Siyasət

İşçi hüquqları fəalının cərimə kamerasına salındığı deyilir

3 İyul, 2026
126

Fərqanə Novruzova

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına ("kars") yerləşdirildiyi bildirilir.
Bu barədə onun yaxınları iyulun 2-də məlumat yayıblar.

Onların sözlərinə görə, Elvin Mustafayev iyunun 30-da cərimə kamerasına salınıb və buna etiraz olaraq iyulun 1-dən aclıq aksiyasına başlayıb.
Yaxınlarının bildirdiyinə görə, Mustafayevin cəza müddətinin başa çatmasına təxminən 40 gün qalıb. Onlar iddia edirlər ki, penitensiar müəssisənin rəhbərliyi onu məqsədli şəkildə təxribata çəkməyə çalışır.

İddialarla bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Elvin Mustafayev daha əvvəl də cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən hədələndiyini bildirmişdi. Onun sözlərinə görə, müəssisənin rejim rəisi Samit Qafarov onu əlavə cinayət işi açılacağı ilə hədələyib. Mustafayev iddia edirdi ki, buna səbəb siyasətçi Tofiq Yaqublunun səhhətinə göstərilən laqeyd münasibətə etiraz etməsi olub.

Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il yanvarın 31-də çıxardığı hökmə əsasən, o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Mustafayev ittihamı qəbul etməyib və cinayət təqibini "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasındakı fəaliyyəti ilə əlaqələndirib.

2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü - sədr Afiəddin Məmmədov, eləcə də Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların siyasi motivli və qurama olduğunu bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo