Siyasət

Hökumətyönlü media Vaşinqton etirazında "Rusiya izi" olduğunu iddia edir

25 Fevral, 2026
306

Foto: sosial media

Azərbaycanda hökumətyönlü media orqanları fevralın 19-da Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevin qaldığı hotelin önündə baş tutmuş etiraz aksiyasının arxasında Rusiyanın dayandığını iddia edən yazılar dərc edib. 

Həmin aksiya ABŞ-də yaşayan azərbaycanlı fəallar tərəfindən keçirilmiş və Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılması tələb olunmuşdu. Aksiya zamanı çəkilmiş kadrlarda prezidentin mühafizəçilərinin iştirakçılara qarşı zor tətbiq etdiyi görünürdü.

Fevralın 23-də APA informasiya agentliyi aksiya iştirakçılarının adlarını dərc edib və onların bəzilərinin Rusiya vətəndaşı olduqlarını və bu ölkənin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunduqlarını iddia edib. 

Məqalədə 2024-cü ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğraması və Rusiya Dumasının bəzi üzvlərinin Azərbaycana qarşı verdiyi bəyanatlara da istinad olunub, bu hadisələr və etiraz aksiyası arasında əlaqələr olduğu iddia olunub. 

"Nəticə etibarilə, AZAL insidenti ilə başlayan proseslər informasiya, siyasi ritorika, kiber müdaxilə və xarici platformalarda təşkil olunan aksiyalarla müşayiət olunan çoxsəviyyəli təzyiq modelinə çevrilib. Hadisələrin bu konfiqurasiyası regionda davam edən strateji rəqabətin yeni fazaya keçdiyini göstərir və mövcud dinamikanın yalnız siyasi deyil, həm də təhlükəsizlik prizmasından sistemli təhlilini zəruri edir. Bu kontekstdə Rusiyanın Azərbaycana qarşı apardığı siyasət, atdığı addımlar Moskvanın bəd niyyətlərindən xəbər verir", - yazıda qeyd olunub. 

Digər hökumətyönlü saytlar və televiziyalar da yazıda yer alan iddiaları tirajlayıb. 

"Toplum TV"-yə danışan aksiya iştirakçılarından Rəhim Yaqublu iddiaları rədd edib və "absurd və gülünc" adlandırıb. 

Sözügedən məqalədə R.Yaqublunun Azərbaycanda yaşadığı müddətdə 8 dəfə Rusiyaya gedib-qayıtdığı yazılıb. 

R.Yaqublu açıqlamasında Rusiyadakı "diktatura rejiminə" də qarşı olduğunu və bu ölkənin Ukraynada apardığı müharibədə Ukraynanı dəstəklədiyini bildirib. 

"Azərbaycan xalqının 80-90%-i Rusiyaya gedib-gəlir, 100%-inin də Rusiyadakı qohum-əqrəbaları ilə əlaqəsi var. Onda belə çıxır ki, xalqımızın mütləq əksəriyyəti Rusiya agentidir?", - o sual edib. 

Yazıda digər aksiya iştirakçılarından Adil Əmrahlının Rusiya vətəndaşı olduğu və uzun müddət bu ölkədə yaşadığı qeyd olunub. 

A.Əmrahlı "Toplum TV"-yə açıqlamasında 2011-ci ildə Rusiyaya getdiyini və 2014-cü ildə bu ölkənin vətəndaşlığını aldığını təsdiqləyib. 

"Həyatımın böyük bir hissəsi Rusiyada keçib. Azərbaycanda qazanc tapa bilmədiyim üçün müxtəlif işlərdə çalışmışam - taksi sürmüşəm, ticarətlə məşğul olmuşam, kafedə və mağazada işləmişəm. Heç vaxt heç bir dövlət qurumu, hakimiyyət və ya siyasi strukturla bağlılığım olmayıb", - o deyib. 

O da Rusiya hakimiyyətinin əleyhinə olduğunu və Ukraynanı dəstəklədiyini bildirib. 

"Mənim və ailəmin heç vaxt hansısa agentura, xüsusi xidmət orqanı və ya polis strukturları ilə əlaqəsi olmayıb. Atam həm Rusiya, həm də Azərbaycan vətəndaşıdır, adi fəhlədir, Rusiyada çalışır və ildə bir dəfə Şəkiyə gəlib istirahət edir. Pasportumdakı möhürlər, müxtəlif ölkələrə səfərlərim və bu gün Amerikada yaşamağım mənim Azərbaycanı sevmədiyim anlamına gəlmir. Əksinə, azad yaşamaq və fikirlərimi sərbəst ifadə edə bilmək üçün bu yolu seçmişəm. Azərbaycanda bu düşüncələrlə açıq şəkildə mövqe bildirməyin çətin olduğunu düşündüyüm üçün bu gün Amerikadayam", - o əlavə edib. 

Yazıda adı çəkilən digər aksiya iştirakçısı Bəxtiyar Abbasov isə ittihama ironiya ilə cavab verib. 

"Əlbəttə ki, mən Rusiya agentiyəm, çünki mən xalqın 300 milyard dollar neft pulunu oğurlamışam, Tərtər qətliamını törətmək əmrini mən vermişəm, quru sərhədləri mən bağlamışam, qazilərin intihar etməsinin də, xalqın rəzil gündə olmasının da səbəbkarı mənəm", - o deyib. 

"Azərbaycanda hakimiyyəti zəbt edən, xalqın səsi ilə seçilməyən, Rusiyanın "cocuq"ları haqq sözünü deyənlərə rus agenti deyir. Bu, faciədir", - B.Abbasov əlavə edib. 

Fevralın 19-da Qəzza Sülh Şurasının ilk toplantısında iştirak üçün Vaşinqtonda olan İlham Əliyevin qaldığı hotelin önündə etiraz aksiyası keçirilib. Əliyevin mühafizəçiləri aksiyaçılara qarşı zorakılıq göstərib. Onların bir neçəsi yüngül xəsarət aldıqlarını və paltarlarının cırıldığını bildirib. 

Vaşinqton prokurorluğu insidentin araşdırıldığını deyib. Azərbaycanın ABŞ-dəki səfirliyi isə hadisəni "təxribat" adlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo