağa qəsəbəsində yerləşən ekspertizaya aparıb. Orada ondan götürülən nümunələrdə psixotrop maddə aşkarlandığı bildirilib”, - məhkəmə sənədində qeyd olunub. 

İ.Əliyev məhkəmədəki ifadəsində həbsinin əsl səbəbini müstəqil media nümayəndələrinə ekspert kimi keçdiyi təlimlərlə əlaqələndirib.  

“Yəni, məni psixotrop maddə istifadəçisi kimi, satışı ilə məşğul olan şəxs kimi rəsmiləşdiriblər saxtakarlıqla, saxta sübutlarla. 8 gün mən Baş Mütəşəkkilin zirzəmisində qaldım. Amma 8 gündə bir dəfə də mənə bu barədə sual verilmədi. Əsas suallar mənim peşəkar fəaliyyətim, təlimlərim, kimə təlim keçmişəm, necə təlim keçmişəm – hamısı bu barədə oldu. Bir İKT meneceri olaraq heç vaxt ağlıma gəlməzdi ki, kiməsə təlim keçməyə görə və yaxud da təlimçi olmağa görə həbs edərlər”, - mərhum ekspert bildirib. 

İ.Əliyev səs yazısında saxlanıldığı gündən etibarən 8 ay ərzində ailəsi və övladları ilə nə görüşə, nə də telefonla danışa bildiyini qeyd edib. 

İ.Əliyev 2025-ci il yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, əvvəlcə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Sonradan ona qarşı ittiham Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma) tövsif edilib.

Bu ilin martında Ali Məhkəmə İlqar Əliyevin şikayətini qismən təmin edərək həbs müddətini 4 ildən 3 ilə endirmişdi.

Hökumətyönlü mediada yayılan xəbərlərdə İlqar Əliyevin xəstəlik səbəbindən öldüyü qeyd olunub. Ədliyyə Nazirliyindən verilən ilkin açıqlamada ölümün səbəbi kimi kəskin ürək-damar çatışmazlığı göstərilib.

Amma yaxınları deyir ki, onun həbsxanada səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həbsdə olan jurnalist Ülviyyə Əlinin İtaliyada kitabı nəşr olunub

14 Oktyabr 2026

sosial media

“MeydanTV” işi üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) İtaliyada kitabı dərc edilib.  Bu barədə jurnalistin yaxınları sosial mediada məlumat yayıblar. Məlumata görə, İtaliyanın Turin universitetində Ülviyyə Əlinin italyan dilində "La mia voce non si arresta" (“Səsim həbs olunmur”) kitabı dərc edilib. Kitab jurnalistin həbsxanadan göndərdiyi məktublar və verdiyi müsahibələrdən ibarət topludur. Kitabın ön sözü "Amnesty International" təşkilatının İtaliya bölməsinin sözçüsü Rikardo Nuri tərəfindən yazılıb. Ülviyyə Əli ötən il mayın 7-də “Meydan TV işi” üzrə həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, jurnalist kimi “Amerikanın...
Siyasət

Paşinyan: “Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır”

14 Oktyabr 2026

sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bu barədə oktyabrın 14-də sosial şəbəkələrdəki canlı yayımında danışıb. Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Paşinyan sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını, Ermənistanla Azərbaycanın isə bərabər ölçülü əraziləri mübadilə etməsini təklif edib. O, “Sülhün kəsişməsi” layihəsi çərçivəsində və ondan kənarda bütün yolların və kommunikasiya xətlərinin açıq olmalı olduğunu deyib. “Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç...

Seçilmiş Videolar

Toplum TV loqo